Yoxluğun Varlığıdır -Unutduğun yer!


   Məmməd İsmayılın doğum gününə 

Taleyi qürbətlə Vətən arasında, şeirinin coğrafiyası sərhədsiz. 37-lərin arasına düşsəydi… Repressiyanın tüğyan etdiyi o dövrdə öldürülən-ölən ruhları yenidən  diriltmək missiyasıyla bu dünyaya göndərilmişdi sanki 39-da.

  “Səndə itənləri məndə bul indi”-deyə çərxi-fələyin təkərində təkrarlanan ömrü keşməkeşli yollardan keçdi.

Özündən əvvəlki sələflərinin ömrünü ömrünə calaq elədi. O ömrün barı poeziyanın ucsuz-bucaqsız coğrafiyasını dolaşır indi.

Böyük şairlərin taleyiylə qoşa addımlayan ömründə “mühacirlik”, “həsrət”, “qürbət”  kəlmələri şeirinin mübtədası, özü qürbətdə Vətən mübtəlası oldu. O qürbətdə  “…hardasan?”- sualıyla onu  xatırlayanlara, eləcə də xatırlamayalara cavabı-  “Unutduğun yerdəyəm”-lə verdi.

 Yaddaşın unutduğu –Yox olan yeri-Var olduğu yerə çevirərək- “Yaddaşına yaxşı bax, Unutduğun yerdəyəm!”-deyib Yaddaşları təzələdi. Yoxluğuyla Varlığını xatırlatmaq da belə qüdrətli qələm sahiblərinə xasdır!

Adətən tarixdən bənzərləri ilə müqayisə  edilər o qüdrətlilər. Adının Məhəmməd olmasına işarə edərək “Hər adı Məhəmməd peygəmbər deyil, Adıma aldanıb dönmə başıma. Dönmə, pir deyiləm…”  dedi  yazdıqıarında.

Pir deyil, amma  gəncliyin yolunu  aydınladan  “Gənclik” adlı piri- ocağı bəxş edəndi. O dövrün gəncləri yaddaşının unutduğu yeri qurcalasa xatırlayar. Düyannın çalxalandığı və bizim də bundan “muradımızı” alacağımız 80-lərin sonunda  (1988-ci ildə nəşr edilən)  mənəvi dəyəri “Əkinci” qəzetinə  bərabər  “Gənclik- Molodost” jurnalıyla yeni bir səhifə açdı.

“Şair deyiləm” də dedi. Özündən əvvəlkilərlə özünü müqayisədə təvazökarlıqla yanaşı,  hələ o dağa çıxan yolda yürüdüyünə işarəydi bu.

Bu gün poeziyanın hər yerində var. Qismətini özü seçməyib. şairliyi də. Şairlik onu seçib qisməti kimi. Ən dahi qələm sahiblərinin qismətinə düşən- mənəvi mühacirliyi və mənəvi xoşbəxtlyi bir ömrə  sıxışdırması və sığışması da ondandır.

Anamızın həsrətndə, Vətənin qürbətində, yetimlərin nisgilində, bir telefon dəstəyi qədər yaxınımızda, bir qürbət  ayrılığı qədər uzaqda, Allaha çox şükür edən, zaman-zaman taleyini darlayan, zaman -zaman da  yaşadığı 84 illik həyatını  haqlayan  Məmməd İsmayıl var!

Bu  məndən 85-ci yubiley yaşı ərəfəsində  mənəvi Atam dediyim Əvəzsiz  şairimizə   təbrik əvəzi olsun!

Bir xalqın əslidir, bir sözün kökü,
Eşit, gör nə deyir, şahid Qələbə.
Xalqımın çiynində tarixin yükü,
Əvvəli döyüşdür, sonu Qələbə!

Tünzalə Vəliqızı, Moskva
01.11.2023


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir