ORTADAYAM


ORTADAYAM
Azərbaycandan uzaqda olduğuma,
Başqa ölkənin vətəndaşı olduğuma,
Heç bir rəhbərlik, hakimiyyət iddiasında olmadığıma,
İqtidarda olsam vəziyyəti düzəldə biləcəyimə və müxalifətdə olsam şəxsi marağım üçün piyakarlıq etməyəcəyimə
əmin olmadığıma,
Həm iqtidar, həm müxalifət adından danışıb ölkəni rəzalətə sürükləyənlərin bir çoxunun “dabbaqda gönünə bələd”” olduğuma,
İqtidarlı-müxalifətli Azərbaycanı bütöv şəkildə sevdiyimə,
İndiyədək — 1978-ci ildən hesablasaq, 40 ildə — heç bir müəllif yazım üçün bir qəpik belə sifariş, hədiyyə, təşəkkür, minnətdarlıq, nəhayət qonorar şəklində pul almadığıma, bunun üçün heç kimdən asılı olmadığıma,
Azərbaycanın bu gün öz tarixinin ən ağır dövrünü yaşadığını hiss etdiyimə,

Ölkədən kənarda istəyərək və istəmədən iqtidarı devirmək çağırışları ilə Azərbaycanı qardaş qırğınına sürükləyənləri və ölkənin daxilində iqtidarın verdiyi səlahiyyətlərdən sui-istifadə edərək bu qardaş qırğınının reallaşmasına şərait yaradanları gördüyümə,
Mənə həyat, təhsil vermiş, “”oğul”” demiş bir cənnətməkanın növbəti fəlakətə sürüklənməsini istəmədiyimə,
Azərbaycanda baş verən hadisələrin müəyyən qisminin kənardan idarə olunduğunu dərk etməyib bu oyunlara alət olanları “”oyatmaq”” istədiyimə,

İnsan ömrünün hüdudsuz olmadığını, buna görə də zərrə qədər də olsa fayda verə biləcəyin halda hərəkət etməyin vacibliyini dərk etdiyimə görə

ORTADAYAM!!!

Bu mövqeyə məni, vicdanımın səsindən başqa heç kim “”təyin etməyib””. Heç kəsdən sifariş almamışam, kiminsə bu mövqeyimi alqışlamasını və ya qınamasını istəmirəm.

Sadəcə olaraq bu mövqenin kürsülərinin boş olduğunu görürəm. Halbuki indi ən çox bu kürsülər dolu olmalıdır.
Dünyanın iki yüz ölkəsi arasında coğrafiyasına görə ən gözəli, yeraltı sərvətlərinə görə ən zənginlərindən biri olan Azərbaycan son 28 ildə qazandığı müstəqilliyi bügünki çəkişmələrdə zədələmək, hətta itirmək təhlükəsi qarşısındadır.

Dünyanın heç bir yerində mütləq ideal iqtidar yoxdur və ola bilməz. Özünü demokratiya ideallarına sadiq sayan ölkələr belə başqa ölkələri istismar etməklə öz vətəndaşlarına firavanlıq yaradır. Dediklərimi Azərbaycandakı qüsurlara haqq qazandırmaq kimi qiymətləndirənlər yanılırlar. Qüsurları qamçılamaqla, lənətləməklə, qarğış etməklə düzəltmək olmaz.

İqtidar, onun səltənətini sarsıdan çürük sütunları dəyişdirməyə çalışmadıqca öz məhvinə gedən yolu qısaldır.
Bu sütunlar hansılardır deyib sadalamağa başlayan kimi o sütunların tilişkələri qılınc-qalxana sarılacaq ki, ay aman, bu da bir düşmən. Yox, vallah da yox, billah da yox!

Azərbaycan diplomatiyasının başında Prezidentdən sonra Xarici işlər naziri durur. Onun (eləcə də bütün nazirlərin və məmurların) ana dilini mükəmməl bilməsi Vətənə sadiqlikdən sonra birinci şərt olmalıdır. Niyə Vətənə sadiqliyi ön plana çəkdim? Vətənin varlığı naminə müvəqqəti olaraq hər hansı strukturun, birimin başına ana dilini yaxşı bilməyən mütəxəssis gətirilə bilər. Ancaq bu mütəxəssisin qarşısına qoyulan ilk şərtlərdən biri ən qısa zamanda ana dilini öyrənməsi olmalıdır. Bəhanə olaraq təhsilin başqa dildə alınması göstərilir. Bunun əsassız olduğunu elə Prezidentin nümunəsi sübut edir. Xarici işlər nazirinin, Mədəniyyət nazirinin (istənilən başqa nazirin) ana dilini bilməməsi faktı kifayətdir ki, onlar ölkəni siyasi və ictimai meydanda azərbaycanlı kimi təmsil edə bilmədiklərinə görə başqa işə keçirilsinlər.

Dövlətin nüfuzunu yüksəldən, eləcə də zədələyən qurumlardan biri onun kütləvi informasiya vasitələridir. Televiziya və radio verilişləri, onların əsas strategiyası və ideologiyası dövlətin ciddi nəzarətində olmalı, senzura anlamında deyil, dilin təmizliyi, əxlaq normalarına riayət edilməsi baxımından gündəlik yoxlamaya tabe edilməli, bunun üçün də həmin sahəyə dili mükəmməl bilən, ölkənin siyasətini layiqincə təmsil edən, müstəqillik tələblərini özbaşınalıq kimi dərk etməyən mütəxəssislər rəhbərlik etməlidir.

Günün ən ağrılı problemi ölkədə rüşvətxorluq və korrupsiya ilə bağlıdır. Ölkəni məhvə aparan çürük sütunların ən çox aşılananı da budur. Səbri çatıb bu yerə qədər oxuyanların sifətindəki istehzanı hiss edirəm. “”Hə de görüm, “”ay moralist,”” buna nə çarə fikrləşmisən?”” deyə rişxəndlə cavab gözləyənlərə deyirəm: rüşvətin çarəsi yoxdur! O, xərçəng xəstəliyidir. Sadəcə həcmi və miqdarı var. Bu gün iqtidarı devirməyə çağıranların necə faizi əlinə imkan keçdiyində sadəcə maaşa işləyəcəyinə söz verə bilər? Bu rüşvətə haqq qazandırmaq deyil, reallığı dilə gətirməkdir.

Çarə? Qanunlara əməl olunmasına çalışmaq. Bir məmuru, millət vəkilini, icra başçısını yoxlama mexanizmini tətbiq etmək, qüsurlara, pozuntulara görə cəzalandırılmasını labüd etmək. Kim güclüdür prinsipi ilə yox, nənəm mənə kor deyib prinsipi ilə yox, qanunun tələbləri ilə hamını qanun qarşısında məsul tutmaqla.

Sadəlövhlükdür, deyirsiniz. Bəşəriyyət ayrı yol düşünməyib bu günə qədər. Ya bunu tətbiq edirik, ya da cəngəlliklərin qanunu ilə yaşayırıq.
Çox məsələlərə toxunmaq mümkündür və ortada dayananda onları qərəzsiz, hamı üçün faydalı şəkildə həyata keçirmək olar.
Təki ortada dayananların sayı çox olsun. Yoxsa mütləq tərəflərin biri tənha oturanı öz yanına çəkəcək.

Dedikləri, düşündükləri ağlına batsa.

CƏFƏR SADIQ


Bir cavab yazın