YUSİF, SƏNLƏ NƏĞMƏ DEYƏR TƏRTƏRİM!


 YUSİF, SƏNLƏ NƏĞMƏ DEYƏR TƏRTƏRİM!
Onun yaradıcılığı haqqında çoxdan yazmaq istəyirdim. Məndəki kitablarını bir də təkrar oxudum və nəhayət qərara gəldim. Və sərlövhəyə çıxardığım misra da bu gün qan ağlayan Tərtərin yaxınlarda eşitmək istədiyim nəğməsinə işarədi.
Yaxın dostum, istedadlı şair, “Qızıl qələm” mükafatı laureatı Yusif Hüseyn müxtəlif illərdə nəşr olunmuş “ Ömrün ətri”, “Bir parça ömür yolu”, “Ömür ağacı var, dar ağacı var”, ”Günlərin birində”, “Məndə bu dünyadan beləcə keçdim”, “Ömür bir nağıl imiş”, “Kəlbəcər ağrılı dünyamdı mənin” kimi bir-birindən maraqlı kitabların müəllifidir.

Doğrusu, Yusif Hüseyn haqqında yazı yazmaq üçün onun istənilən şeirini oxuyub fikir yürütmək, xarakterini açmaq mümkündür. Lakin bir şeirinin sehrinə düşdünmü o biri şeirləri oxumadan durmaq mümkün deyil. Onun yaradıcılığıyla tanış olduqca nə qədər həssas, kövrək, ilhamlı, təəssübkeş, yurdsevər şair olduğunu gördüm. Şairin yaradıcılığında vətən sevgisi, yurd həsrəti, bu həsrətdən yaranan ağrı- acılar, ana məhəbbəti, təbiət şeirləri, məhəbbət şeirləri mühüm yer tutur. 2004-cü ildə Bakıda nəşr olunmuş “Bir parça ömür” kitabına yazdığı ön sözdə böyük xalq şairimiz M. Araz deyir:–“…Bir neçə kəlbəcərli şair və saz-söz xiridarlarının da yaradıçılığı ilə yaxından tanışam. Deyərdim ki, İlahinin bu ulu ozan yurduna verdiyi əvəzolunmaz nemətlərdən biri də məhz burada doğulanların dilinin poetikliyi, qəlbinin və ruhunun lirik bir ümman olmasıdır!.. Yusif Hüseynin də şeirlərində mən bütöv bir Kəlbəcər obrazını, sonra isə Azərbaycan dünyasını gördüm.Yusifin şeirlərinin hər sətrində vətənpərvər bir oğulun ürəyinin döyüntüləri eşidilir…”!
Həqiqətən də Yusif Hüseyn elinə-obasına, doğma Azərbaycanına, candan artıq sevdiyi, lakin uzun illər bizim üçün əlçatmaz, ünyetməz olan həsrətiylə yaşadığımız Kəlbəcərimizə bağlı olan bir şairdir. Bəlkə yeniyetmə illərindən başlayaraq hər yerini, dərəsini, dağını – düzünü, yaylaqlarını, zümrüd meşələrini qarış- qarış gəzdiyindəndir ki, bütün yaradıcılığında Kəlbəcərin gözəlliklərini oxucunun gözü qarşısında canlandırır.

Söz yazdığım xınalı daş dəftərim,
Yol boyunca nəğmə deyir Tərtərim,
Qonağım ol, sənə heyrət göstərim,
Yorğun düşsən, duman dönər balınca,
Daşa dönüm burdan ayrı qalınca.

Yaxud:

Nəfəsində, ləşək-ləçək gül açar,
İlmələnər, çiçək-çiçək tül açar?
Bülbüllərin cəh-cəhində dil açar,
Qızılgülün yarpağında gələr yaz.

Yaxud:

Kəlbəcər! – Daşımdı, qayamdı mənim,
Kəlbəcər! – Kökümdü, mayamdı mənim,
Kəlbəcər! – Ömrümün dərd yapıncısı,
Kəlbəcər! – Gözümdə ziyamdı mənim.

