NƏSƏ ÇATMIR…
“Pişiyin əli ətə çatmayanda deyər ət iylənib”.
Bir ara başlamışdım atalar sözləri haqda yazmağa, sonradan deyəsən pişik asqırdı, ya da nə bilim, mousumun (siçanımın) qabağına qara pişikmi çıxdı…daha yazmadım. Deyəcəksiz ki, bu kişi yenə başladı siçan-pişikdən yazmağa. Qardaş, neyniyim, ölkəsinin gündəmini “zoopark, zoosirk” söhbətləri bürüyən bir yazar bundan artıq necə yazsın? Amma deyəsən axı zooparkda siçan-pişik olmur, həə…? Nə isə… “Tiq-Tiq” xanım multfilmindəki soldöş pişik demişkən “yeri deyiil, hövsələn olsun…”
Hə, onu deyirdim, insan niyə qəmə-dərdə düşür? İnsan niyə gileylənir, niyə üsyan edir, nə vaxt ağlayır? O vaxt ki, nəyisə çatmır. Misal üçün anam deyərdi ki, mənim sənə öyrətmədiyim yeganə şey ağlamaqdı. Çünki doğulan kimi, hələ səni qucağıma almamış sən başladın ağlamağa.
Sonradan bildim ki, körpə doğularkən ona görə ağlayır ki, havası çatmır və bu ağlamaq onun üçün həyati məna kəsb edir. Ağlamasa pisdi, gərək ağlasın ki, ciyərlərinə hava dolsun. Hətta bəzən körpə – kişilik eləyib ağlamaq istəməyəndə (axı kişi ağlamaz deyirlər) yanının ətli yerinə bir şapalaq da vururlar ki, köppəyoğlu, ağla!
…Bir az böyüdüm, bu səfərki bəzi şeylərə boyum çatmadı. İnanırsız, əlim evin qapısının cəftəsinə çatmır deyə ağladığım günlərim olub mənim. Qardaş canı. Əlim çatdığım yerlərə də anam qoymazdı. Bəlkə də bu əlçatmazlıq səbəbindəndir ki, misal üçün, indi də hədsiz qənddan məhəbbətim var mənim…
Heç yadımdan çıxmaz, uşaq idik kənddə mağar toyları olardı. Varlısı, kasıbı hamı mağar toyu edərdi övladına. Fərqi yalnız bu olardı ki, varlı – balasının toyuna “aşıqçılardan” (musiqiçilərə belə deyərdik) başqa bir iki aktyor da gətizdirərdi. Millət də axışardı mağara. Basa-bas olardı. Hə, indi bax görüm bu balaca boyla necə baxırsan toya? Əli, Vəli, Pirvəli, birbirimizə qoşular, bir “fortuçka” tapıb toya baxmaq üçün mağarın dörd tərəfini dövrə vurardıq, amma çi fayda, tapa bilməzdik…Sabahkı gün məktəbdə həmin toya qoyduğumuz diaqnoz belə olardı: – Ayə, o nə toy idi, bir köpüklük toy olmadı. (yenə pişik-ət məsələsi)
Bir az daha böyüdüm…Sonralar pul çatışmazlığından əziyyət çəkməyə başladım. Hamı kimi…
Bob Marlinin özündən zindeyi-zəhləm getsə də, maraqlı bir sözü var onun, deyir: “Atam uşaqkən şərt kəsmişdi mənimlə; bütün dərslərimdən “5”” ala bilseydim, mənə velosiped alacaqdı. Sırf bu üzdən bəzi dərslərimdən 4 alardım. Axı bilirdim, atamın velosiped almağa pulu çatmır.”
Mənim də buna oxşar hallarım olub. Elə böyükkən də. Yadımdadı, ev almağa imkanım çatmırdı deyə İsveçrədəki əhalinin böyük əksəriyyətinin kirayədə yaşaması məsələsi dilimdən düşmürdü. – Kirayəçilik də bir mədəniyyətdi, bu həmişə pulsuzluqdan qaynaqlanmır – deyirdim.
