XORUZ İLİ
İkinci hissə
Xəstəxana, daha doğrusu, ilk yardım üçün gətirdiyim poliklinika Moskvanın
mərkəzində, Zamoryonov küçəsində yerləşirdi. Sovet dövründə dövlət rəsmilərinə
və aparat işçilərinə xidmət edən, Səhiyyə Nazirliyinin dördüncü idarəsinə aid olan
bu poliklinikada hələ də keçmiş aparat işçiləri olmuş təqaüdçülərə xidmət
göstərilirdi. Leyla xanıma güclü ağrıkəsici iynələr vurdular və stasionarda
saxlamayacaqlarını, evdə müalicə alacağını dedilər. Onu şəhərdəki evinə apardım,
artıq qızı onunla məşğul idi. Axşam dəfnin necə təşkil olunacağı barədə məşvərətə
başladıq. Ailənin çoxlu, həm də ən yüksək məqamlarda tanışlarının olmasına
baxmayaraq həmin anda hər hansı bir yardım və ya yol göstərən olmadı. Qərarı
Tatyana ilə ikimiz verməli olduq.
Böyük şəhərlərin problemləri də böyük olur. Müqayisə nə qədər xətalı olsa
da kənddə kimsə vəfat etdiyində baş verən hərəkətlər az qala avtomatlaşıb.
Mərhumun yaxınları, həm də mütləq ailə üzvləri deyil, təşkilat işlərini öz
aralarında bölüşür, məzarlığa qəbir qazmaq üçün adamlar göndərilir, yas mağarı
tədarük olunur, baş vermiş faciənin nəticələri əl birliyi ilə el adəti üzrə aradan
qaldırılır. Böyük şəhərlərin isə bu gün ən böyük və ən məsrəfli problemi dünyasını
dəyişənin dəfnidir. Meqapolislərdə bu, çoxdan bəri müəmmalı və qanlı biznes
sahəsi sayılır. Ayrıca tədqiqat mövzusu olan bu məsələni başqa vaxta saxlayaq.
Mərhumun yaxınları onun nəşini başqa yerə, tarixi vətəninə, vəsiyyət edilmiş
başqa şəhərə və s. aparmağa qərar verdikdə prosedur bir-iki gün çəkir və cənazə
göndərilir. Mərhumu şəhərdə dəfn etmək lazım olduqda isə qarşıya çıxan ilk sual
“hansı qəbristanda?”dır. Şəhərdəki məzarlıqların əksəriyyəti çoxdan qapalı hesab
edilir və yalnız həmin qəbristanlıqda yaxınları dəfn olunmuş mərhumu dəfn
etməyə icazə verirlər. Boş məzar yeri olmadığından mərhum orada basdırılmış
əvvəlki mərhumun yanına (yerinə) dəfn edilir. Bu halda da əvvəlki dəfndən ən az
13 il keçmiş olmalıdır.
Bu izahata ona görə ehtiyac duydum ki, Saşanın dəfni ilə bağlı məsələni
aydınlaşdırmaq asan olsun. Şəhərin içərisində şimal tərəfdə Preobrajenskaya
məzarlığında keçən əsrin altmışıncı illərində Leyla xanımın anası dəfn olunub. Bu
səbəblə məzarlıq müdiriyyətinin yanına getdik, sənədlərlə məzarın kimə aid olduğu
təsdiqlənəndən, başqa tələblərdə də əngəl olmadığından dəfnə icazə verildi. Lakin
məzarın sərhədində dəmir hasara söykənmiş tozağacını çıxarmaq üçün üç min
dollar pul istədilər. Bu, həmin yeri sata bilməməyin acısını çıxarmağa bənzəyirdi.
Onlara evin çörək qaynağının getdiyini, mərhumun bir zabit olduğunu, geridə xəstə
anası və bacısı qaldığını xatırlatdıqdan sonra məbləği yarılaya bildik.
Ayın 15-i idi. Dəfni yanvarın 17-nə təyin etdik. Axşam Gəncə ilə danışdım.
