“YASMİN” dən başlanan yol “Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA müsahibə


“YASMİN” dən başlanan yol 		“Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA  müsahibə
Bizim İnstitutun (İndiki Mədəniyyət Universiteti) dram və kino aktyorluğu fakultəsini bitirib. Bir neçə il “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Epizodlara çəkilməkdən bezərək o vaxtlar işlədiyim Mingəçevir Dövlət Dram Teatrına gəlmişdi, sənətini səhnədə davam etdirməyi qət etmişdi. Bir sıra tamaşalarda maraqlı rollar oynamışdı. 90-cı illərin ortalarında hər yeri bürümüş iqtisadi və mənəvi çətinliklər ucbatından o da teatrı tərk etməli oldu. Uzun müddət onu görmədim, haqqında heç nə eşitmədim. Günlərin birində Feysbukda bir dostluq təklifi aldım: “Mosfilm”in aktyoru. Təəccüb qaldım, bu kim idi görəsən? Bir az sonra ondan video zəng gəldi. Doğma, tanış sifət. Heç demə, bizim Fərhad imiş bu. Sonralar tez-tez belə vido görüşlərimiz oldu. Bu virtual müsahibə də həmin söhbətlərdən yarandı.

– Ay Fərhad, oralara necə gedib çıxmısan?

– Ee, uzun əhvalatdır. Hər şeyi ətraflı danışsam, böyük bir roman alınar. Qısaca onu deyim ki, 90-cı illərin ortaları idi, elə bir vəziyyət yaranmışdı ki, gündəlik çörək almağa pul tapa bilmirdim. Ondan borc, bundan borc… Əslində, hamı mənim günümdə idi. Sənət qurban tələb edir deyirlər, ancaq daha qurban veriləcək heç nəyim qalmamışdı. “Əlvida, səhnə!” deyərək doğulduğum Tovuz rayonunun Eyublu kəndinə qayıtdım. Burda da vəziyyət eyni idi. Elman adında bir əmim oğlu vardı, Rusiyanın Kemerov şəhərində işləyirdi. Yolun yarısını qonşumuz Elinin “Kamaz” maşınında, yarısını qatarla onun yanına getdim. Üz tutdum bazara, meyvə alıb satmağa. O qədər sıxılırdım ki. Ancaq başqa çarəm yox idi. Bir qalstukum vardı, onu boynumdan açmırdım, guya ziyalılığımı, mədəniliyimi qoruyub saxlamaq istəyirdim. Hiss etdim ki, qalstuklu alverçiyə baxıb xəlvətcə gülüşürlər. Atmağa heyifim gəldi, onu açıb elə gizlətdim ki, heç indi də tapa bilmirəm. Yalnız onunla təsəlli tapırdım ki, burda “ziyalı” alverçi tək mən deyildim, ətrafımda müəllim də vardı, həkim, mühəndis, hətta elmlər namizədi də vardı. Onlar da mənim kimi ailələrinə çörək qazanmağa gəlmişdilər. Az-çox pul əldə edirdim, ancaq içimdə boğulmaqda olan sənət arzularım əzab verirdi mənə.

-Bəs Moskvaya necə gəlib çıxdın?

– Sənət müəllimim Adil İskəndərov olub. Rəhmətlik mənə həmişə böyük qayğı və ümid bəsləyərdi. Hələ ikinci kursda oxuyarkən mənə S.Vurğunun “Xanlar” pyesində M.Əzizbəyov, diplom tamaşamız olan “Eşq və intiqam”da Çingiz kimi baş rollar vermişdi. İçimdə boğulan sənət məhəbbətimdən çox o böyük sənətkarın ümidlərinin, zəhmətinin hədər getməsi mənə heç dinclik vermirdi. İqtisadi vəziyyətim bir qədər düzəlmişdi, ailəmi də gətirmişdim yanıma. Ürəyimin dərinliklərində gizlətdiyim sənət arzularım elə bil yenidən dirçəlməyə başlayırdı, tufandan, borandan sonrakı təbiət kimi. Yuxularımda elə hey özümü səhnədə görürdüm, ekranlarda görürdüm. Bir klub, dərnək də varsa axtarırdım ki, heç olmasa azarımı öldürüm. Ancaq Kemerovda belə bir yer tapa bilmədim. Həm də bura çox soyuq idi. Surquta, sonra da Moskvaya köçməli olduq. Eh, bu yollarda bilsən necə əzablar, zülmlər çəkmişəm. Kemerovdan Surquta gələrkən qarşılaşdığım dəhşətli hadisəni heç zaman unuda bilməyəcəyəm. Yoldaşım, iki övladım və mən qışın sərt bir vaxtında “Qazel” lə yola çıxdıq. Maşını da özüm sürürdüm. Hər iki tərəfi adam boyda qara bürünmüş bitib-tükənməyən bir yol, nə gələn var, nə gedən. Ön şüşə buz bağlayıb. Nəfəsimlə isidərək balaca bir yer açıram ki, qabağı görə bilim. Maşının sobası var gücü ilə işləyir, ancaq heç qızına bilmirik. Bu da azmış kimi birdən maşın yerində donub qaldı. Düşündüm, vəssalam, işimiz bitdi. Yeganə bir ümid vardı, maşının təkərlərini çıxardıb bir-bir yandırmaq, bir az isinmək. Bəlkə bu vaxtacan yoldan bir maşın gəlib keçərdi, bizə kömək edə bilərdi. Bu məqsədlə yerə düşdüm. Külək adamı yıxırdı. Birdən ağlıma gəldi ki, o qədər başım çıxmasa da, qoy bir kapotu qaldırıb baxım. Gördüm ki, su şlanqı partlayıb. Sevincdən canıma hərarət gəldi. Bir köhnə şlanq vardı, onu saldım, ancaq sıxıb bağlamağa xamıt yox idi, bir qırıq məftil də tapa bilmədim. Ləngidiyimi görən yoldaşım kabinədən düşüb yanıma gəldi. Gözüm onun başındakı şalın altından işıldayan saç sancağına sataşdı. Elə bil qaranlıqdan işığa çıxdım. Sancağı kəlbətinlə sıxıb şlanqı yerinə bağladım, yolumuza davam etdik. Təsadüfə bax, əgər yoldaşım düşüb yanıma gəlməsəydi, o saç sancağını görməsəydim, bəlkə də biz hamımız orda yağmaqda olan qarın altında donub qalacaqdıq…

Moskvada kirayəyə bir daxma ev tutdum. Günüm yenə bazarda keçirdi. Boş vaxt tapan kimi mədəniyyət evlərini, teatrları gəzirdim ki, bəlkə sənətimə uyğun bir iş tapdım. Rus dilli olmadığıma görə heç yerdə məni yaxına buraxmırdılar. Qızımın təkidilə “Mosfilm”ə şəkil verdim, ali təhsilim haqqında, bəzi filmlərə çəkilməyim, teatrda rollar oynamağım barəsində də qısaca məlumat yazdım.

Günlər keçirdi. Kinostudiyadan da xəbər çıxmadı. Fikirləşdim, eh, Allah bilir, hara atdılar şəklimi, yazdığım məlumatı.

Tez-tez Azərbaycana gəlirdim, tələbə yoldaşlarımla görüşürdüm. Filmə çəkilənlər vardı, onların köməyi sayəsində mən də bir neçə ekran əsərində kiçik də olsa rol ala bildim. “Tehran-43”, “Uzun ömrün Akkordları”, “Qorxma, mən səninləyəm”, “İşgüzar səfər”, “Gümüş furqon”, “Məhəbbət əfsanəsi”, “Gürzə”, “Ünvansız sevgi” və sair bi kimi filmlər.
Çəkildiyim filmlər televiziyada nümayiş olunurdu, dost-tanışlardan, doğma kəndimizdən, anamdan, ən çox da mülayim xasiyyətli, hər şeylə maraqlanan, kübar təbiətli Gilas nənəmdən təbriklər alırdım.Təbii ki, bütün bunlar məni sevindirməyə bilməzdi. Lakin hiss edirdim ki, böyüklü-kiçikli bu rollarım nəsə əsil yaradıcılıq deyil, sanki içimdə illərdən bəri açılmış boşluq dolmurdu, nəsə başqa bir şeylər həsrətində idim.