Yusif Hüseyni uzun illərdi tanıyıram, ilk tanışlığımız 80-ci illərin əvvəllərindən Kəlbəcərdən başlayıb. Mən o vaxt Moskvada Ədəbiyyat institutunda təhsil alırdım, yay tətillərində evimizə, Kəlbəcərə gedirdim. O vaxt Yusif Hüseyn məndən böyük qardaşım adaşı Yusiflə bir idarədə çalışırdılar. Elə bizi qardaşım tanış elədi, dedi ki, yaxşı adamdır, yaxşı şeirlər yazır, şairdir, həm də Bəhmən Vətənoğlunun xalası oğludur. Sonra bu tanışlıq dostluğa gətirib çıxardı. Sonralar öyrəndim ki, hələ qohumluğumuz da varmış.Yusif Hüseynlə tez-tez görüşmək bizə nəsib olmasa da, yönüm Azərbaycana düşəndə vaxt tapıb zəng edirəm, görüşürük.
“Kəlbəcər ağrılı dünyamdı mənim” kitabını oxuyuram. Kitabda müəllifin müxtəlif qoşmaları, gəraylıları, təcnisləri, müxtəlif illərdə müxtəlif mövzularda yazdığı şeirləri toplanıb. Tanınmış publisist “Qızıl qələm” mükafatı laureatı Vəlyəddin Misiroğlu kitaba “Qürbət yorğanında qızınmayan şair” başlığı altında maraqlı, dolğun ön söz yazıb.
Şairin “Bir parça ömür yolu” kitabına xalq şairi Məməd Arazın, “Ömür ağacı var, dar ağacı var” kitabına isə sevimli şairimiz Məmməd Aslanın ön söz yazması da təsadüfi deyildir. Bu yazılar və təhlillər körkəmli şairlərimizin Y. Hüseyn yaradıcılığına verdikləri dəyərdir.
Şair sunilikdən qaçır, oxunaqlığı, ürəyəyatımlı şeirləriylə ruhumuzu oxşayır, belə sadə deyim tərzi onun şeirlərinn xalq arasında yayılmasına, sevilməsinə səbəb olur. “Vətəndi, ay oğul, vətəndi-torpaq”şeirində oxuyuruq:

Torpaq qorudunsa, papaq sənindi.
Yurdunda od sənin, ocaq sənindi.
Sonucda bir qarış torpaq sənindi,
Yaxşını, yamanı örtəndi, torpaq,
Vətəndi, ay oğul, vətəndi- torpaq!

İnsanın qəlbinin odu, ocağı,
Behiştin ünvanı ordan aşağı.
Cismin son gümanı, dayanacağı,
Şəhid ruhlarına kəfəndi-torpaq!
Vətəndi, ay oğul, vətəndi- torpaq!

Yolunda oğul tək yarımadınsa,
Yurdunda qurd olub qarımadınsa,
Qanın bahasına qorumadınsa,
Yağı tapdağında itəndi-torpaq!
Vətəndi, ay oğul, vətəndi- torpaq!

Onun qoşma, gəraylı və digər şeirlərində hissin, duyğunun, ağlın süzgəcindən süzülüb gəlir. Heca vəznində yazdığı şeirlərində Aşıq Alı, Aşıq Qurban, Aşıq Ələsgər, Dədə Şəmşir ənənələri özünü göstərir. Y. Hüseyn elinə, obasına, torpağına bağlı olan vətənpərvər şairdir. Vətəninin dağlarının, bağlarının, çiçəklərinin vəsfindən doymayan şair qürur hissi ilə doğma Azərbaycanını, həm də doğulub, boya-başa çatdığı Kəlbəcərini şeirlərində gözəl poetik ifadələrlə təsvir edir:

Cənnətdə, bir bağım varmış,
Nə gözəl növrağım varmış?!
Sonda, bir fərağım varmış,
Adı, Kəlbəcər…Kəlbəcər…

Şairin yaradıcılığına klassik şairlərimizlə yanaşı, Kəlbəcər aşıq məktəbinin, şifahi xalq ədəbiyyatımızın, el şairlərimizin güclü təsiri olduğunu duymamaq mümkün deyil. Qoşma, gəraylı, təcnis şəklindədi bu şeirlər, Dəlidağdan pərvazlanaraq Gəncədən, Şamaxıya, İsmayıllıya, Bakıya uçur, bütün Azərbaycanı gəzib dolanır, Qarabağ dərdini, Kəlbəcər dərdini, işğal olunmuş torpaqlarımızın nisgilini aləmə yayır. İşğal altında inildəyən dağlarımızın nisgili Yusifin bütün şeirlərinin baş mövzusudur:

Yuva axtarıram, olmayan yerdə,
O dağlar özüymüş, ocaq da, pir də,
Qayıda ömrümə, qayıda bir də,
O güllü, çiçəkli yamacın ətri.

