Moskvada şair Nəsib Nəbioğlunun təntənəli yubileyi keçirildi
DILININ DÜYÜNLƏNƏN KƏLMƏSI KƏLBƏCƏR OLAN ŞAIR
Yubiley gecəsində onu “nəğməkar döyüşçü”yə də bənzətdilər, “Azərbaycanın Yesenini”nə də. Adı çəkiləndə doğulduğu yer xatırlananlardan, doğulduğu yer xatırlananda adı çəkilənlərdən olmaq var bir də qismətdə. Onun qismətinə ilk pay kimi bu sözə sinonim olan Nəsib adı düşüb. Nəsibinə nələr düşdü?
Ad qoyan Nəsibinə nədən pay düşəcəyini bilməsə də, qismətinin nəsibindən ona verilən bəzən bölündü, kəm oldu, amma bunlara rəğmən o, bölücü olmadı, bölmədi, bölmür. Çünki bölməkdən qorxur. Bəlkə ona görə yaradıcılıq gecəsi, ömrünün 60 illik hesabat- yubileyində ondan doğulduğu yerlə birgə danışıldı. Özündən, sözündən söz açanların mətləbi yenə gəlib Kəlbəcər üstə dayandı.
“NƏSIBIN YEGANƏ SADIQ QALDIĞI BIR NƏSNƏ VARSA, O DA ƏLAHƏZRƏT POEZIYADIR!”
Həmkarı, məsləkdaşı, dostu şərqşünas alim, türkoloq AYB Moskva bölməsinin və “Ocaq” ədəbi cəmiyy’tinin sədri Tofik Məlikli: “Kəlbəcər deyiləndə Nəsibi, Nəsib deyiləndə Kəlbəcəri düşünməyimiz təsadufi deyil. Nəsib və Kəlbəcər- bu ifadələr bir-biriylə sıx bağlarla bağlıdır” –dedi onun haqqında.
“Nəsib Nəbioğlu çox sayda poeziya nümunələrinin müəllifidir. 43 il bundan əvvəl Kəlbəcərin Çaykənd kəndindən olan 17 yaşında oğlan özünün “Dəlidağ” adlı şeirini çap etdirib. Dəlıdağ “Cöşğun dağ” anlamındadır. Coşğun dağı, təbiəti olan bir yerdə dünyaya gələn birində ilham elə burdandır”.
Tofik Məlikli Nəsib Nəbioğlunun sözün həqiqi mənasında vətənpərvər bir şair olduğundan, butün yaradıcılığında Kəlbəcər mövzusunun bu və ya digər şəkildə əks edildiyindən danışdı. O, “Nəsibin yeganə sadiq qaldığı bir nəsnə varsa, o da əlahəzrət poeziyadır!”-dedi.
“KƏLBƏCƏR ONUN BIR PARÇASIDIR. NƏSIB KƏLBƏCƏRIN SEVINCINI, KƏDƏRINI YAZIR”
“Ocaq” cəmiyyətinin üzvü şair İlham Bədəlbəyli Nəsib Nəbioğlunu 35 ildir ki, tanıdığını söylədi. Səmimiliyindən, mülayim və kövrəkliyindən, bu insani keyfiyyətlərinin şeirlərinə də hopduğundan, Kəlbəcər ayrıllığına ağlayan və ağladan şairin vətənpərvər ruhundan söz açan İlham Bədəlbəyli də bir şeyi vurğuladı.
“Nəsib Vətənini, doğulduğu yeri yazır. Kəlbəcər onun bir parçasıdır. O, Kəlbəcərin sevincini, kədərini yazır. Kəlbəcəri hamıya tanıtdıran, sevdirən Şair, mən səni yubiley münsibətilə təbrik edirəm. Arzu edirəm ki, gələn yubileylərini doğulduğun Kəlbəcərdə keçirmək nəsibin olsun”-deyərək, ona söz sovqatı olaraq “Kəlbəcərə gedən yol” şeirini oxudu.
