QARA QUTULAR


Çıxılmazlıqda belə çıxış yolu tapanlardı -Qəhrəman!

Gözümdə yaş, könlümdə sıxıntı hələ də qalıb. Fikrimi ifadə etməkdə zorlandığımı hiss edirəm. Hamının statusunu oxuyuram. Yerdəki hər şeyi bilib göyə müdaxilə edənlərə baxıram. Mütəxəssis olmayan, faciəyə acıyanların reaksiyasını da anlayıram. Sual doğuran məqamlarda “Niyə belə etməyib?” cahilcə fikri təhlil edənlərin bilmişliyinə də sözüm yoxdur. Çözümüm yoxdursa…

Bircə onu bilirəm ki, onun, onların yerində sən də, mən də ola bilərdim, bilərəm.
Bir də onu bilirəm ki, “Ölsən qəhrəman, qalsan günahkar olarsan” da hər zaman keçərli deyil.

Nə bilim ey. Uzun-uzadı yazanlar yazdı. O gün dönülməyəcək “bir tərəfə bilet” alanların içində “hər şey yaxşı olacaq” ümidinə ehtiyac olmayan əminlik vardı. Gözündə ölüm qorxusu, dilində “Allah, özün yardım elə” duası ilə “Kəlməeyi- şəhadəti” birləşdirən o müsəlman kimi. Təyyarənin kapitanı İqor Kşnyakin və yardımçı pilot Aleksandr Kalyaninovun dilində isə “bəndələrdən” istənilən yardım vardı.

AZAL-la uçmaq çox rahatdır (komfortlu) deyib dəfələrlə Fransadan Bakıya, oradan da Qroznıya-Vətəninə uçan bir çeçen qadın. (Rəfiqəmin yaxınıdır-T.V.) Uçuşdan əvvəl rəfiqələrinə də tövsiyyə edib. Sağ çıxıb o dəhşətin içindən. Yaralıdır. Mənəvi cəhətdən də. Vətənində(n) yara alıb…

Qara qutu

Hamımızın bir qara qutusu var. Siz həqiqət qutusu deyin, mən qorxu. Heç kimin “qara qutusu” açılmaq məcburiyyətində qalmasın, desəm. Göylərə-Ərşə ucalan gün qara qutun yerə enir. Açılır qara qutundakı… Ya da elə o qara qutunla qaranlığa dəfn olunursan.

Qara qutuyuq, içimizdəkini saxlamağa məcbur olan və ya edilən. İndi göydən enən qara qutu ətrafında yerdəki qara qutuların müzakirə və mübahisəsini anlayıram.

Qara qutular susar, qara qutular danışar. Dönüş bileti olmayanlar bir daha dönməyəcəklər. Dönənlərin qayıdış biletini elə göydəcə “Niyə belə etməyib”, “Niyə filan yerə dönməyib”- deyə “ağıl” verdiyiniz kapitan və ekibi (heyəti) kəsib. Allahdan ümid kəsilməyəndən sonra…

Çıxılmazlıqda belə çıxış yolu tapanlardı- Qəhrəman!

AZAL aviaşirkətinə məxsus Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlara Allah rəhmət eləsin!!

Tünzalə Vəliqızı, Moskva
27.12.2025