O DÜNYA-HƏR KƏSİN ÖZ DÜNYASIDIR!


O DÜNYA-HƏR KƏSİN ÖZ DÜNYASIDIR!

AFAQ ŞIXLI

O dünya – hər kəsin öz dünyasıdır!

Daha maraqlıdır o dünya mənə!
Orada atam var, anam var mənim.
Orada üzünü görə bilməyib,
Sevə bilmədiyim balam var mənim.

Orada şıx babam, vəfalı nənəm,
Nəslimdən, soyumdan neçə igid var.
Orada bu yurdu vətən eyləyən,
Minlərlə, canından keçən şəhid var.

Orada kimsəni əzməz ki, dövran,
O, gözüdönmüşlər dünyası deyil.
Mənsəbə sığınan, pula tutunan,
Diriykən ölmüşlər dünyası deyil!

Yamana – cəhənnəm, yaxşıya – cənnət,
Həqiqət, ədalət, düz dünyasıdır!
Nə qərib yox orda, nə də ki, qürbət,
O dünya – hər kəsin öz dünyasıdır!

05.06.2020


Bir cavab yazın