AZƏRBAYCAN İSTİQLALİYYƏTİNİN PROMETEYİ- M.Ə. RƏSULZADƏ
(Davamı)
(Əvvəli bu linkdə: http://yenises.ru/az%c9%99rbaycan-istiqlaliyy%c9%99tinin-prometeyi-m-%c9%99-r%c9%99sulzad%c9%99/ )
Rəsulzadənin yaratdığı “ Müsavat” firqəsinin gücünü düşmənləri, hətta daşnak-bolşevik güruhunun başçısı Şaumyan belə etiraf edirdi ki: “ Zaqafqaziyada ən zəif siyasi partiya olan, bu inqilab zamanı təşkil edilən, heç bir təşkilatı, heç bir partiya ənənəsi, heç bir hakimiyyəti olmayan, inqilabın əvvəlində heç bir yol oynamayan “Müsavat” indi Zaqafqaziyada ən güclü siyasi partiyaya çevrilmişdir… Bütün Zaqafqaziyanın taleyini həll edir” (“Bakinski raboçi” 30 may1918).
Çox maraqlıdır ki, Rəsulzadə öz dövrünün bütün siyasi firqələri tərəfindən (hətta əks cəbhədə bulanan sosialistlər belə-M.İ.) güclü siyasi bir lider kimi qəbul olunurdu. Hətta hökumətə rəhbərlik etmiş bitərəf Fətəi Xan Xoyski belə parlament çıxışlarının birində bildirir ki: “ Mən bitərəfəm, heç bir siyasi firqəni təmsil etmirəm. Amma etiraf etməliyəm ki,İstiqlaliyyyətimizin qazanmasında ən böyük rol oynayan firqə “ Müsavat” fiqrqəsidir. Çünki “ Müsavat” milli mənfəətlərini hər zaman firqə mənfəətlərinin üstündə tutdu”. Birdə indimizdə yağışdan sonra göbələklər kimi artan və aybaay paket almaq üçün iki cüt bir tək adamıyla qeydiyyatdan keçən partiya və onun “ liderciklərinə” baxın.
Hələ Xoyskinin 1918-ci il 7 dekabrda parlamentin açılışndakı nitqi iradında böyük bir həyəcanla müstəqil Cümhuriyyətimizə işarə edərək : “ Yatsa idik yuxumuza da girməzdi “sözlərini xatırlayın. Bu yuxunu çin edən, Uca Milli İstiqlal Məfkurəsinə çevirən məhz Rəsulzadə və onun liderliyni yapdığı ” Müsavat” firqəsi oldu. Amma Əmin Bəy heç zaman firqəsini müstəqil Azərbaycanın üzərinə çıxarmadı. Bu insanın Azərbaycan İstiqlaliyyətinə dönməz bir iradəylə bağlılığına aşağıdakı sitatdan boylanın, belə bir düşüncə tərzini kimsə bu səmimiyyətdə, dürüstlükdə daşımadı tariximizdə heç bir zaman:
“ Azərbaycan dövri-istiqlalına bolşeviklər «MÜSAVAT DÖVRÜ» deyirlər. Fəqət, xalq bu dövrə AZƏRBAYCAN DÖVRÜ deyir. …Xalqın düşüncəsində AZƏRBAYCAN məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur.”
Rəsulzadə siyasi fəaliyyətin canlı orqanizmi kimi sağlam milli-demokratik təməllər üzərində yaranmış siyasi firqələrin(partiyaların-M.İ.) yaranmasında görürdü. “ Müsavat” firqəsinin təsisinədək Rəsulzadə “ Hümmət” müsəlman sosial- demokrat təçkilatının yaradıcılarından biri idi, Bakıda “ Nicat” xeyriyyə cəmiyyətində maarifçilik fəaliyyətinin önündə, İrana mühacirət illərində İran Demokrat Partiyasının ideoloqlarından və mətbu orqanının rəhbəri idi.Xalqın siyasi cəhətdən yetkinləşməsi üçün sağlam bir şəkildə vahid cəbhədə pariyalaşmağı zəruri hesab edərək 1917-ci ildə “ Açıq söz” də yazırdı ki:
“Siyasi firqələri olmayan bir millətin siyasi duyğusu, siyasi düşüncəsi olamaz.