Gecədə iştirak edən Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Aqşin Əliyev səfir Polad Bülbüloğlunun Moskvada olmadığı səbəbdən burada iştirak edə bilmədiyini qeyd edərək, səfirin təbrik məktubunu oxudu. O, diplomatik korpusun bütün nümayəndələri və öz adından Nəsib müəllimi yubileyi münasibətilə təbrik etdi.
“AZƏRBAYCANDA YAŞAYAN ŞAIRLƏR DÖVLƏT YANINDA OLDUQLARI ÜÇÜN ONLAR ÖZ HAQLARINI ALIBLAR, LAKIN NƏSİB NƏBİOĞLU ONLARDAN FƏQRLİ OLARAQ ÖZ HAQQINI ALMAYIB”
Bu sözləri gecənin təşkilatçısı Dünya Azərbaycanlıları Konqresinin sədri, iqtisad elmləri doktoru Hacı Mirəşrəf Fətiyev N. Nəbioğlu ilə bağlı çıxışında dilə gətirdi. “Kəlbəcər dağları mənim doğulduğum Yardımlı dağlarına oxşayır. Nəsib müəllim, siz çox işlər görmüsünüz. Sizi təkcə Rusiya azərbaycanlıları deyil, bütün dünya azərbaycanlıları tanıyır və sevir. Azərbaycanda yaşayan şairlər dövlət yanında olduqları üçün öz haqlarını alıblar, lakin siz onlardan fərqli olaraq öz haqqınızı almamısınız”.
M. Fətiyev onu da vurğuladı ki, N. Nəbioğlunun fəxri adı yoxdur. Ona Azərbaycan Xalq şairi adı verilməyib. Amma onun adı, şeirləri xalqın dilində, qəlbindədir. Onu bütün dünya azərbaycanlıları sevir. O bütün Azərbaycan xalqının şairidir”.
DAK rəhbəri “Siz bizə milli vətənpərvərlik aşılayan qələminiz, bilikləriniz, təcrübələrinizlə hələ bir 60 il də gərəksiniz”-sözlərilə şairə ən səmimi arzularını çatdırdı.
Rusiya Yazarlar birliyi Moskva şəhər təşkilatının sədri, RYB-nin həmsədri Vladimir Boyarinov Rusiya və Azərbaycan şairi N. Nəbioğlunun yubileyinin Mərkəzi Ədəbiyyatçılar evinin zalında keçirilməsindən çox şad olduğunu söylədi.
“Bu bir işarədir. Həm də yaxşı işarədir. Yubileyinin Rusiyanın tanınmış ədəbi xadimlərinin, bəstəkarlarının yaradıcılıq və yubiley gecələrinin keçirildiyi bu müqəddəs ədəbi məkanda keçirilməsi sənə, sözünə olan dəyərin göstəricisidir”.
“QARŞIMIZDAKI KIMDIR, KIMIN YUBILEYINƏ TOPLAŞMIŞIQ? ONUN ƏDƏBI PORTRETINI CIZMADAN BUNA CAVAB VERMƏK OLMAZ! ”
V. Boyarinov bunları deyərək onun ədəbi portretini belə çızdı.
“1954-cü ilin mayında Kəlbəcərdə dünyaya gələn şairin 60 yaşı tamam olur. O, M.F.Axundov adına Azərbaycan Dövlət Pedoqoji və M. Qorki adına Moskva ədəbiyyat institutunun məzunudur. Çox sayda kitab və bədii tərcümələrin müəllifidir. Şeirləri Azərbaycan, Rusiya və dünya ədəbi jurnal, qəzet, almanax, toplularında çap olunub. Onun kitablarını Azərbaycanın xalq şairi M.Arazın şeirlərini rus dilinə çevirən tanınmış tərcüməçi Nikolay Qoroxov tərcümə edib.
İctimai statusu: Azərbaycan Yazıçılar birliyi Moskva bölməsinin katibi, Rusiya və Azərbaycan yazıçılar birliyinin üzvü, Beynəlxalq jurnalistlər assosiasiyasının üzvü, “Ocaq” ədəbi cəmiyyəti sədrinin müavini, Ümumrusiya Azərbaycanlıları konqresi idarə heyətinin üzvü.