– Bəs haçan qovuşa bildin həsrətində olduqlarına?

– Nəvəmin yaşı idi. Evdə bir neçə qonaqla oturub balaca şadyanalıq edirdik. Birdən telefonum zəng çaldı. Özünü Saşa kimi təqdim edən birisi məni yeni bir filmin çəkilişi ilə əlaqədar sabah “Mosfilm”ə gələ bilib-bilməməyimi soruşdu. Elə güman etdim ki, tanışlardan kimdisə mənimlə məzələnir. Öz dilimizdə ona kobud bir cavab verib dəstəyi qoydum. Bir müddət keçincə Saşa dediyimiz yenə zəng etdi, narahatçılığa görə üzr istəyərək bayaq heç nə anlamadığını söylədi və bildirdi ki, sabah mütləq kinostudiyada olmalıyam. Yox, deyəsən bu zarafata oxşamıdı. Səhəri günü məlum oldu ki, “YASMİN” serialı üçün sınaq çəkilişləri başlanıb, məni də əvvəlcə Səlim roluna, sonra isə İbrahim roluna yoxladılar. Rolların təsdiqi düz dörd aya qədər uzandı. Bu müddətdə, bir Allah bilir, nə hisslər keçirdim. Gözüm telefonda qalmışdı, düşünürdüm, bəlkə bu gün zəng edərlər, ya sabah zəng edərlər, hansı rola təsdiq olunmağımı xəbər verərlər. Ümidim təmiz üzüldü, fikirləşdim, yəqin məni çəkəsi olmadılar.

Nəhayət bir axşam gözlədiyim zəng gəldi. “Yasmin”in kasting direktoru Qalina Alekperovna idi. Əvvəlcə əhvalımı soruşdu. Özümü sındırmadan dedim ki, yaxşıyam. Sonra dedi, indi lap yaxşı olacaq. Məni İbrahim roluna təsdiq etmişdilər, sabah çəkilişlər başlayırdı. Bütün ömrüm boyu belə sevindiyim olmamışdı. İnan ki, səhərə qədər yata bilmədim. Zarafat deyildi, 200 seriyalı bir film idi. Düzdü, çəkilişlər 62-ci seriyadan sonra dayandırıldı, ancaq bu 62 seriya qısa bir müddətdə çox uğurla çəkildi. Filmin 25 seriyası Moskvanın Birinci kanalı ilə nümayiş olundu, YOUTUBE portalında yerləşdirildi. Bu sevincimin əsas səbəbi yalnız yeni yaradıcılıq yolunun açılması, maddi vəziyyətimin düzəlməsi deyildi. Demək, Allahım illərdən bəri ürəyimdə qovrulan çəkilmək həsrətini, yollarda, bazarlarda çəkdiyim əziyyətləri, sıxıntıları, işgəncələri unutmamışdı, bütün bunların əvəzi olaraq yetirmişdi bu fürsəti mənə. Çox ehtyat edirdim ki, sənətdən bu qədər gen düşdüyümə görə rolun öhdəsindən gələ bilməyəcəyəm. Tanrım yenə köməyimə çatdı, mənə gözləmədiyim bir güc, qabiliyyət verdi, ifam pis alınmadı. Bu filmdən sonra digər çəkilişlərə dəvətlər aldım, məni hətta ştata da götürdülər.

– Youtube-da mən seriyaların hamısına baxdım. Açığını deyim ki, təkcə sənin oyunun deyil, eləcə də orda çəkilmiş digər azərbaycanlı aktyorların da ifası məni çox sevindirdi. Bu bizim aktyor sənətimizin böyük qələbəsi idi. Bəs bu aktyorları kim dəvət etmişdi o filmə?