İtdi arzuların ümid boxçası,
Soldu bu dünyanın bağı, baxçası,
Qayıtmaz anamın taxtı- taxçası,
O qucağın ətri, o sacın ətri.

Bütün Kəlbəcər şairlərində olduğu kimi Qarabağın və digər torpaqlarımızın işğalından sonra şairin yaradıcılığında bir dönüş yarandı, onun yaradıcılığnda qəmli notların sayı çoxaldı.
Şairin təbiət, məhəbbət mövzusunda yazdığı lirik şeirlər, ictimai motivli şeirləri də rəngarəngdir. Bu şeirlərin mövzusu həyatdan, şahidi olduğu hadisələrdən götürülüb. Haqsızlıqdan, biganəlikdən, vətən torpaqlarının işğalından doğan dərin kədər hissi Vətən həsrətini daha acı edir. Digər tərəfdən şairin yaradıcılığında sevgi və məhəbbət duyğuları, təbiət mənzərələrinin əsrarəngiz təsviri də mühüm yer tutur.
Yusifin şeirlərini oxuyanda xəyal əllərimdən tutub məni qarış-qarış Kəlbəcəri, dağlarımızı, yaşıl donlu meşələrimizi, ilməsi maralçiçəyindən olan göz oxşayan, könül açan allı-güllü yaylaqlarımızı gəzdirir. Bu şeirlər poeziya vurğununa qida verəcək, zövqünü oxşayacaq qədər doğmadır, əzizdir.
Kəlbəcərin uca dağları, əzəmətli qarlı zirvələri insanları qürurlu, mərd, əyilməz edib, ulu tanrıya yaxın olduğundan bu keyfiyyətləri şairlərinə ikiqat verməyi əsirgəməyib.
Yusif Hüseyn 1951-ci ilin may ayının 10-da Azərbaycanın füsünkar guşəsi Kəlbəcərdə doğulub, orada da orta təhsil alıb. 1975-ci ildə Bakıda Azərbaycan Politexnik İntitutunu bitirib Kəlbəcərə qayıtdıqdan sonra 1993 – cü ilin aprel ayına, yurdumuzun bu incisinin düşmən əlinə keçdiyi günə qədər orada yaşayıb.
Uşaqlığı çox ağrı-acılı keçib. Səkkiz yaşında atasını itirən Yusifi anası böyüdüb. Atasız böyüsə də atalı-analı olanlara heç vaxt həsrətlə, həsədlə baxmayıb, atasızlığı bir alın yazısı, tale, qədər kimi qəbul eləyib. Elə o yaşından evin kişisi olub, zamanın sərt sınaqlarına kişi kimi sinə gərib. “Kötüklərin dərdi” adlı bir şeirində şair yetim qalmış qardaş və bacılarını dolandırmaq üçün erkən yaşlarından zəhmətə qatlaşdığını yazır:

Dünyanın qəribə üzü varıymış
Qəribə ocağı, közü varıymış
On da dünyamın da, adı özgəydi,
Baharın, payızın dadı özgəydi.
Yıqardı altına dağı, aranı,
Hələ yaşayırdı obamız onda,
Odunla yanardı sobamız onda.
Yaxşı ki, var idi başımın tacı,
Yaxşı ki, sağ idi anamız onda….
… Bəzən, yarılmayan kötükləri mən,
Çeynəyib, didirdim, sanki dişimnən.
Qarlı axşamlarda, hər kötük bir dərd,
Balta qan ağlardı, üzümə sərt-sərt.
Bəzən dağ olardı, kötüyün dərdi,
Kötük yarılmasa,yatmaq hədərdi.