Vladimir Boyarinov bu ədəbi porteti Nəsib Nəbioğlunu RYB Moskva şəhər təşkilatının ali mükafatı olan M.Y.Lermontov ordeni ilə təltif edərək tamamladı. Ordenin sovet ordenlərinin hazırlandığı müəssisədə düzəldildiyini də qeyd edərək, eyniadlı ordenlə bu yaxınlarda RF Xarici işlər naziri S. Lavrovun da təltif olunduğunu söylədi.
“M. ARAZ DEYIRDI: ONUN MAHNILARI MƏDHİYYƏ, SAZI ISƏ SATLIQ DEYIL”
Şairin kitabının tərcüməçisi Nikolay Qoroxov isə N.Nəbioğluya M.Arazın dilindən söylənmiş bu sözlərlə qiymət verdi. “M. Araz Nəsib Nəbioğlu haqda deyirdi ki, onun sözləri mədhiyyə, sazı isə satlıq deyil”.
Qoroxov N.Nəsiboğlunun yaradıcılığınan danışarkən ona “sən Azərbaycanın “Nəcib Yesenini”sən””- dedi.
Şair-tərcüməçi Mixail Sinelnikov da Nəsib Nəbioğlu yaradıcılığını vərəqlədikcə onun dramatik taleyinin şeirlərində təzahür etdiyi ilə qarşılaşırsan-dedi. “Onun torpaq, vətən ağrısı şeirlərində hiss olunur, oxucu o ağrıya biganə qala bilmir”. M. Sinelnikov Nəsib Nəbioğludan tərcümə etdiyi şeiri oxudu.
“YESENIN ÜÇÜN DOĞMA RYAZANI NECƏ SEVIMLIYDISƏ, NƏSIB ÜÇÜN DƏ KƏLBƏCƏR ELƏDIR”
Şairin M.F. Axundov adına institutda təhsil alarkən müəllimi olmuş, gecədə iştirak edən Bella Musayeva isə tələbəsinin bu gün qarşısında tanınmış bir şair, ictimai xadim kimi dayanmasından qürur hissi keçirdiyini söylədi. “Mən kəlbəcərli balasının rus dilini böyük həvəslə öyrənmək istəyini, Lermontov, Yesenin şeirlərinə marağını xatırlayıram. Hələ 1-ci kursda olanda “Nənəmin cəhrəsi” şeirini oxuyandan sonra ertəsi günü bütün institutda Nəsibin məhşur olduğunu xatırlayıram. “Hərdən indi ona çaşıb “ Nəsib müəllim” –deyə müraciət edirəm və sonra , “axı, mən onun müəllimiyəm”-deyirəm.
“Nəsib quşların səsi, bulaqların zümzüməsi, nənəsinin cəhrəsinin “”nəğməsini”” dinləyərək böyüyüb. Yesenin üçün doğma Ryazanı necə sevimliydisə, Nəsib üçün də Kəlbəcər elədir. O, hər zaman özünə tənqidlə yanaşan biridir. Hamıya kömək edə bilmirəm-deyə özündən gileylənir”. Rusiya dövlət linqivistika universitetinin “”Azərbaycan dili və ədəbiyyatı mərkəzi””nin direktoru, filologiya elmləri doktoru Bella Musayeva çıxışına davam edərək “Nəsib, sən şeirlərinlə insanları birliyə, bütövlüyə səsləyirsən. Sənin poeziyan vətənin çiçəklənməsinə, insanların rifahına xidmət edir”-dedi.
