Əsr yarım əvvəlki Səhhətimizin bu gününə


Onun yanında böyük deyiləm. Onun yaşadığından böyük yaşdayam. Böyük yaş böyük baş olmaq deyil. Sabir belə onun haqqında soruşularkən cavabı bu olub. “Mən onun şagirdiyəm”. Dolayısı bizim bir çoxumuz onun şagirdləriyik. Hardan başlanır Vətən? Bu ifadənin müəlliflik hüququ başqasının ola bilər. Amma Vətənin başlandığlı yeri “mədfən, məskən”-lə möhürləyib müəllimlik imzasını atan ODUR!

Ovqatımız səhhətimizə sirayət edər. Şəfası da, cəfası da onun əlindədir. Səhhəti adına ünvan etmək təkəbbürdürmü, yoxsa məsuliyyət?

Onun üçün Onun nəbzinə kökləndim bu gün. Sadəcə melanxolik halıma dərman olarmı deyə. Adı Səhhətdir, axı. Anlamı aydınlıq, şəfa. Belə yozmaq keçdi könlümdən. Yaxın oturun və bir də bir əsr yarım əvvələ gedib oradan baxın!

“Yazmaq bir fikrə möhtac isə, tərcümə etmək iki fikrə möhtacdır…” -deyirdi düz 150 il bundan əvvəl doğulan, öz səhhətini xalqın sağlamlığı yolunda fəda edən  Abbas Səhhət. Məhz özünün bu deyimindən yola çıxsan, Səhhət şəxsiyyətinin və yaradıcılığının tərcümanı olmaq üçün daha çox fikrə ehtiyac duyacağın kəskindir. Onun haqqında düşüncələrinin istiqaməti də  çoxyönlüdür.

    Səhhət deyiləndə adı ilk yada düşən  o dövr məkətəbini bitirənlərin çoxunun yaddaşına əbədi həkk olunmuş  «Vətən» şeiri ilə məhdudlaşmır. «Ayı və Şir» təmsili də var, «Yay səhəri» -də. İlk başda xatırlaya bilmədinizsə,  hər birindən bir beyt-

«Əlbir olub bir ayı bir şir ilə, 
Ovaldılar dovşanı tədbir ilə…» 

(Ayı və şir)

«Od tutun qırmızı atəşlə yenə yandı üfüq,
 Şəfəqin qırmızı rəngiylə işıqlandı üfüq…» 

(Yay səhəri)

-desəm ardını əzbərdən söyləyəcəyinizə əminəm. O da əmindi. Savadsızlıq və cəhalət qaranlığında kor olanların gözünü  maariflənmək yolu ilə  açmağın mümkün olacağına inanırdı. Bəlkə ixtisas olaraq göz həkimliyini seçməsi də bu duygudan doğandı.  

 1874-cü  ilin may ayının 24-də  Şamaxıda dünyaya göz açdı. Adı ədəbiyyat tarixinə ilk diplomlu həkim-şair kimi düşdü. Cəmi 44 il yaşamına nələri sığdırmadı ki?! 44 ilik yolunun coğrafiyası da Azərbaycan və İrandan başlayıb Parisə və geri Şamaxıya, sonrasında isə  Gəncəyə uzanır. Məsləki coğrafyasının hududları isə «hədd»  kəlməsinin anlamına sığışan və ya sıxışan  «mübtədan xəbərə» sərhəddini aşır. 

“…Lisan və ədbiyyat hər millətin mayeyi-nicatıdır. Hər millətin yaşaması ədəbiyyatına bağlı olduğu bədihidir”-deyən maaarifçi ziyalı əməliylə bunu şəkilləndirir. 

Ana dilindən başqa ərəb, fars, rus, fransız dillərini mükəmməl bilən Abbas  Səhhət bu dillərdə yazan bir çox klassiklərin əsərlərini doğma dilimizə tərcümə edir. Və bu gün adının qabağına tərcüməçi yazan və yazdıranlardan fərqli olaraq  tərcümələr üzərindən tərcümə deyil, bildiyi dillərdən orijinal tərcümələrı ilə bədii ədəbiyyatımızı zənginləşdirir. Belə demək mümkünsə,  özünün tərcüməçilik məktəbini yaratmış,  A.Puşkin, M.Lermontov, İ.Krılov, İ.Nikitin, V.Hüqo, S.Nadson və digər yazışı və şairlərin əsərlərini dilimizə çevirmişdir. Yaşadığlı dövrdə ana dilimizdə çap olunan  kitabların  qıtlığını nəzərə alsaq, onun bu sahədəki xidməti ölçüyəgəlməzdir. Digər  tərəfdən, öz təcrübəsi ilə yeni tərcüməçilərin yetişməsində də təsiri böyükdür. 

 Xalq şairin Məmməd Rahim bununla bağlı: «Hər şeydən çox Abbas Səhhətin tərcümələri məndə böyük təsir yaratdığından rus ədəbiyyatına qarşı qüvvətli bir həvəs  duydum. Mən rus şairlərini oxumağa başladım. Tərcüməçilik həvəsinin məndə oyanması belə oldu»- deyə yazması bunun bariz təsdiqidir. 