Səkkiz yaşında bir uşağın odun yox, kötük yarmasının necə çətin olduğunu mən yaxşı bilirəm. Mənim də taleyimə elə ağır günlər yazılıb, mənim də qismətimə elə o yaşlarımdan ağır işlər görmək, odun yarmaq, ot biçmək, yer belləmək, dərz bağlamaq düşüb. Götüklər cürbəcür olduğundan, onları yarmaq da çətin olur, bu kötüyün az və ya çox düyünlü, sərt olmasından asılıdır. Qədimdə qızları ərə verəndə bəyi sınaqdan çıxarmaq üçün ona götük yardırarmışlar. Kötüyü yarıb qurtarırdısa bəyin bəxti gətirər və evlənmək şansını qazanırdı. Amma səkkiz yaşında uşağın götük yarması evlənmək üçün deyil, soyuqdan donub ölməmək, ailənin sabaha sağ-salamat çıxması üçün həyatın imtahanıydı. Lakin, şeirin sonunda oxuyuruq:
…İllərdir,qəlbimdə, bir gırdın dərd var,
Gündüz çabalayar, gecə ağlayar.
Bu, vətən nisgili,yurd ağrısıdı,
Yurdsuz insanların dərd-ağrısıdı.
Əridə bilmirəm, illər uzunu,
Əlac da tapmıram, deyim düzünü.
Yığılıb qəlbimə ylğın-yığındı,
Bunlar dərd kötüyü, dərd gırdınıdı.
Əridə bilmirəm,dərd düyün-düyün,
Qələbə olacaq əritdiyim gün…

Bu dərd-düyün davası-dərmanı hələ tapılmayan torpaqların işğalıdır. Qarabağın, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın dərdidir. Əzəmətli dağları, səfalı yaylaqları, min bir dərdə məlhəm olan, əsirlikdə qan ağlayan bulaqlarımızın dərdidir, qaçqınlarımızın nisgili, şairin qəlbində ona rahatlıq verməyən bir sərt gırdına dönmüş dərdidir.

Bilmirəm sirdaşdır, həmdəmdir, nədir,
Səhər aşılmamış yolumda bitir,
Gündüz qayğılara qarışır, itir,
Gecələr doluşur yatağa dərdim.

M. Aslan Yusifin anası haqqında yazırdı ki,” Rəhmətlik Yetər ana, eldə deyildiyi kimi, saçının birini ağ, birini qara hörmədi, elə ikisini də dümağ hördü. Bir ağ gün görmədi fağır. Təki övladları bay olsunlar”. Zəhmətkeş, talesiz Yetər ananın bir parca corək üçün hansı əzab- əziyyətlərə qatlaşdığını duymamaq mümkün deyil. Hansı əzab-əziyyətlər, olmazın çətinlikləriylə üzləşən, bir xoş gün görməyən anasını Yusif belə xatırlayır:

Perik düşdü gecələrin yuxusu,
Dərd içində ömrün-günün çoxusu,
Duyğumdadı navazişi, qoxusu,
İndi bildim yolumuzda nə çəkmiş,
Mənim anam çox kişidən zirəkmiş.

Nurlu idi ömrü-günü solsa da,
Təmkinliydi, qarğasa da, qalsa da,
Yerli-yersiz kövrəlsə də, solsa da,
Çox gec bildim çiynindəki nə yükmüş,
Mənim anam çox kişidən böyükmüş.

Körpəliyindən anasının şirin-şirin bayatılarıyla, nağıllarıyla böyüyən uşaq dünyanın necə şirin olduğuna, ananın,- dünya gözəl dünyadı deməsinə inanır, qəm-qüssəsini bir anlıq unudub bu gözəl, şirin dünyada yaşadığına ürəyində şükr etsə də, böyüyəndə, həyatın ağır zərbələriylə üzləşəndə, dünyanın nə qədər amansız, haqsız, ədalətsiz olduğunu dərk edəndə dünyadan gileylənir:

Sevinci zərrə-zərrə, dərdi dağından böyük,
Sinəmdəki yarası yurd ocağından böyük,
Dünyanın nəyi var ki, dərd otağından böyük,
Yox, bu dünya dediyin dünya deyilmiş, ana!