Siyasət meydanına hər milləti siyasi firqələr çıxarar, siyasi fikirlər siyasi firqənin timamı ilə (səyilə) xalq arasında intişar tapar. Fəqət bir firqə xalqın hüsni-rəğbətini o vaxt qazanar, milləti öz başına o vaxt toplaya bilər ki, cəmaətin milli amal və arzularına müvafiq proqramı yürüdərək təşkili təbiətə (həyata) yaxın olsun”.
XX əsrin əvvəllərindən başlayan Türkçülük hərəkatının bütün elm,siyasət cəbhəsində vuruşan nümayəndələrinin çarizmin yürütdüyü müstəmləkə siyasətə qarşı mütəşəkkil təşkilatlanma enerjiləri olduqca heyrətamizdir,bu ziyalılar indimizdəkilərdən fərqli olaraq zamanı gözləmirdilər,əksinə zamanı beyinlərində,xəyallarında qurduqları yüksək ideallara daşıyırdılar və gerçəkləşdirirdilər qorxmadan,çəkinmədən. Hələ onların elmi qamçılayan,xurafat yayan dini mədrəsə təhsili mühitində sekulyar dövlət quruluşu uğrunda mübarizələri ayrıca bir novator, fenomenal,radikal intibah səviyyəsində mühüm bir hadisədir.Yəni onların xanzadə,bəyzadə,axund balası olub bu komfortu əlinin tərsiylə itələyib,hürriyyət və istiqlalyyət kimi bəşəri idealların seçimini etməsi sayəsində Fədaidən-Difai-Difaidən-Müsavat-Müsavatdan-AZƏRBAYCAN CÜMHURİYYƏTİ yarandı.
Bəlkə bizlərdə xalqın düşüncəsində fikir və əməl şəklində təcəssüm edən bir AZƏRBAYCAN DÖVRÜNÜ başladaq?!
Ayaqqabılar və yeriş əksik desəm….
Rəsulzadənin Cümhuriyyətimizə Azərbaycan adı qazandırması da başqa bir xüsus. Cümhuriyyətin yaranması dövründə müstəqillik məsələsində fikirlər çox çatışırdı. Hətta Əhməd Bəy Ağaoğlu belə qatı bir ilhaqçı mövqeyində idi, diqtəsi bu idi ki: Osmanlının tərkibində olaq bitsin bu məsələ. Bu mənada da Rəsulzadə və Dava Arkadaşlarının ( bu məsələdə Nəsib Bəy Yusifbəylinin möhtəşəm bir rolu vardır-M.İ.) sözü Rəsulzadəyə verək:
“ Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq!
Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.
Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə bəsləmək istiyoruz: bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı.
Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: bizə Ərəbistanı göstəriyorlardı.”
Bu gərgin, çətin mübarizənin ən gözəl nəticəsi müstəqil Azərbaycan Dövlətidir, onun milli və mənəvi sərhədlərinin bölünməzliyidir.
M.Ə.Rəsulzadənin mübarizəsi sayəsində hökumətimizə, xalqımıza, dilimizə verilən Azərbaycan adı Qafqaz hüdududlarını aşdı. İstiqlalımız məsələsində nə qədər haqqaniyyətsiz mövqe sərgiləsələr də Azərbaycan adının qazandıran Rəsulzadə və Dava arkadaşlarına sosialist və kommunistlərin də bir minnət borcları vardır. Bu gün Azərbaycan adı – artıq dünyanın müxtəlif ölkələrinə səpələnmiş yurddaşlarımız müqəddəs qibləsi, and yeridir.