Abbas Səhhətin Mirzə Ələkbər Sabirlə dostluğu, Sabirin  ondan «mənə görmək bəlkə müyəssər olmasa da, əsərlərimi çap etdirərsən» sözünü alması və dostunun  satiralarından ibarət «Hophopnamə» adlı kitabı (1912-ci ildə ) nəşr etdirməsi dosta sədaqətindən xəbər verir. 

Abbas Səhhət təkcə savadsızlıqla mübarizə aparmırdı. O səfalət və cəhalətdən qurtulmağın, azadlıq və hürriyyətə qovuşmağın yolunun milli özünüdərkdən keçdiyini qeyd edirdi. 

 «Bizdə milliyyət uyğusu ölür. Hər şeydə avropalıları təqlidən bütün varlığımızı unutmağa, hürriyyəti-milliyəmizi qeyb etməyə mayilik. Məsum balalarımızı hələ göz açmamış xarici mürəbbiyələrə təslim edirik. Bədbəxt balalarımızın dünyanı bilməmişdən, tanımamışdan ruhunu zəhərləyib öldürürük… Çünki insanın həqiqi ruhu dəyanət və milliyyətdir. O zəhərləndikdən sonra, o məhv olduqdan sonra yerdə nə qalır? Ruhsuz bir qəlb, cansız bir cəsəd».

Millətin ağrı-acılarına köklədiyi  “Sınıq saz”ında 

Dinlə əlhanını sınıq sazının,
Millətə qəlbən ağlayan bacıdır.
Odlu məzmunları soyuq yazımın
Xəstə ruhun davasıdır, acıdır.

-havasını çalır. 

1918-ci il ermənilərin törətdikləri Bakı qəıtliamının  Şamaxıdan da yan geçmədiyi məlumdur. 7 mindən çox insanın qətliama yetirilildiyi o zaman yandırılan evlərindən əlyazmalarını ala  bilmədən çıxan  Abbas Səhhət  ailəsi ilə birlikdə Gəncəyə üz tutur. Və yolda bütün azuqələrini  yağmalayırlar. Aclıq və ehtiyac Abbas Səhhətin səhhətini pozur. 1918-ci ilin iyulunda Gəncədə vərəm xəstəliyindən vəfat edir.

Atasının Şamaxıda açtığı məktəbdə oxuyan, Abbas Səhhətdən 5 il sonra doğulub, eyni taleyi paylaşan Məhəmməd Hadi onun ölümü haqqında ilk xəbər verənlərdən olur. 

O, böyük şairin ölüm xəbərini  bu ifadələrlə çatdırır: “Şu müdhiş, şu qorxunc löleyi-hadisat içində şair-təbib Abbas Səhhət də sükunətahe-əbədiyyətə çəkilib getdi. Həm maddi, həm mənəvi xadimi-millət olan Səhhət qardaşımızın üfili-əbədiyyəsindən (əbədiyyətə qovuşmağından) hənuz Qafqaziya türklərinin xəbəri yoxdur… Əzmi xuraman fikrindən geri dönməyən sevgili şairimiz Səhhət Gəncə məzarıstanında dəfn-xak-əbədiyyət bulunur. Zata Şeyx Nizamiyə böyük bir hörməti var idi. Daima Nizaminin laməyut nəzmlərini kəmali fəsahətlə oxur, samlərini ləzzatyab-ədəbiyyat eylərdi. Ən nəhayət, pənc gənc şair-möhtərəmilə həmcivari məzar oldu…”

Düz əsr yarım sonra bir zamanlar məzar yeri bilinməyən və çox sonralar aşkar edilən  Gəncədəki qəbrindıən baş qaldırsa, savadsızlığın felən ləğv olunduğu dövrdə daha bir  kor zehniyyətin qaranlığına doğru addımladığımızı görsə reaksiyası necə olardı?

«Bütün addımlar cəmiyyətin savadsız olması üçün atılarsa, təhsil pula çevrilərsə savadsızlıq çoxalar, mütaliə azalar. Zəkalı, ziyalı insanlara hörmət və rəğbət azalar. Lazımsız və yersiz zarafatlara gülüş çoxalar və ehtiyac artar»-deyə hazır cavabı-möhürlü resepti var. 

Uyğulaması…

Milyonların tıklaması ilə şöhrət olub, səhhəti zəhərlənmiş sənətin halına baxıb vərəmləməkmi… 

 Abbas Səhhət  təkcə vücudlara deyil, düşüncələrə nüfuz edib orada açılan yaralara məlhəm olacaq böyük bir irs qoyub getdi. Bu gün sənətin  səhhətini yaralayanlara rəğmən…

 Səhhətinizi qoruyun! Səhhətlərinizi də...

Tünzalə Vəliqızı,
Moskva
24 May 2024-cü il


Bir cavab yazın