2009-cu ilin yanvar ayının 31-də Bakıda anam mənə , – ay oğul, məni Kəlbəcərə apar deyə – deyə qucağımda keçindi. Eşidənlər, Moskvadan, Rusiyanın, başqa şəhərlərindən müxtəlif rayonlarımıza səpələnmiş kəlbəcərlilər, dost-tanışlar, vaxt tapıb gələ bilməyənlər, bilənlər mənə başsağlığı verirdilər, zənglərin ardı-arası kəsilmirdi. Həmin gün Yusif də anamın ölüm xəbərini eşidib mənə İsmayıllıdan Girdimançay sahilindən zəng vurmuşdu, gəraylısıyla mənə başsağlığını belə vermişdi onda:

Nəsib, dərdin bizim dərddir,
Qorx ki, dərddən çöküm, qardaş.
Köçən köçdü, gedən getdi,
Qalmayıbdı təkim qardaş.

Yurd bir olar, yurd beş olmaz,
Köç bir olar, köç beş olmaz,
Dərd bir olar, on beş olmaz,
Hansı dərdi çəkim, qardaş?!

Yusif Hüseynin şeirləri içərisində Kəlbəcərin tanınmış insanlarına, şairlərinə, dostlarına, öz övladlarına, doğmalarına, söz-sənət adamlarına həsr olunmuş səmimi ithafları da çoxdur.
Şairin qüdrətli qələm sahibi, dünyasını vaxtsız dəyişən şairimiz Ənvər Rzaya həsr etdiyi eyniadlı şeiri bu baxımdan xüsusi maraq doğurur, şairin əziz xatirəsinə həsr etdiyi həzin misraları həyəcansız oxumaq mümkün deyil:

Amma, onun gəlişi də özgə idi,
Təbiətlə,insanlarla
Görüşü də özgə idi.
Lap adicə görüşü də özgə idi.
Yox, unutmaq olarmı heç,
O qüdrəti, o təmkini?
Sən biryolluq yox etmişdin
Insanlığa qarşı kini….
Vaxt oldu ki,
çoxlarına gərək oldun,
Çoxlarının üz tutduğu,
Ümid yeri-örnək oldun.
Sən əlçatmaz bir zirvəsən,
insanlığı duyan üçün.
Niyə belə tez tələsdi,
Ömür yolun, karvan köçün.

Xalqımızın müqəddəs nemətləri kimi əziz tutduğu və bizə miras qoyub getdiyi mənəvi, əxlaqi dəyərlərin göz bəbəyi kimi qorunmasını şair ön plana çəkir. ”Qorxuram başıma papaq qoymağa” şeiri şairin ciddi narahatçılığını ifadə edir:

…Mən qərib taleli qərib dəvrişəm,
Ömrümü illərə qurban vermişəm,
O qədər biqeyrət papaq görmüşəm,
Qorxuram, başıma papaq qoymağa.

“Dünyanın ağzından qan iyi gəlir”, “Beşikdən məzara qədərdi dünya”, “Ömür ağacı var,dar ağacı var”, “Burdan ayrı qalınca”, “Kəlbəcər haqqı”, “Ağlatdı”, “İllərdir gecələr yol gedirəm mən”, “Gözlərim yol çəkir vətənə sarı”,” Qeyrət qanda ulayar” və s. şairin ictimai-siyasi və mədəni həyatımızda baş vermiş hadisələr, müstəqillik dövrünə xas olan keçid mərhələsinin sosial sıxıntıları, çətinliklər, qaçqınlıq – köçkünlüyün yaratdığı əzablar, Qarabağ işğalından yaranan ruhi sarsıntılar bütöv əqidəsi, yurdsevərliyi, azərbaycançılığı, ocağa, yurda bağlılığı ilə seçilir.
Hər cığırına bələd olan, hər gülündən-çiçəyindən ruhlanan, qayasına, daşına arxalanan, zirvəsində qartal yuva quran dağlarının tapdaq altında qalmasına,Tərtərin,Tutğunun, Qamışlıçayın şırıltısına həsrət qalan şair neyləməlidir?

Həsrətdən daşlar da yəqin dil açıb?!
Qanlı yurd yerində, qanlı gül açıb!!
Xoş gün ömrümüzdən perikib, qaçıb,
Üzükməz nə mənə, nə sənə sarı!!