Azərbaycan adı- bütövlüyün, tamlığın ifadəsidir. Bu adın Rəsulzadə tərəfindən necə böyük sərrastlıqla seçilməsinin qədrini biz hələ sonradan daha çox biləcəyik, zamanla.Rəsulzadə hər zaman uzağı görən, millətin taleyüklü ideyalarını bacardığı qədər mühit və dövrünə sığdırmağı bacaran paraqmatik bir siyasətçi və dövlət xadimi id. Mümkün olmayanları isə ən doğru və sistemli bir biçimdə gələcək nəsilə kodlayıb əmanət edirdi. Bunun ən gözəl nümunəsi onun “ Əsrimizin Səyavuşu” əsəridir.Bu əsəri uca qılan müəllifin keçmiş, gələcək və indinin müdhiş bir analitik süzgəcdən keçirə bilməsidir. Mifdən həqiqətə keçidi sağlayan inanılmaz yüksək tarix şüuru, etnoqrafik, ədəbi olduqca dəqiq, sərrast sosioloji gəzişmələr edən usta qələm, dərin siyasi təfəkkür. Onu da qeyd etmək lazımdır ki, Rəsulzadənin bu əsər üzərində işlərkən tətbiq etdiyi üsul olduqca riskliydi. Mifdə yatan həqiqətləri üzə çıxarıb öz dövrüylə paralellər aparmaq üçün yalnız Rəsulzadə qədər geniş bir ədəbi, tarixi, ictimai, dini, sosioloji, fəlsəfi dünyagörüşə malik olmaq gərək idi.
“ Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: – Bir kərə yüksələn bayraq bir daha enməz!” – Cümhuriyyət Qurucularının sarsılmayan inamının bundan dəqiq sərrast ifadəsi yoxdur…
CÜMHURİYYƏT QURUCULARINI QISACA BELƏ İFADƏ ETMƏK MÜMKÜNDÜR: ONLAR YOLA ÇIXDILAR, AMMA YOLDAN ÇIXMADILAR!
KƏDƏRLİ BİR HAŞİYƏ. Mətbuatdan vaxtilə oxumuşdum ki, bəs Cümhuriyyət dövrümüzün usta tarixçilərindən rəhmətlik Professor Aydın Balayev tələbə vaxtında Sövetlər dönəmində rus dili dərsində “ Mənim qəhrəmanım Rəsulzadə” inşasını yazıbmış.Keçən ilin yayında bir telefon danışığımızda dəqiqləşdirmə adına Aydın Bəydən soruşmuşdum bu məsələnin doğru olub olmamasını. Düzü məni çox təəcübləndirdi Aydın Bəy, təsdiqlədi ki bəs olub. BDU-nnun tarix fakültəsində (rus sektor) tələbə ikən tatar əsilli bir rus dili müəlliməsinin dərsində “ Mənim qəhrəmanım” sərbəst inşa mövzusunda qəhrəman olaraq Rəsulzadəni seçibmiş. Soruşdum ki, bəs problem çıxmadı ki. Aydın Bəy dedi ki: Heç bir problem çıxmadı, bəlkə də müəllimənin tatar əsilli olduğundan dolayı bu baş vermədi.
Bu xatirə söhbətimin canı var. Rəsulzadə gerçəkdən də qəhrəman və örnək alınacaq ideal bir şəxsiyyətdir. Çəkdiyi bütün dəhşətli çilələrə rəğmən Əmin Bəyin yorulmaz mübarizəsi,sınmayan əqidəsi bir sözlə Milli həyatı isə həsəd aparılmalı bir ömürdür…
O, bizim hamımızın idealı və qəhrəmanıdır!
M.Ə. Rəsulzadənin dəfn törənində Türklüyün böyük simalarından professor Zəki Vəlidi Toğan çıxışında deyir ki: “Əgər bu mühit əzizləri seçən bir mühit olsaydı, mən mərhum Emin bəyin əziz olaraq seçilməsinə rəy verərdim. Bu günə qədər onun əleyhinə olanlar tövbə etməlidirlər. Yoxsa Allah günahlarını bağışlamaz!
Emin bəyi öldükdən sonra da yaşatmaq üçün azərbaycanlılar onun yolunu davam etdirməlidirlər!”.
Zəki Vəlidə haq verməmək olmur, Rəsulzadə gerçəkdən millətin əzizi, öz mühitinin ən seçkin, rəftar və davranışlarından zərafət yağan, hər kəsin fövqəladə ehtiram göstərib təsirləndiyi uca bir şəxsiyyət idi.Məşrutə hərəkatında tanış olduğu ən yaxın dostu Seyid Həsən Tağızadənin təbirincə: “bütün ömrüm boyu Şərq dünyasında bənzərini görmədiyim birisi idi…”
Ümumiyyətlə M.Ə. Rəsulzadə və onun Dava arkadaşlarının mübarizəsi, “ Müsavat” partiyasının tariximizdə yeri və rolu haqqında fikirləri tək bir yazıya sığdırmaq mümkün deyil. Bir dəfə “ Müsavat” la bağlı statusuma münasibət bildirən, dəyərli jurnalist qardaşım Mayis Əlizadə məsələyə olduqca mükəmməl münasibət bildirmişdi i: “Müsavat”- XX əsrin milli gəlirin ədalətli şəkldə bölüşdürülməsini,sosial bərabərliyi müdaifə edən birinci siyasət fəlsəfəsidir.Əbədi və ən humanist siyasət fəlsəfəsidir, zaman keçdikcə daha çox dəyər qazanır…”
Gələcəkdə həm bu mövzuda, həm də Rəsulzadənin “ Əsrimizin Səyavuşu”, “ Milli Təsanüd”, Azərbaycan şairi Nizami” və xüsusilə Əmin Bəyin demokratiya və mətbuat azadlığı ilə bağlı işıqlı fikirlərini bu günümüzə daşıyan, paralellər aparan silsilə müəllif yazılarım olacaq.
Üzeyir Hacıbəylinin “ Təəsürat” adlı bir məqaləsi var, 1918-ci il 7 dekabrda Cümhuriyyət parlamanının açılışına həsr etdiyi. O qədər içdən və dərin, səmimi bir həyəcanla anladır ki,gördüklərini adam özünü sanki həmin parlaman iclasında iştirak etmiş sayır. Hələ onun M.Ə. Rəsulzadənin bədən dilini anladan dürüst, sevgidolu qələmi inanlmaz dərəcədə möhtəşəmdir. Çox vaxt Rəsulzadəyə kin bəsləyən zehniyyət onun haqqında Cümhuriyyəti quranlardan birisi kimi bəhs edirlər xain, qurnaz və sinsi bir xislətlə. Amma Üzeyir Bəyin də parlaman iclasında Rəsulzadəni bir lider kimi haqlı olaraq övdüyü keyfiyyətlərə baxınca Cümhuriyyəti quranların Birincisini görmüş olursan. Üzeyir Bəy də belə görmüş çünki Əmin Bəyi. Tarixi şəxsiyyətlər həmmüasirlərinin gözüylə daha obyektivdir, vicdanlıdır, səmimidir. Bu üzdən yazımı parlamentin açılş iclasında möhtəşəm nitq irad edən Rəsulzadəyə Üzeyir Bəyin fövqəl təəsüratıyla son verirəm:
” Məclisin açılma saatı yaxınlaşdı…
Hamı amadə(hazır-M.İ.) olub intizarda ikən Milli Şura Rəisi Məhəmməd Əmin Rəsulzadə cənabları rubəru (üzbəüz-M.İ.) qapıdan çıxıb məqami -sədarətdə üzü məclisə tərəf, ayaqüstə bir vəziyyət aldıqda hazirinin intizari donub diqqətlə münqəlib oldu.
Məhəmməd Əmin qəlbən nikbin və nikbinliyində də sabitqədəm olduğuna dəlalət edən açıq və gülərüz bir üz və yerə baxmaq adəti olmayan bir göz ilə məbuslara xitabən nitq söyləməyə başladı.
Padşahlı məmləkətlərdə Məclisi-Məbusanı (parlamenti-M.İ.) padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi Məbusanını bir nəfər Vətən övladı açdı.
Məhəmməd Əmində natiqlikdə “patent” qazanmış olan “arator”lara məxsus qol atma, baş oynatma, üz gözünü sifətdən- sifətə dəyişmə kimi hərəkətlər yox idi. Bunların əvəzində özgə bir hal var idi ki, o da getdikcə qızışıb sözlərinin dəruni qəlbdən söyləndiyini eşidənlərə hiss etdirməkdə dərin bir təsir oyatmaq idi. Qol atmaqdan bu yaxşıdır. Bunda ixlasi-qəlb və səmimiyyətlə bərabər, sərd edilən kəlamda birdə böyük bir ciddiyyət mövcud olduğuna hər kəs inanıb natiqin hər bir sözünə lazımınca əhəmiyyət verirdi. O idi ki, hər bir cümlə axırında alqışlar yağırdı…”
Məhəmməd İsrafiloğlu,
Ukrayna