Acı xəbər gəldi. Qaynatam dünyasını dəyişmişdi. Bilet sifariş verdim və Saşanın
vəfatından sonra tanıdığım, bu iki gündə bizə yardım etməyə çalışan Vladimirə
zəng edib vəziyyəti danışdım, şərtləşdik ki, bütün təşkilat işlərini hazırlayaq,
mənim getməyimi Tatyana bilməsin. Bir yandan da vəziyyətin belə olması məni
çox sıxırdı. Təkrar Gəncəyə zəng vurub bilet sifariş verdiyimi, bir şeyə ehtiyac
olub-olmadığını soruşdum. Qarşı tərəfdən gələn cavab mənim üçün Azərbaycan
qadını haqqında indiyə qədər düşündüyüm məziyyətləri onqat artırdı. Əri vəfat
etmiş qadın—qaynanam tövsiyə etdi ki, oğlum, burada bizə bütün qohum-əqrəba
kömək edir, sən Leyla xanıma daha çox lazımsan, indi gəlmə, o yası yola ver,
sonra vaxt olar, gələrsən. Təkrar Volodyaya zəng edib getməyəcəyimi bildirdim.
Dəfn mərasimi bitənə qədər də Tatyana və Leyla xanım qaynatamın vəfat etdiyini
bilmədilər.
Ayın 17-də Leyla xanımı evdən götürmək üçün təkrar Selivanixaya gedəndə
köhnə tanışı, uzun illər dostluq etdiyi Georgi Melikyantsı da götürməyimi xahiş
etdi. Milliyyətcə erməni olan Melikyants Özbəkistanda böyümüşdü, “İzvestiya”
qəzetinin məsul icmalçılarından idi və ağılları qarışdıran suallara cavab olaraq
deyim ki, qatı millətçilikdən çox uzaq biriydi. Yaxın keçmişdə o da qızı və
nəvəsini avtomobil qəzasında itirmişdi. Onu xatırlamağımın bircə səbəbi var. Mən
də onu sovet vaxtından tanıyırdım. Rəyasət Heyəti aparatında komsomol
təşkilatının katibi olarkən poeziyanın və teatrın yaxşı bilicisi kimi onu məşhur
artist Oleq Tabakovla birlikdə tələbələrlə görüşə aparmışdım. Xarici İşlər
Nazirliyinin qarşısındakı binalardan birində yaşayırdı. Oradan onu götürdüm və
yola düşdük. Yolboyu mənim maşınımı təriflədi. O vaxt üçün qeyri-adi olmasa da
təzəliyinə və zahiri görünüşünə görə nədənsə maşın ona xüsusi təsir bağışlamışdı.
Mərasim maşınları, dəfndə iştirak edənlər toplandı. Qəbristanlığa Leyla
xanımın bacısı Tamara xanım da gəldi. Aralarında nə isə sərinlik vardı bacısı ilə.
Taleyin işinə bax ki, o da məzarlıqda yıxılıb qolunu qırdı. Mərasim bitdi və
yaxınlıqdakı kafelərin birində verdiyimiz sifariş üzrə bir ehsan süfrəsi düzəltdik.
Qış günləri şimalda qısa olur. Hava qaralmağa başlayırdı. Mərasimdəkilərdən yenə
dörd nəfər yaşlı adamı maşınla evlərinə apardım. Leyla xanımı Tatyana öz
maşınında apardı. Sərnişinləri evlərinə “paylayandan” sonra evə yönəldim. Ayın
13-dən başlanan gərginlikdə dörd gün əməlli yuxu yatmamış, dincəlməmişdim.
Hələ indi yorğunluğu hiss etməyə başladım. Gözlərim qapanırdı. Kiçik qızım
Əminə evdə tək idi və tez-tez zəng edib nə zaman gələcəyimi soruşurdu. Artıq
yoldayam, gəlirəm, deyir, həm də yuxumu qaçırmağa çalışırdım. Hətta bir-iki dəfə
yavaşdan üzümü şillələdim. Evə çatmağa beş kilometr qalmış dəmirlərin bir-birinə
dəyən zərbəsindən… oyandım. Demə yuxu məni aparıb. Mən qarşıdakı maşını
vurmuşam, o da önündəki maşını, mənim maşınım qarşıdakı maşının
müqavimətindən sağ tərəfə, ikinci şəridə keçib və arxadan gələn yük maşını da
məni arxadan vurub. Dörd maşının qəzasında yeganə təsəlli bu idi ki, sürət çox
olmadığından heç kim fiziki bədən xəsarəti almamışdı, amma bu xüsus mənim
gecə saat on ikidən tez evə gəlməyimə yardım eləmədi. Qəzada ikitərəfli xəsarət
alan maşınımın “yaşı” üç ay idi.
(Ardı var)
Cəfər SADIQ, Moskva
21.01.2024