Amma öz aramızdı, hər şeyin pulla alınıb-satılması mümkün olan bir ölkədə pul çatışmazlığı bəlkə də yaxşı haldı. Təsəvvür edin hər kəsin kifayət qədər pulu olsaydı necə xaos yaranardı. Misal üçün, bir dəfə bir dost bəzi yazarların yazılarından çox əsəbləşmişdi deyə belə deyirdi: “Pulum olaydı, bəzi – pul xətrinə ağzına gələni yazan yazarları satın alıb tökərdim kür çayına.” Yəqin ki, hər şey aydın oldu…Allah qorusun…
Bəli. Sonrakı dönəmlərdə başlayır insanın hünəri çatmır. – Loru dildə desək, kişiliyi. Bəzi şeyləri görür, bilir, əmindi, qaranlıq heçnə yoxdu, hər şey ona çatır, yeganə çatmayan hünəri olur. Ağzına bir stəkan şollar suyu alıb susur…Bax, bəlkə də suyun aydınlıq olmayan yeganə yer buradı…
Həyat davam edir…Bir azdan anlayır ki, yox, mənim hətta insanlığım da çatmır. Dərdli birini görəndə “mənim nəyimə lazımdır”- deyib rahat ola bilir, üzülmür, sarsılmır.
Bəli, çatmır. Həmişə nəsə çatmır. Elə götürək müsəlmanı. Müsəlman niyə bu gündədir, sizcə? – Çünki, müsəlmanın müsəlmançılığı çatmır. Qardaş, gəlin etiraf edək də, çatmır. Bir dəfə demişdim:
Tələs ulu Haqqın dərgahında diz çökməyə,
dizlərin qocalır.
Səcdə zirvədir,
insan ora əyilmir, ucalır.
Bəli, adı müsəlman olsa da, müsəlmanın bu zirvəyə ucalmağa müsəlmanlığı çatmır. Bu da butulka deyil ki…nə isə…Yenə də multfilimdəki pişiyin o ğırıltılı səsi qulağımda cingildəyir: -Yeri deyil, hövsələn olsun…
Hə, yaxşı yadıma düşdü, bu arada deyim ki, bəzən insanın hövsələsi də çatmır. Bu da ağır dərddi. Bir çox ailələrə niyə dağılır sizcə? – hövsələsizlikdən. Məhəbbət həm də hövsələdir. Hövsələlər o qədər daralıb ki, ən adi bir anlaşmazlıq üzündən ailə dağılır, dostluqlar pozulur, insanlar tənhalaşır. Sonra da qüruru imkan vermir ki, desin, gəl dön geri ey yar, bu gözlər səni gözlər…Dön, Mənim – Sənim çatmır…Eh…Allah səbr versin.
Zaman keçir, keçir, keçir…insan qocalır, bu zaman bəlkə də hər şey var – boy var, pul var, insanlıq var, müsəlmançılıq var, səbr var, hövsələ də nə qədər desən var…bir sözlə, hər şey çatır amma onda da vaxt çatmır.
Hə, bax, bu, çarəsi olmayan yeganə çatışmazlığıdı insanın. Alnı qırışmış, əllər əsir, gözlərindəki bəlkə də son damcıları axıda-axıda belə zümzümə edir:
Ömür səssiz-səssiz, elə keçdi ki,
Ayaq səslərini duya bilmədim.
Qazancım çox oldu, ya itirdiyim..?
Vaxt edib onları saya bilmədim.
Gəzdim, dolandım mən, boş bivec – bivec
Qalmadı ömrümdə nə taqət, nə güc.
Sonda ayıldım ki, artıq gecdi, gec,
Heç nəyi yerinə qoya bilmədim…
PS. Bir dost köşələrimdən birinə yazmışdı ki, həmişə tənqid edirsiz amma çıxış yolu da göstərmək lazımdı axı…Haqlı idi o dəyərli oxucum. Onun üçün deyirəm: Gördüyünüz kimi, bütün problemlər ondan qaynaqlanır ki, nəyimizsə nəyəsə çatmır, demək, yeganə çarə -sözün hər anlamında böyüməkdi…“