YELİN QİSASI


YELİN QİSASI

Əziz dostum, dağlar oğlu, gözəl cərrah
Sabir Həbibovun söylədiyi
əhvalatın motivləri
əsasında qələmə alınır

İndi o yerlərdə çaqqallar ulaşır. Arabir səhərin alatoranında uzaqdan dərələrin dibindən bir mələrti səsi gəlir. İnadkar ac uşağın ağlamasını xatırladan südəmər buzov mələrtisi.

İki nəslin arasındakı ədavətin nədən başladığını indi heç kim xatırlamır. Ədavətin başlanması zamanı həyatda olanların hamısı dünyasını dəyişib, qismən cavan olanların da min bir fərziyyəsi var. Biri deyir toyda düşən davadı iki nəsli qanlıbıçaq edən, o biri deyir taxıl biçinində bir tərəfin adamı o birinin malına xor baxıb, üçüncüsü deyir bir tərəfin istədiyi qızı o biri tərəf qızın öz əmisioğluna verib. Xülasə, nə qədər “şahid” varsa, on o qədər də ədavət səbəbi sadalanır. Amma son hadisələri bilənlərin danışdıqları adamın damarda qanını dondurur.

Əliquluoğulları Məşədi Kazımuşağına bu dəfə daha ciddi dərs verməyi qərara almışdı. Əliquluoğullarının qabaqda gedəni Ənnağı kişinin böyük oğlu aşağıkəndlilərin ağsaqqalı Hətəm kişinin mal-mülkünə od vurub yandırmaq, balaca uşaqları qışqabağı çölə tökmək istəyirdi. Bu arada yanındakı körükçülərdən kimsə gözlənilməz təklif elədi:
–Ənnağının yaxşı cins düyəsi var. Bu yaxında da balalayıb. Öyrəli gördüm, düyənin iri yelinnəri var, çoxlu süd verir şəksiz. Elə o yelinləri kəssək yetər.

Bunu deyən adamın üzünə belə baxmaq istəmədi Fərmayıl. Nə qədər düşmənlərlə haqq-hesab çəkmək istəsə də bu təklif tüklərini ürpətdi. “Nə istəyirsiz eləyin” deyib uşaqlardan aralandı, amma belə bir “cəzanın” yaxşı şey vəd eləmədiyi fikri ağlını çox qarışdırdı.

Ertəsi gün inəyi sağmağa gələn Fatma xala anasını əmməyə can atan körpə buzovun çatısını zorla saxlayıb tövləyə girəndə başı hərləndi. Qaşqa düyə qanlar içində can verir, yelin yerindən sud qarışıq qan axırdı. Buzov çatının boşalmasını hiss edən kimi anasının məmələrinə cumdu. Ölüm ayağındakı düyənin yelinini burnu ilə dümsükləyib məmələri tutmağa çalışdı. Fatma arvad yerə yıxılmaqdan özünü güclə saxladı. Birtəhər buzovu geri çəkib çatını axırın dirəyinə ilişdirdi. Ağız-burnu qana bulaşmış buzov dartınır, sanki anasının onu görəndə hər dəfəki kimi başını yalamamasından, nəvazişlə mələməməsindən cırnayıb nalə çəkirdi.

Fatma xalanın çölə çıxması ilə qıyya çəkib qışqırması bir oldu:
–Bunu eləyən, əlin qurusun, Allah səni də bala imtahanına çəksin,–dedi.
Qonum-qonşu tökülüb gəldi. Tövləyə girən başını tutub çıxırdı. Düyə son nəfəsini yaşayırdı. Kimsə bıçaq istədi, kəsək, dedi, tələf olmasın. Fatma xala izin vermədi. Mən o zahı heyvana bıçaq vurdurmaram, dedi. İncitməyin. Az keçmədən düyə canını tapşırdı.

Fatma xala o buzovu nə zülümnən böyütdüsə onu bir Allah bilir. Uşaqların ağartısız qalması bir yana, buzov uşaqlardan betər oldu. Qonşuların uşaqlara gətirdiyi südün yarısından çoxunu buzova verirdi. Yavaş-yavaş dananın dırnaqları bərkidi və üç ayı tamam olana qədər Fatma xalanın arxasınca anasının dalınca gedən kimi gəzdi.

Əliquluoğullarının cinayəti təkcə kəndi yox, bütün Kəlbəcər-Laçın-Qubadlı oymağını sarsıtmışdı. Aşağı kəndin cinayət törədilən yeri də “yelinkəsilən” adı almışdı. Yaxın kəndlərin ağsaqqalları yığışıb bu hüsumətə son qoymağın yollarını axtarırdılar. Düşmənçilik də əslində səngimişdi. Məşədi Kazımuşaqları qorxaq tayfa deyildi. Amma son cinayətin şəkli onların əl-qolunu bağlamışdı. Güləşmək, dalaşmaq, hətta bıçaq-tüfəng davasına çıxmaq da onlar üçün adi şeydi. Südəmər heyvanın yelinini kəsib düşmənçilik edənlərlə bir tərəziyə çıxmaq hamıya ağır gəlirdi. Ənnağı kişi də olanları eşidib yatağa düşmüşdü, Fərmayılı da az qala oğulluqdan çıxarmağa belə hazır idi. Düşmənçilik də mərdlik istər, deyirdi Ənnağı kişi, biabır elədiniz məni el içində.