“NECƏ OLUR, KÖNÜL KEÇIR GAH O DAĞDAN, GAH BU DAGDAN… BUNU ANLAMAQ ÜÇÜN O DAĞLARI GÖRMƏK LAZIMDIR”
Şairin yaxın dostu, H.Əliyevin hakimiyyəti illərində Azərbaycanda nazir müavini işləmiş Vyaçeslav Şvetsov N.Nəbioğlu haqqında çıxışına Lunaçarskinin sözləri ilə başladı. Dostu haqqında çıxış edən Lunaçarskiyə “sən nə tez hazırlaşdın, soruşulanda, o deyib ki, mən bu çıxışa bütün ömrüm boyu hazırlaşmışam”. İndi mən də 40 illik dostumun çıxışına uzun illərdir hazırlaşmışam, çünki onun haqqında hələ sovet dövründə Kəlbəcərdə ezamiyyətdə olarkən eşitmişdim. Bizim taleyimiz qəribə rəqəmlərdə toqquşur. Mən ömrünün çoxunu Azərbaycanda keçirən rusam. O ömrünün çoxunu Rusiyada keçirən azərbaycanlıdır. Nəsibin şeirləri mənə sevdiyim Azərbaycan qədər doğmadır. Elə o zaman da oxuyurdular:
Könlüm keçir Qarabagdan
Gah o dağdan, gah bu dağdan,
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi
Qarabagın şikəstəsi-
S.Vurgun şeirindən bu bəndi Azərbaycan dilində əzbər deyən V. Şvetsov davam edərək: “Və mən bunu dinləyib düşünürdüm, necə olur, könül keçir gah o dağdan, gah bu dagdan… Bunu anlamaq üçün o dağları görmək lazımdır. Bir gün H.Əliyev məni Kəlbəcərdən məlumat toplamaq üçün 3 günlüyə oraya ezam etdi. Mən vertolyotla ora uçmalı oldum. Pilot qarşısında xəritə dağlar üstündən üçür, enməyə yer tapmırdı. Mən ona “”bəlkə sağa üçasan””- dedim, o, dedi ki, xəritə belə göstərir. Bir meydança tapıb endik. Baxdım hər tərəf dağ, meşə. Hardansa bir qadın, sonra bir kişi çıxdı. O zaman dağların bir-birinə söykəndiyini anladım. O yerlər elə bir möcüzəli yer idi ki, mən vaxt tapıb oranin tarix-diyarşünaslıq muzeyinə getdim. Hamı Bakıdan gələn bir rusun o zaman rayon komitəsinə deyil, muzeyə getməsindən sevinclə danışırdı. Mən Kəlbəcəri görəndən sonra anladım ki, orada doğulub, şair olmamaq mümkün deyil”.
Gecədə çıxış edən görkəmli hüquqşünas, baş ədliyyə müşaviri, 90-cı ilin əvvəllərində Bakı şəhərin baş prokuroru olmuş Məmməd Quliyev N. Nəbioğlunun şeirlərində:””vətənpərvərlik ruhunun, Azərbaycan diyarının gözəlliklərini tərənnümilə yanaşı, bu torpaqların düşmən tapdağı altında olmasılə barışmazlıq var””- dedi.
“ Nəsib elə bir yerdə dünyaya gəlib ki, o yer özü təbii sərvətlərlə zəngin oldugu kimi, həm də Azərbaycana istedadlı şəxsiyyətlər verməsi ilə də zəngindir. Nəsib məhz o torpağın oğludur. O, yaxşı şair olmaqla bərabər, həm də sadə insandır. Bu qədər yaradıcılığı olan insan onunla öyünmür. Nəsib torpağı tələb edir, eılini tələb edir. O bunun yolunu da göstərir. Onun bir yolu var, o da birlik, bütövlükdür.
“NƏSİB HEÇ BIR DƏNƏ ŞEİR YAZMASA BELƏ, TƏKCƏ BU XIDMƏTI AZƏRBAYCANIN ƏMƏKDAR INCƏSƏNƏT XADIMI ADINI ALMAĞA YETƏR”
Rusiya jurnalistlər birliyinin üzvü jurnalist Cəfər Sadıq AYB Moskva bölməsnin katibi Nəsib Nəbioğlunun xidmətlərinə diqqəti cəlb etdi.