– Filmdəki hadisələrin çoxu Türkiyədə baş verirdi. Müxtəlif məqsədlərlə İstanbula gəlib çıxmış üç rus qızının müsəlman şəhərində yeni bir həyata başlaması, bu yolda qarşılaşdıqları çətinliklər, qələbələr, sevincli, kədərli günlər, hadisələr barəsindədir “Yasmin”. Təbii ki, Türkiyə səhnələrində türk aktyorları çəkilməli idilər. Ancaq qonarar məsələsində onların çoxu kinostudiyanın təklif etdiyi məbləğlə razılaşmadı. Belə olduqda mən təklif etdim ki, bəlkə bizim aktyorları sınayasınız, azərbaycanlılarla türklər arasında axı elə bir fərq yoxdur. Açığı, əvvəlcə ehtiyat etdilər, inana bilmədilər ki, bizdə onları tələblərini ödəyə biləcək aktyorlar olsun. Sonra mən bizim təhsil sistemindən, illərdən bəri hər yerdə Stanislavskinin yaşama məktəbinin tədris olunduğundan danışdım. Nəsə razılaşdılar, yalnız sınaq məqsədilə bir xeyli aktyor dəvət etdik. Ilqar Musayev, Ələkbər Əliyev, Zaur Həmidov, Səmayə Sadıqova, Amaliya Pənahova, Gulsabah muəllimə, Tərlan Şahbazov, Şahmar Qəribli… İnanırsınızmı, hamısı sınaqdan uğurla keçdi və filmdə rol ala bildilər. Aktyorlarımızın ifası çəkiliş qrupunu heyrətə salmışdı, hətta rus aktyorları ilə müqayisədə bizimkilərin daha professional omasını belə etiraf edirdilər. İlk dəfə idi ki, rus filmində bu qədər azərbaycanlı çəkilirdi, özü də uğurla. Öz-özlüyümdə balaca bir qürur hissi yaşayıram ki, bu tarixi hadisədə mənim rolum olub.

– Bizdəki çəkilişlərlə ordakı çəkilişlər arasında nə fərq vardı?

– Açığı, elə bir fərq görmədim. Bilirsən, əsas fərq rejissorlarda olur. Elə rejissor var ki, aktyoru rolun tələblərinə görə yalnız öz diktəsilə oynadır, bəzi rejissorlar isə aktyora tam sərbəstlik verur, aktyorun daxili imkanlarının üzə çıxmasına şərait yaradır, söz yox ki, yenə də öz istəkləri çərçivəsində. Burda çox gözəl yaradıcılıq şəraiti vardı, elə bil hər şey aktyora xidmət edirdi, onun bacarığının maksimum şəkildə üzə çıxmasına yönəlmişdi. Çəkiliş zamanı tam sakitlik olurdu, inan ki, milçək uçsaydı, səsi eşidilərdi. Hətta hər ayın sonunda bütün yaradıcı qrup üçin ziyafət təşkil olunurdu, süfrə arxasında qeyri-rəsmi formada görülmüş işlər, görüləcək işlər barəsində söhbətlər aparılırdı. Rejissorumuz Kseniya Zarutskayanın, ikinci rejissor Vyaçeslav Kaminskinin iş metodu çox gözəl və təqdir ediləsi metod idi.

– Türkiyə səhnələri harda çəkilirdi, pavlyonda, yoxsa İstanbulda?

– Pavilyonda çəkilib. Elə gözəl, həm də çox bahalı elə dekorasiya düzəltmişdilər ki, özünü tamamilə İstanbulun Sultan Əhməd məhləsində hiss edirdin. Bir sözlə, kiçik bir Sultan Əhməd məhləsi yaradılmışdı pavilyonda, ən xırda detallarına qədər dəqiqliklə.

– “Yasmin”dən sonra həyatında boşluqlar yarandı, yoxsa digər filmlərə dəvət ala bildin?