İşə çarə axtaranlar iki nəsli barışdırmaq üçün yüzillərin sınağından çıxmış yola baş vurdular. Dedilər ki, bu nəsillər qohum olmalı, qız alib, toy eləməlidirlər. Aylarla çəkən məsləhətləşmədən sonra Məşədi Kazımuşağının nəslindən bir gözəl qızı Əliquluoğullarından bir gəncə nişanladılar. Əslində gənclər bir-birini sevirdilər, barışığa bəhanə olmaları da hamının ürəyindın olmuşdu.

Tərəfləri yola gətirmək, toy hazırlığı, elçi, nişan, xınayaxdı, parçakəsdi mərasimləri il yarımdan da cox vaxt apardı. Nəhayət, bir payız gününə toy təyin olundu. Arada keçmiş ədavətin havası vardı deyə, toyda pəhləvan yarışmasına, güləşə izin vermədilər. Hər iki tərəfin adamları can-başla hazırlıqlarda iştirak edir, kimi mağar qurur, kimi toy samavarı, mis qazanlar dasıyır, kimi odun doğrayır, kimi manqal yeri düzəldirdi. Hamı toya dəvətliydi. Zarafat döyül, iki ağır nəslin, kim bilir hansı sərsərilikdən başlanmış ədavəti sona çatırdı. Sabah bütün qonaqları yedizdirə bilmək üçün ət tədarükünü bu gündən görmək lazımdı. Fatma xalanın öküzü də dillər əzbəri olmuşdu. Öküzə nə qədər əziyyət çəksə də barışıq məclisinə istənməsi yumşaldtı Fatma xalanı. “Mənim gözümün qabağında kəsməyin,”– dedi, doluxsundu, göyəmi çıtmasının ucunu gözünə tutub evın yan tərəfinə çəkildi.

Öküzü aparmağa üç-dörd cavan gəlmişdi. Təzə bəy də onların arasındaydı. Uzun çatı ilə öküzə yaxınlaşdılar. Fatma xaladan başqa insan oğluna yaxınlıq verməyən öküz hirslə quyruğunu qaldırıb qaçdı. Cavanların hərəsi bir yandan hərlənib öküzü ortalığa salmağa çalışdılar. Çatı sabah bəy olacaq ucaboy, enlikürək, yaraşıqlı oğlanın əlindəydi. Yaxınlaşıb düzəltdiyi ilməni öküzün buynuzlarına, ya da boğazına salmağa çalışdı. İlmənin bir tərəfi öküzün bir buynuzuna ilişdi, o birı tərəfi də burnunun altında qaldı. Təzəbəy fürsəti əldən verməmək üçün çatının bir hissəsini əlinə dolayıb bir az da yaxınlaşdı. Adamların hər tərəfdən yaxınlaşdığını görən öküz təzəbəyin ətrafında ani dövrə vurub yerindən götürüldü. Gözlənilməz sıçrayış təzəbəyin ayaqlarını yerdən üzdü. O biri gənclər yaxınlaşana qədər ilməsi başında olan çatıdan qurtulmağa çalışan öküz təzəbəyi belinə dolaşmış çatıqarışıq üzüaşağı dərəyə tərəf sürüməyə başladı. Bir göz qırpımında cüssəli oğlan yumaq kimi yuvarlandı, o daşdan-bu daşa çırpıldı. Öküz sanki onqat güc almış kimi çatının o başındakı ağırlığı hiss etmir, dəlicəsinə qaçırdı. Hamı qışqırır, dananı saxlamağa, cavanı qurtarmağa çalışır, amma danaya çata bilmirdi. Dərənin aşağı üzündən bir adam çıxdı. “Hoha-hoha” deyib öküzün səmtini dəyişdi. Öküz yan tərəfə qaçanda təzəbəyin dolaşığı açıldi və öküz yüngüllük hiss edib şıllaqlayaraq daha surətlə qaçıb ağaclarin arasında gözdən itdi. Adamlar təzəbəyin yanına gələndə o artıq nəfəs almırdı.

…Öküzü bir neçə gün sonra qonşu kəndin çobanı qabağına salıb kəndə gətirdi. Kənd camaati toy üçün hazırlanmış mağar yerində təzəbəyin üçünü verirdi.

Fatma xala havalanmışdı. “Bu, o südü qana bulaşmış yelinin qisasıdı” deyə-deyə belədən-belə dolaşırdı.
Arabir uzaqdan uşaq ağlamasına bənzəyən buzov mələrtisi eşidilirdi.

Cəfər Sadıq, Moskva
18.06.2012
/Yenises.ru/


Bir cavab yazın