“Bizdə ticarətə meyl güclüdür. Ticarətdə bir komissiya təsəvvürü var. Bir müəssisənin malını satana faiz ödənilir. Bu maddi məsələlərdə pulla ölçülür, mənəvi məsələlərdə başqa dəyərlə hesablanmalıdır. Başqasının malını satanlara təmsilçi, agent, broker, diler və s. deyirlər. Analoqu olmayan AYB-nın Moskva bölməsinin təmsilçisi də, brokeri də, dileri də Nəsib Nəbioğludur. Onun son bir neçə ildə şair, istedad sahibi, Yazıçılar birliyinin üzvü olmağa layiq olduqlarını üzə çıxardığı neçə-neçə insanlar var. Heç bir dənə şeir yazmasa belə, təkcə AYB qarşısında bu xidməti Azərbaycanın əməkdar incəsənət xadimi adını almağa yetər”.
Cəfər Sadiq Nəsib müəllimlə aralarında tez-tez mübahisə düşdüyündən də danışdı. Hər mübahisədən sonra bunun nədən qaynaqlandığı haqqında düşünüb nəhayət ki, bir müddət əvvəl bunun cavabını tapdığını dedi.
“Nəsib 11 iqlimdən 9-u olan Azərbaycanın ən dilbər güşəsi olan Kəlbəcərin dağ rayonunda dünyaya gəlib. Mən isə Şəkinin dağətəyi, hətta aran deyiləcək bir kəndində. Demək o bütün məsələlərə yuxarıdan aşağı, mən isə aşağıdan yuxarı baxıram.
Nəsib Nəbioğlu,
Bilirsınmi şairlərin
Gecənin qəmli çağında,
Yuxunun şirin yerində
Yerindın getməyi olur.
Şairlərin qaranlıq bir küncə çəkilib
Öz-özünə dil-dil ötməyi olur.
Zülmətin, dərdin içində
əriyib itməyi olur.
Buz bağlanmış eyvanlnda
səhərəcən
heykəl tək bitməyi olur
Yaxşı ki, sevmədin məni.
-deyib, şairin bir də qonşu qıza sevgisindən yazdığı “Etiraf ” şeirini yada saldı.
Nəsib, səni bu salona toplaşan insanların yüzlərlə mislində insan sevir-deyib ona uzun ömür dilədi.
Nəsib Nəbioğlunun sonda “Qonşu qız, bağışla, səni sevməyim, ağlımın kəsməyən vaxtına düşdü” misrasıyla bitən “Etiraf” şeirini söyləməsi salonu gürültulu alqışa bürüdü.
Gecə boyu Nəsib Nəbioğlunun həyat və yaradıcılığına həsr olunmuş videolent göstərildi, şairin sözlərinə bəstələnmiş manhılar səsləndi.
Gecənin bədii hissəsini Əməkdar artist, tarzən Qorxmaz Axundovun rəhbərliyi ilə muğam üçlüyünün ifasında “Bayatı-Şiraz” muğamı, bəstəkar-müğənni Sərxan Sərxanın ifası, Ramazan Ramazanovun ifasında bəstəkar Asya Sultanovanın şairin sözlərinə bəslədiyi “”Azərbaycan oğulları”” mahnı, Moskva məktəbliləri arasında keçirilən istedadlar müsabiqəsinin laureatı Nigar Zakirovanın skripkada ifa etdiyi “Ayrılıq”, “Sevgili canan”, Orxan Türkoğlunun sazda səsləndirdiyi gözəl ifalar bəzədi.
Rusiyada yaşayan rəssam İlhamə Qurbanova şairin yağlı boya ilə işlənmiş, arxasında Kəlbəcər dağları əks olunmuş portretini yubilyara hədiyyə etdi.
Yubiley gecəsində Ruisyada fəaliyyət göstərən diaspor təşkilatlarının və digər ictimai təşkilatların nümayəndələri iştirak edirdilər.
Tünzalə Vəliqızı, Moskva
/Yenises.ru/
FOTOLAR YENİSES.RU-NUNDUR