Əks mövqe: Bizə ismarıc


Əks mövqe: Bizə ismarıc
Görünməyən simamız

Sanırdım həyatda məni artıq heç nə təəccübləndirə bilməz. Amma… Yaxın keçmiş mənə bir çox dəhşətləri göstərdi. Yaşadığım və gördüyüm dəhşət deyiləcək dəyərində olan olayları qələmə aldım.

Xoşbəxtlik, ailə, azadlıq, mənəviyyat, saflıq, əxlaq və sair bu kimi ifadələrin özündə daşıdığı anlama bir də başqa yöndən baxmaq istədim. Əslində hədəfim həmcinsim olan- qadındır!

Bir qadın həyatda özünü nə zaman xoşbəxt hiss edə bilər?! Saglam ailəsi olduqda.

Ailənin saglamlığı dedikdə, zamanla ilk növbədə ailə başçısının saglam olduğu yetər deyə düşünürdüm. Amma demə ki, yanılmışammış. Gördüm ki, saglam əri olan qadınlar özlərinə necə məcaralar axtarır.

Qadın gördüm ərini işə yola salıb, virtual aləmdə “ailə qurub” , çox xoşbəxt olduğunu söyləyir.
Cavan qız gördüm, ailəli kişiyı “səni sevirəm”- söyləyib sevincindən uçur.
Bunları bu hərəkəti etməyə nə məcbur edir? Ağlıma gələn ilk cavab maddiyyat oldu. Və daha dərinliyə gedib həmin insanların kimliyini araşdıranda gördüm ki, yanılmışam. Sadəcə bəzi canlılar bu günü ilə yaşamağa başlayıblar. Birinin ərinə “canımsan” demək, digərinin xanımına “səninəm” demək normal həyat tərzinə çevrilib. Dəhşətlisi odur ki, etdikləri hərəkətə müasirlik adı verirlər. Ailədə fikirlərin üst-üstə düşməməsi normal haldır. Vaxt vardı, qadın ərinə naz-qəmzə etməklə küsürdü, indi qadın xəyanət edərək ərindən qisas alır və öz hərəkətinin çox doğru olduğunu deyir.

Niyə hər zaman hər məsələnin pis tərəfi ilə qürurlanırıq?! Bir vaxt Avropa Şurasına daxil oluruq deyə hər kəs soyunurdu, sanki ora libasla qəbul etmirdilər. İndi gender bərabərliyi deyib qadınlarımız siqaretlə, xəyanətlə o bərabərliyi sübut edirlər.

Vaxt vardı, əxlaqsızlar o qədər “nadir tapıntı” idi ki, onları ictimaiyyətdə tanıyıb, onlara salam vermək özü ayıb sayılırıdı və adıma söz gəlməsin deyə hər kəs onlardan qaçırdı. Amma indi bəzən elə qadınlarla ünsiyyətdən qürur duyurlar. Çünki o qadın kiminsə nəyidir…

Bu yaxınlarda mənim üçün maraqlı olan bir hadisə ilə rastlaşdım. Bir məclisə iki qadın daxil oldu. Biri evdar, digəri “evlərə dar” olan xanım. Çox acınacaqlı idi. Hər kəs ikinciyə daha üstünlük verib, ilk diqqət ona ayrıldı. Qabaqlar belə bir deyim vardı. Geyiminə görə qarşılayıb, ağlına görə yola salmaq. İndi isə… nə deyim o deyimdir, nə geyim o geyim, nə də…

Indi çılpaq qarşılayıb avtomobil ilə yola salırlar…

Lamiyə, Moskva, 08.03.2013


Bir cavab yazın