Xatirə – MƏRDANIM ÇATMIR…
Yarım il olmağa az qalıb. Aramızdan getdiyi gündən bəri keçən vaxt.
Hamını ani donduran, tanıyanlar üçün damarda qanı donduran o xəbər hərəmizi bir yerdə yaxaladı. Bir gün əvvəl telefonda danışmışdıq. Həmişəki kimi işinin sonunda bir siqaret yandırmağa ehtiyac hiss elədiyi kimi bir də mənə zəng eləmək adətə çevrilmişdi. Bu adət yalnız mən zəngimlə onu qabaqlayanda pozulurdu. İndi belə yazıram, amma onda kimin əvvəl zəng eləməsinin heç bir mənası yox idi. Məqsəd bir-birimizi eşitmək, son xəbərləri bölüşmək, hər adama deyə bilmədiyimizi xırıd eləmək idi.
İyirmi birinci əsrə qırx yaşında girənlərin əksəriyyəti texnologiyanın gətirdiyi yeniliklərlə davranışda iyirminci əsrin əvvəlindəki yaşıdlarının savadsızlıqla davrandığı tərzi davam etdirir, bəziləri savad kurslarına (bilgisayar kurslarına) yazılır, bəziləri bu yeniliklərə təkbaşına sinə gərir, üçüncüləri də o vaxt məktəbləri, maariflənməyi boykot edən nadanlar kimi köhnə qaydalardan əl çəkmirdilər. Bəlkə müqayisəm yanlış oldu, dediyim odur ki, eyni yaşda eyni yeniliklərlə rastlaşan bizlər bu yeniliklərə sahib olmaq yolunda müxtəlif pillələrdə qərar tutduq.
Bu sarıdan ikimiz də hələ keçən əsrdə qalanlardan olduğumuzdan ayfondan, androiddən, qacetdən söhbət düşəndə özümüzü ədəbsiz danışanların yanında hiss edir, sürətlə baş alıb gedən qatara minə bilməməyin günahını kimin üstünə yıxacağımızı bilmirdik. Amma bu mövzuda doyunca lətifələrimiz vardı.
Həlimə xala Kişdə və ya Məleykə xala Cəyirlidə tərəvəzdə alaq elədiyi yerdə birdən önlüyünün dərin cibindən zəng gəlir. Hər ikisi dikəlir, palçıqlı əllərini önlüyün qırağına silib oğlanlarının seçdiyi məkanlara uyğun olaraq söhbətə başlayırlar:
–Mənəm ağrın alım, yaxşısaan?..Mən də yaxşiyəm, şüçür yaradana…Dünən Zivər xalaan cördüm, xeylax danışdux. Sizdən də danışdux bəs nə…Deyir oğlunnan soruş cör bizim gədəynən görücürləər?…Haa? O ayrı şəhərdə olur? Olsun da. Ceef-cəlmirsuuz? Ə nə fərqi var çı? Krasnodar da Krasnoyarskın tayı döylüü? Dörd min çilometr? Ə bu nə diir? Heylə uzaxsooz haa? Allah sən saxla!
Belə telefon söhbətlərini, kənddə bir süfrə, stol arxasında əyləşib dərdləşən ana-nənələrimizin dialoqlarını xatırlayıb uşaqlaşır, kəndə qayıdırdıq. Uşaqlıqdan şahidi olduğum və ona danışdığım epizodları çox sevir, tez-tez xatırlayırdı.
Bu sadə, siradan lövhə ona elə ləzzət verirdi ki, dəfələrlə belə söhbətlərdən ibarət kiçiksüjetli tamaşalar və ya film çəkmək istədiyini deyirdi.
İkimizin də anamızın adı Əminə olduğundan anamın adını daşıyan qızıma “anam” deyirdi.
Böyük izdihamlı şəhərlər əslində həm də tənhalıq yuvasıdır. Xüsusən ilhamı sinəsinə sığmayan yaradıcı insan üçün. Hələ bir də bu insanın bayağılığı həyatın mənasına çevirmiş bəsit düşüncəlilərin əhatəsində olduğunu təsəvvür edin. İstedadlı adamlarla söhbət edəndə onun gözləri gülür, dayaz, nə dediyini anlamayan, “Əlifba” ömründə oxuduğu yeganə kitab olan, taleyin istehzası ilə zənginləşmiş nadanlarla rastlaşanda sadəcə qanı qaralmır, açıqdan-açığa əsəbiləşirdi.
Dindar deyildi. Heç kim onun dinə nə qədər aludə olduğunu bilmirdi. Namaz qılmağını bir ayrıcalıq kimi nümayiş etdirən yalançı dindarların ordusuna dərs deyə biləcək qədər dərin biliyi vardı din sahəsində. Çantasında Quran gəzdirir, vaxtaşırı təkrar-təkrar oxuduğu ayələri müzakirə edirdi.
Bununla belə arabir teatrdakı otağında oturub xudmanı məclis qurmalarımız olurdu. Həyatdan sinədolusu zövq almağı bacarır, amma biznes, ticarət vulkanının qabağında aciz qalırdı.
Teatdrakı otağı demişkən, oradakı “Nuh Nəbidən” qalma bilgisayarında daim İran Azərbaycanından süjetləri izləyir, fars rejiminə sonsuz nifrətini heç vaxt gizlətmirdi.
Teatrda ab-hava da ahım-şahım deyildi. Rəhbərlik onun teatrından gəlir umduğuna, bizim ən yüksək məqamdakı “teatrsevərlər” də vurdumduymaz olduğuna görə, üzdəniraq qonşular o yerə tamah saldıqlarına görə çox vaxt mübahisələri olur, “Dərviş” teatrı yalnız onun iradəsi ilə ayaq üstə dururdu.
Deyiləsi o qədər söz, yazılası o qədər xatirə var ki…
İndi də şükürlər olsun, gündə zəngləşdiyim, dərdləşdiyim, höcətləşdiyim dostlarım var.
İndi də Qarabağ, Xocalı, Yanvar faciələrini müzakirə elədiyim həmkarlarım, həmfikirlərim var.
Hətta otuz il yoldaşlıq elədiyimiz halda hər uğursuzluğunda günahı başqasında görən inadcıl dostum da var.
Dindən, teatrdan, İrandan, Turandan danışa biləcəyim onlarca dost-tanışım var.
Amma yayın qızmarında adamın suyu, hərarətdən yananın havası çatmayan kimi mənim də bu azman şəhərdə Mərdanım çatmır…
Yarım il olmağa az qalır.
Cəfər Sadıq,
5 fevral 2018-ci il.
Moskva