Kəlbəcər-Kərbəla, cihad mənzili!!
Qeyrət savaşı var, bir at mənzili!!
Göy at yox, Boz at yox, Qırat mənzili,
Gedən var, qoşulam, gedənə sarı?!

Ay Yusif, hardadı o ad, o şərəf?!
Yol gedək namusa, papağa tərəf!!
Qeyrət məni çəkir, torpağa tərəf,
Ömür məni dartır, kəfənə sarı!!

Sanki Kəlbəcərsizliyin yaratdığı nisgili, dərdi ac qalmış uşağı ovutmağa çalışan ana həssaslığı ilə sözün gücü ilə ovutmağa çalışır Yusif Hüseyn!
Dərdini bölsə də ağrı-acıları yüngülləşmir, şairi sıxıntılarla, çətinliklərlə qarşı-qarşıya qoyur. Pərvanə şamın başına dolanan kimi Yusif də dərdinin başına dolana-dolana yaşayır. Qarabağ boyda dərdinə, Şuşa, Kəlbəcər, Laçın nisgilinə poetik abidə yaradır və özünü söz memarı kimi təqdim edə bilir!

Məmməd Arazın məşhur “Bəlkə bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ, salamat qal” deyib əbədi vidalaşdığı dağlar, şair Yusif Hüseynin dünyam adlandırdığı dağlardır. Şair o dağlara–Kəlbəcərdə qalan, talanan, dağılan dünyasına üz tutur:

Daşı gövhər, gülü incə,
Özü boyda dərd-düşüncə,
Çiçək-çiçək, qönçə-qönə,
Açan dünyam, solan dünyam,
Kəlbəcərdə qalan dünyam.

Şair “Mənim qala yurdum, qalaçam dağlar” adlı başqa bir şeirində isə dağlar həsrətinə, ayrılığına necə tab gətirəcəyini desə də ümidini itirmir:

Sizsiz dünya mənə haramdır, haram,
Sizsiz qəbirdə də sağalmaz yaram,
Əlacım varmı ki səcdənə duram,
Daşına, qayana əl açam, dağlar?

Yusif Hüseynin yaradıcılığında məhəbbət şeirləri sayca az olsa da məzmun gözəlliyi ilə ilə oxucuları valeh edir:

Gəl, yetməz bir kimsəyə harayım,
Xəzri olum, tellərini darayım,
Ay vəfasız, indi kimi arayım,
Kimə açım varaq-varaq dərdimi?

Könül həsrət, dərdim pünhan, görən yox,
Sonam tənha, zülf pərişan, hörən yox,
Mən Yusifə səndən xəbər verən yox,
Artırırsan bax bu sayaq dərdimi.

Yaxud:

Elə bilmə yorulubdu köhlənim,
Özün söylə hansı kökə köklənim?
Aman vermə gecələrdə təklənim,
Gözəlliyin nazın danış bu gecə.

Təbiət haqqında yazdığı şeirlər orjinaıdır, təbiidir:

Cığıra iz düşüb, ləpir-ləpirdi,
Ləpirlər bulağı arxac eyləyib.
Şaxta suları da “göm-göy kəsibdi”,
Şaxta suları da ağac eyləyib.

Güzgülər çəkilib ayna sulara,
Sular naxış-naxış naxışlanıbdı.
Şəlalə asılıb hörüklərindən,
Elə yerindəcə donub qalıbdı.

Yazımın sonunda Yusif Hüseynə üz tuturam: Sən əsl şairsən, dilimizə, ədəbiyyatımıza layiq insansan. öz dünyaduyumu olan qələm sahibisən. Sənə uğurlar arzulayıram. Özün dediyin kimi, gün o gün olsun ki, tale üzümüzə gülsün yaxinda olan qələbəmizi öz gözlərimizlə görək:

Can qıydınsa, bax ondadı qələbə,
Haqsızlığı yıxandadı qələbə,
Tale gülsə yaxındadı qələbə,
Ana yurda bir şəhid can borcluyuq.

Nəsib Nəbioğlu
Moskva,12.02.2016


Bir cavab yazın