HARA GEDIR İNSAN?!
Qəlbimizdə bir arzu, bir ümid, bir dilək… sevinərək getdiyimiz yollar…
İçimizdə həsrət və yanğıyla döndüyümüz yollar…
Doğru yollar – bizi bəxtimizə qovuşduran yollar…
Elə birinci cığırda yanıldan, sapdıran yollar…
Getdiyimiz yolun sonunda bizi nə gözlədiyini bilsək də, bilməsək də hey gedirik…
Bu yolun haradasa nə vaxtsa bitəcəyini bilirik, amma yenə də dayanmırıq.
Nədir məqsədimiz?
Hara gedirik?
Hara gedir insan?
Ulu babalarımızın getdiyi və sona yetirdiyi bu yolları indi biz tapdalayırıq…
Bir gün sevinc, bir gün qəm yağışı yağsa da…
Bir gün ümid, bir gün nagümanlıq olsa da.
Hey yürüyürük, irəli…
Arxamızda buraxdıqlarımızın həsrətini çəkərək…
İrəlidə görmədiklərimizi arzulayaraq…
Sonsuz qaçhaqaçda bu günümüzü də unuduruq, bəzən.
Bu gün sabahın, sabahsa o biri günün intizarındayıq.
Fəsillər ötdükcə sevinirik, amma keçən günlərin arasında valideynlərimizin saçlarına dən düşdüyünün, özümüzün daha dünənki qədər saf, dünənki qədər şəffaf olmadığımızın fərqinə belə varmırıq…
Bu yolun sonunda nələr var, nələr…
Hər an ömrümüzə bir iz salacaq.
Acılıb getdikcə ağ səhifələr
İllərin yükünü unutduracaq.
Hara aparırsınız bizi yollar?
Bəlkə ona görə bu qədər cazibədar və maraqlısınız ki, biz sizinlə bir addımlayaq?
Və bir gün bitəçək qədər vəfasız olduğunuzu unudaq?