Altındakı dirəkmi, üstündəki qanmı?


Altındakı dirəkmi, üstündəki qanmı?
Bizdə bayraq iki kərə qalxdı. Bu hadisə Məhəmmədəminnin və Hadinin redaktəsidi. Səhv tutursan, dostum? Belə deməliydim- Məhəmmədəmin və Hadinin fikirlərinin redaktəsi?..
-Neçə yaşın var sənin?
-İyirmi dörd. Yaşın məsələyə nə dəxli var?
-Gözünü açıb özüylə fikri ayrı olan adamları görmüsən.
Məhəmmədəminlə Hadinin fikirləri elə özləri idi.
-O necə olur?
-O gecə olur. Get atandan soruş, o da deyəcək gecə olur.
Onun atası da bilir ki, buralarda adamlar yalnız gecə özləri olur.
-İnciməyin, mən sizdən bir şey anlamadım.
-Onda get saqqızını çeynə. Dodağını yandıran siqareti
küçənin ortasına tulla. O gedən xanımın arxasınca düş. De ki, ölürəm səndən ötrü. Qorxma, dönüb sənə “get Qarabağın dərdindən öl” deməyəcək. Cibindən bir açar çıxarıb, fırlat əlində. Qorxma, soruşmayacaq “bu açar Şuşanın qapısını aça bilər ya yox”. Onun dərdindən öldüyünə inanmasa, and iç. “Papacanı”, “mamacanı” de. Arxayın ol, “kişi torpağa and içər” iradı ilə qarşılaşmayacaqsan.“C”-nı bir az də bərk cingildət. Cingildəmək nərildəməkdən daha hörmətlidi. Və yadında saxla, kişi oğlu: Başını dik tutub gəzə bilərsən. Bu məmləkətdə xanımlar günahkardı, bəylər yox. Əgər xanım bəyin “səni sevirəm” sözünə “sən əclafsan, çünki xəyanətkarsan” reaksiyası versə, kişilər qeyrətə gələr.
-Bu, olmadı, müəllim. Niyə xəyanətkarıq ki?..
-Gözü yolda qalanımız var.
-Bir şey anlamadım.
-Anlamayacaqsan da. Nə vaxta qədər ki, bayraqları bayraq yapan üstündəki qan deyil, altındakı dirəkdi, nə vaxta qədər ki, bayraq min dəfə də olsun qalxa bilər, təki Ginnesin rekordlar kitabına düşsün, o vaxta qədər də sən məni anlamayacaqsan. Həm də mən buralı deyiləm axı. Nə olsun dinimiz də eynidi, dilimiz də. Sevgimiz fərqlidi. Sən Məhəmməd Peyğəmbəri şəklindəki nura görə sevirsən, mən İsa Peyğəmbəri simasındakı əzaba görə. Səninçün Quran ona görə möhtəşəmdi ki, onu dərk etmək çətindi, mənimçün İncil o qədər sadə ki, ciyərim yananda onu su kimi başıma çəkirəm. Sən yas yerlərində mənasını anlamadığın fatiə sürəsini oxuyanda, mən öz dilimdə dua oxuyuram yerdə qalan bütün sağlara ki, təfəkkürlərində zəlzələ baş versin. Sənin son nidan rəhmət, mənim son nidam lənətdi. Torpağı işğalda olan xalqın düşüncəsində nifrət cücərməlidi, sevgi yox.
Biz ayrı-ayrı adamlarıq, qardaşım. Sən istəyirsən ailən, uşağın olsun, mənsə “doğulmaq qəti qadağandır” işarəsini bütün evlərin girişinə asmağa hazırlaşıram. Məhəmmədəmin, Hadı doğulmayacaqsansa, doğulandan sonra Əhməd Kaya olmayacaqsansa, əvəzində Xanhüseyn Kazımlı, Baba Tağıyev, Əhməd Əhmədzadə olacaqsansa, anana de, səni dünyaya gətirməsin. Adam tıxacı yaratma.
Get-get, telefonun bayaqdan özünü öldürür. Yəqin sevgilindi. Aç danış. Bərkdən danış, qoy kənardakılar eşitsin ki, xanımla danışırsan. Qürrələn. Kişilən. Arada xanımın üstünə qışqır da. Təxminən bu şəkildə: “Başımı xarab eləmə”.
Ən hündür nöqtədə dalğalanan bayrağımızın səsini eşidirəm. Deyir ki, onsuz yenə cırılacam. Mavi rəngli hissəmi türkçülüyün, qırmızı rəngli hissəmi müasirliyin meyidi üzərinə sərəcəm, yaşıl rəngli hissəmlə isə bəsit günə qoyulan islamın şikəst ayaqlarını sarıyacam. Türklüyü və müsirliyi ölü, islamı şikəst olan xalqın qənimi onun bayrağı ola bilər ancaq.
Etiraz edirəm. Razılaşmaq istəmirəm bayrağımla. Deyirəm:
-Bəs onlar sənin şəninə mahnı oxuyurdular: “Üç rəngli bayrağınla məsud yaşa…”
-Yaltaqlanırdılar mənə. Lümlüt qalan bir qövmün bayrağa bürünməkdən başqa yolları yoxdu. Onlar mənimlə ayıb yerlərini örtürdülər. Elə ki, gecə oldu, əyinlərindən çıxarıb vızıldadırdılar hara gəldi. O qədər künc-bucaqda xısın-xısın ağlamışam ki…
-Bayraq da ağlayar?
-Elə təkcə bayraq ağlayar da. O ağlayanda bütün məmləkət bilər ki, dara düşmüşük.
-Hara düşmüşük?
-Dara.
-Sən Allah, yaxşı eşitmədim, külək səsini yaydı. Dedin, hara düşmüşük?
-Bara. Bara düşmüşük. Hər yerdə rəngli işıqlar yanır.
Gurultu başına götürüb məmləkəti. Adamlar sərxoş olub rəqs edirlər…
-Hə, anladım. Tanış səhnədi. Nitşenin də donuzları beləcə
rəqs edirdi. O isə deyirdi: “Biz getdik, qoy donuzlar rəqs etsin.
-Yox, mən Nitşe kimi, başımı yerə dikib getməyəcəm.
Cırıq-cırıq olub bunları biabır edəcəm.
-O cavan oğlan var ha, ona toxunma. Bədbəxt nə gənc ola bildi, nə türk, nə dindar.
-Bu, lap pis. Onun başına dirəyimi endirəcəm…
-Yox, yox. Sən nə danışırsan?.. Dayan bir… Eyyyyyy, cavan oğlan… Eşidirsən?.. Səninləyəm. Bir arxya dön də. Heç olmasa indi eşit məni. Bəlkə…
Daha bayraq danışmırdı. Külək də kəsmişdi. Oğlan tini burulub gözdən itdi. Necə də xoşbəxtcəsinə yeriyirdi. Yazıq. Bəlkə onu xilas etmək mümkün olardı. Bəlkə o, baş verəcək faciədən xəbər tutsaydı, başqalarını da xəbərdar edərdi.
Necə, mən niyə xəbərdar etmirəm başqalarını?..
Əcəb edirəm. Heç olmasa bir dəfə bayrağımızı dəstək vermək istəyirəm. Heç olmasa bir dəfə. O cırılanda.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir