ZƏFƏR BAYRAMI


Zəfər bayramı. Qeyrət, hünər bayramı. Gözdə gülüş, qəlbdə qəhər bayramı…

Həyat qəribə təsadüflərlə doludur. Moskva keçən əsrin böyük qismini dünyaya yeni şəkil verən inqilabın ildönümünü hər il noyabrın yeddisində böyük təntənə ilə qeyd edirdi. Son otuz ildə bu bayram müxtəlif  bəhanələrlə tarixin arxivinə atıldı. Bu ilin 7 noyabrı isə Moskvanın dəbdəbəli salonlarından birində Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfərinin dördüncü ildönümünü caz-müğam konserti ilə qeyd etməklə yaddaşlara yazıldı.

Marşal Malinovski küçəsində yerləşən müasir konsert mərkəzi Millətlərarası münasibətlərin inkişafına yardım fondunun (“Poliloq”) təşəbbüsü və təşkilatçılığı ilə hazırlanmış tədbirə ev sahibliyi etdi. Son vaxtlar az qala zorla unutdurulmağa məhküm edilən millətlərarası dostluq bu gecə yeni çalarlarla qayıtdı. Salonda müxtəlif millətlərin nümayəndələri, Moskvada yaşayan azərbaycanlılar toplaşmışdı. 

Səhnədə Azərbaycan Respublikasının Əməkdar Artisti Sevda Ələkbərzadənin, Rusiya Dövlət Akademik Bolşoy teatrının solisti, Azərbaycan Respublikasının Xalq Artisti Dinarə Əliyevanın, müəllif mahnılarının ifacısı Ramil Hacıyevin, Elman Həsənlinin rəhbərlik etdiyi “Buta” triosunun ifaları salonda coşqu, üzlərdə sevinc yaradır, arxa fonda nümayiş etdirilən şanlı döyüş səhnələri qürur hissi doğurur, qənc yaşlarında əbədiyyətə qovuşmuş şəhidlərimizin simaları göz yaşları ilə müşaiyət olunurdu.

Rəsul Həmzətovun “Durnalar”ı, Ramiz Rövşənin “Nə var Allahdan yuxarı” şeirinə bəstələnmiş kompozisiya Dinarə Əliyevanın ifasında çox böyük rəğbət qazandı. Sevda Ələkbərzadənin klassik müğamla cazın sintezindəki orijinal ifa tərzi, Azərbaycan və türk xalq mahnılarının özünəməxsus təqdimatı, səhnə ilə tamaşaçılar arasında yaratdığı səmimiyyət dəfələrlə alqışlarla qarşılandı. 

Azərbaycan müsiqisini respublika hüdudlarından kənarda layiqincə təbliğ edən instumental alətlərin ifaçıları, “Şuşanın dağları”, “İrəvanda xal qalmadı”, “Qal, sənə qurban”, “Qarabağ şikəstəsi”, “Xudayar təsnifi”, yaxalarında igid şəhidlərimizin rəsmləri olan kiçik yaşlı ifaçılar salonu riqqətə gətirirdilər.

Tədbirin təşkilatçıları Vətən müharibəsi iştirakçılarını misilsiz xidmətlərini orijinal şəkildə qeyd etdilər. Poliloq fondunun rəhbəri Ramil Kərimov və fondun fəalları–əsasən Moskvada fəaliyyət göstərən gənc həkimlər Azərbaycan ordusunun zabitlərinə—Qarabağ müharibəsinin iştirakçılarından bir neçə nəfərinə mükafat verdilər. Rejissor Rodion  İsmayılov Qarabağ həqiqətlərini əks etdirən çəkilişlərə görə 3 milyon rubl dəyərində sertifikata layiq görüldü. 

Otuz illik, əslində isə iki yüz illik Qarabağ faciəsi Azərbaycan xalqının, şanlı ordumuzun, müzəffər Ali Baş komandanın əzmi, rəşadəti sayəsində möhtəşəm qələbə ilə nəticələndi. Bu barədə çox yazılıb, hələ illər uzunu çox məqalələr, monoqrafiyalar, kitablar yazılacaq, filmlər çəkiləcək. Bu yolda ilk elmi monoqrafiya hazırlayan tarix elmləri namizədi Eldar Abbasovun elmi axtarışlarına dəstək məqsədilə fond onu bir milyon rubl məbləqində müalicə sertifikatına, 500 min rubl məbləğində pul mükafatına layiq gördü. Eldar Abbasovun bu münasibətlə çıxışı tədbir iştirakcılarının hamısını ayağa qaldırdı və uzun sürən alqışlara səbəb oldu. Gözləmədiyi “mükafat” üçün səhnəyə çıxan tədqiqatçı alim həyəcanına həqiqətən hakim ola bilmirdi və təşkilatçıların diqqətinə təşəkkür edərək mükafatın hamısından şəhid ailələrinə yardım fonduna verilməsi üçün imtina etdi.

Fond Moskvada keçirdiyi ilk böyük tədbirini “Həyatın təkamülü, rəngarəng təzahürlər” kimi fəlsəfi metafora ilə adlandırıb. Əslində bu qeyri-adiliyin günümüzlə bilavasitə bağlılığıdır. Nankor qonşular tərəfindən torpaqları, sərvətləri talanmış, uzun illər məşəqqətlərə sinə gərmiş xalqımızın 44 gündə qazandığı şanlı qələbə artıq bütün dünyada haqqın zəfəri kimi əks-səda verməkdədir.

Cəfər Sadıq,
Moskva