– Bir az əvvəl demişdim, “Yasmin” elə bil ki mənim üçün uğur talismanı oldu. Bu filmin istehsalı dayanar-dayanmaz ssenarist Anna Kozlovanın “1001 gecə” nağılları əsasında işlədiyi “Yeni Şeherzade” filminə çağırıldım. Bu dəfə sınaq çəkilişi çox qısa oldu. Filmdə əsas pollardan birini mənə həvalə etdilər. 38 seriya nəzərdə tutulmuş bu maraqlı ekran əsərinin artıq dörd hissəsi hazırdır. May ayının 2-də yenə Birinci kanalda filmin təqdimatı oldu. Qədim dövrlə bu günün montajı şəklində çəkilmiş film tamaşaçılar tərəfindən, həm də kino tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.

Uğur uğur gətirər, deyiblər. “1001” gecənin çəkilişləri yarı olmamış “Bizim həyətdə” adlı yeni bir filmə dəvət olundum. Bu dəfə ən maraqlı cəhət o idi ki, heç bir sınaqsız-zadsız birbaşa çəkiliş meydançasında gözləyirdilər məni.

– Özün yaxşı bilirsən ki, sınaq çəkilişləri iki məqsədlə olur. Bir aktyorun bacarığını yoxlamaq üçün, bir də aktyorun rola nə dərəcədə uyğun gəlməsini müəyyənləşdirmək üçün. Bu məqsədlə hətta ən məşhur aktyorları da sınaqdan keçirdirlər. Sənin birbaşa çəkilişə dəvət almağın, yəqin ki, rejissorun sənə inamından, sənin özünü kamil bir aktyor kimi sübut etməyindən irəli gəlir. Bu böyük nailiyyətdir, qələbədir, hansı ki, hər aktyora nəsib olmur… Fərhad, sonuncu bir sualım var: Bu cür qələbəyə, nailiyyətə yetişənə qədər çox çətinliklərdən, əziyyətlərdən, həsrətlərdən keçib gəldiyini deyirsən. Necədir, bu uğurların, sevinclərin arxada qalmış o əzablarını unutdura bilibmi?

Nə danışırsan? Onları heç unutmaq olar? Onları yaddan çıxartsam, bu günki fərəhli işlərimin sevincini dərindən duya bilməzdim. Bəlkə də Tanrım məni o əzablarla sınağa çəkib, sənət məhəbbətimə etibarımı yoxlayıb. Ən çətin, ağrılı anlarımda da bu sevgi qəlbimdən uzaqlaşmadı. Hərdən özüm-özümə deyirəm, görəsən o işgəncələrlə bu günki sevinclərimi tərəzinin ayrı-ayrı gözünə qoysaq hansı ağır gələr?

– Bilirsən, yadıma nə düşdü? Hal-hazırda biz teatrda İ.B.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsi əsasında tamaşa hazırlayırıq. O əsərin son cümləsində deyilir: “Xoşbəxtliyə qovuşmaq ürəkdən sevənlərin, həqiqi aşiqlərin əsil haqqıdır.” Bütün qazandığın qələbələrin, uğurların da sənin əsil haqqındır. Adını unutduğum bir dahi deyərdi ki, ürəyində nəyə qarşısa sönməz məhəbbət varsa, o gec-tez mütləq səni xoşbəxtliyə qovuşduracaq. Qoy qəlbindəki bu sənət sevgisi heç zaman sönməsin, o mütləq sənə arzuladığın uğurları gətirəcək. Yeni-yeni filmlərdə görüşənə qədər.

Füzuli YAVƏR (SƏRKƏROV)

http://facebook.com/SERKEROV

FOTOLAR Yenises.ru-nundur

“YASMİN” dən başlanan yol 		“Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA  müsahibə
“YASMİN” dən başlanan yol 		“Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA  müsahibə
“YASMİN” dən başlanan yol 		“Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA  müsahibə
“YASMİN” dən başlanan yol 		“Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA  müsahibə“YASMİN” dən başlanan yol 		“Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA  müsahibə
“YASMİN” dən başlanan yol 		“Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA  müsahibə
“YASMİN” dən başlanan yol 		“Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA  müsahibə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir