“Gedənlər …”
Yəqin ki, şeir yazmaq insanı lokanik olmağa alışdırır zamanla. Və yəqin o səbəbdəndir ki, düşündüklərimi, ürəyimdən keçənləri, susa bilmədiklərimi bir məqalə və ya hekayə kimi yazdığım hallar az olur. Onlar adətən misralara süzülür və şeirə çevrilirlər. Lakin elə sözlər var ki, onları beləcə sətir-sətir incələmək və bölüşmək istəyir insan…
Bu yazının adını nə qoyacağımı düşündüyümdə, uzun illər öncə Gənclik jurnalında işləyən rəhmətlik Hüseyn Əfəndinin yazdığı bir məqalə yadıma düşdü və bu ürək sözlərimə həmin məqalənin adını qoymağı qərara aldım.
***
Hər kəsin öz uşaqlıq xatirələri var: şirinli-acılı, az və ya çox, aydın ya da dumanlı… amma var. Və bu xatirələrin içində kiminsə surəti daha çox yadda qalmış olur, düşüncələrində elə bir iz qoyur ki, onu unutmaq qeyri-mümkün olur. Mənim də uşaqlıq xatirələrimin belə bir aydın, işıqlı, nurlu surəti var – Məsumə nənəm.
Nənəm nağıllarda, filmlərdə, əsərlərdə təsvir olunan ən təmiz, ən müqəddəs Azərbaycan qadını obrazı idi. Dünyada elə bir qadın müqəddəsliyi zirvəsi ola bilməız ki, mənim nənəmim durduğu zirvədən uca olaydı.
Yaddaşıma bir şey ilişib qalmışdı… ta bu günlərədək. Və mən bu sirrin açmasını yalnız bu baharda anamdan öyrəndim… tamamilə təsadüfən. Öyrəndiyimdə sarsıldım, dilim söz tutmadı, gözlərimdən sel kimi yaşlar axdı. Bir kişi məhəbbətinin və bir qadın sədaqətinin neçə güclü ola biləcəyini kəşf etdim özüm üçün…
***
Hələ körpəliyindən atadan və anadan yetim qalan Məsumə xanım 25 yaşından da dul və himayəsiz qalmışdı (1937-38-ci illər) babam Şərif bəy Şıxlinskini və atası Abdulla ağa Şixlinskini həbs etmişdilər. Beş uşaqla çarəsiz qalan nənəmi hələ üstəlik də, öz evindən – Şıxlıdakı şəxsi mülklərindən çıxarmış, evi müsadirə etmişdilər. Xalq düşməni kimi həbs olunmuş Şərif bəyin ailəsini isə Ağstafanın bir kəndinə, kişik bir daxmaya yerləşdirmişdilər. Aclıqdan və səfalətdən beş uşaqdan ikisi (iki kişik qızlar – Həqiqət və Klara) rəhmətə getmiş, nənəm isə qalan üç yetimlə birgə yarıaç-yarı tox birtəhər keçinib getmişdir.
Sovet dövrünün dəhşətlərindən biri də bu idi ki, bəy ailəsi kimi onların hüquqlarını necə gəldi tapdalayırmışlar. Nənəmi kolxoza işə götürmək istəmir, övladlarını məktəbdə gözümçıxdıya salırmışlar. Deyirlər, yetim böyüyür, Allahın pisliyi yerdə qalır. Düzdü, yetimlər böyümüşdülər, amma ürəklərində elə bir dərin yara qalmışdı ki, hər dəfə “ata” kəlməsi eşidəndə bu yara qövr edir, qanayır və içlərini qan-yaşla doldururdu.
Bütün çətinliklərə baxmayaraq nənəm övladlarının üçünə də ali savad verə bilmişdi. Şıxlılar nəslinin bu üç tərənnümçüsü orta məktəbi onlarla komissiyanın önündə, öz bilikləri hesabına, qızıl medalla, ali məktəbi isə qırmızı diplomla bitirmişdilər.
Pis günlər ötmüş, Günəşli aydın günlər doğmuşdu. İndi, əllərinin qabarıyla, gözlərinin yaşıyla övlad böyüdən ananın yerinə, nəvələrini başına yığıb nağıl danışan nurani nənəmiz vardı.
Mən uşaqlıqdan nənəmim balası idim. Yanında oturar, söhbətlərini dinləyər, ona dərd ortağı olardım. Kimsə, bəlkə inanmaya bilər, amma hətta orta məktəb savadı belə olmayan nənəm universitet təhsilli insandan daha ağıllı, uzaqqörən və məntiqli idi. O, rus dilini, elmin müxtəlif sahələrini mükəmməl bilən, öz dövrünün savadlı və mütərəqqi ziyalısı olan babamdan – öz həyat yoldaşı Şərif bəydən 2-3 il evdə dərs almışdı, amma heyif ki, yalnız əski əlifba ilə yazmağı bacarırdı. Məni bəzən yanında oturdar, Qurani kərimdən ayələr yazmağ öyrədərdi…
“Bir gün sən böyüyəndə mənim həyatımı yazacaqsan”, – deyərdi tez-tez. Qəribəmə gələrdi. O qədər nəvənin içində bu sözü hər dəfə ancaq mənə deyərdi nənəm. Bu daxili hissiyyat idimi, gələcəyi görmək idimi… bilmirəm. Amma mən indi bu sətirləri yazarkən, gözlərim dolur. Ömrün ən təmiz və ən məsum çağlarında sevimli insanımın sözlərini yenidən duyurammış kimi oluram…
***
Keçən əsrin bir çox yaşlı qadınlarının adəti üzrə, çimən zaman nənəmin başına su tökərdik. Uzunluğu qalmış, gurluğu isə çoxdan itib getmiş hörüklərinin üstündə əsərdi nənəm. Onları əzizləyər, ehmalca açıb darayıb, yenidən suyun altında lap ucuna kimi hörərdi. Yaş saçlar eləcə də hörükdə quruduğundan gələn dəfəyə kimi açılmazdılar.
Bu iş əsnasında məni maraqlandıran bir məqam olardı: nənəm heç zaman suyu başının ortasından tökməyə qoymazdı. “ Yavaş, ay bala, çaşıb ortadan tökərsən, yazıq olaram”, – deyərdi həmişə. Uşaqdıq, soruşmazdıq niyə. Sakitcə bir az sağ tərəfə, bir az da sol tərəfə meyllədərdik şırnağı. Kim bilərdi ki, bu sözlərin arxasında nələr durur… Verilməmiş bu sualı nənəm bəlkə də gözləyərmiş…
Bu bahar anam bizə gəlmişdi. Geyinib gedəsiydik. Saçlarımı darayırdım (hamı deyir ki, saçlarımım uzunluğu, gurluğu və buruqluğu rəhmətlik nənəmin cavanlığındakı kimidir). Məni seyr edən anam saçlarımı tumarladı. Nədənsə heç nəyin heçinə, bu məqam gəldi yadıma düşdü.
– Ana, Məsumə nənəm niyə başına ortadan su tökməyə qoymurdu?
Anamın əlləri üzündə qaldı… Gözləri doldu…
– Bunu bir dəfə ondan soruşmuşdum təzə gəlin olanda, ay bala. Rəhmətlik qaynanam ağlamışdı… və danışmışdı: “Tutulan günü Şərif bəyə gizlindən xəbər gətirdilər ki, ay Şərif bəy bu gecə səni aparacaqlar. Nə işin varsa gör, evdəkilərlə halallaş… O da sakit-sakit bəzi kağızlarını səliqəyə saldı, Şəkidəki bacısına məktub yazdı, bəzi dostlarına çatası şeyləri sahmanladı. Mən isə özümü öldürürdüm, dəli olmuşdum, ağlayıb saçlarımı yolurdum. İşlərini bitirdikdən sonra məni çağırdı. Sakitləşdirib gözlərimi sildi və əlimdən tutub güzgünün qarşısına çəkdi. Arxama keçdi, darağı götürüb saçlarımı daradı və ortadan ayırıb öz əlləriylə hördü. “Bax, quzum, dedi, mən tez qayıdacam. Günahım yoxdu. Hər şeyi ayırd edib buraxacaqlar. Mən gəlincə isə saçlarının ivini pozma. Mən necə ayırdımsa eləcə qalsın. Yaxşımı?” Mən hönkürməyə himə bənd idim. Yaxşı, – dedim. Və o gün bu gün onun ayırdığı səfi pozmadım. Bu ivi Şərif bəy ayırıb. Qayıdana kimi də eləcə qalacaq”.
Anam qaynanasının o zaman söylədiyi bu sözləri deyərək ağladı. Keşmişlər yadına düşdü yəqin… Bəlkə də öz gəlin çağları, bəlkə də nənəmin sağ vaxtları…
Mənsə sarsılmışdım. Nənəm bu sözləri danışan zaman, haradasa, 25 il idi ki, babamdan xəbər-ətər yoxdu. O isə, “Şərif bəy özü qayıdanda…” deyirmiş, hələ də… Bu qədər böyük ümid, ancaq və ancaq dünyalara sığmayan böyük məhəbbətdən yarana bilərmiş!
(Babam Şərif bəy tutulduqdan bir neçə gün sonra xalq düşməni kimi güllələnmiş, atası Abdulla ağa isə, Sibirə sürgünə göndərilmişdi. Lakin babamın ölüm xəbərini ailəsi yalnız ölümündən tərqibən 30 il sonra oyrənəcəkdi və nənəm bu xəbərlə ömrünün sonuna qədər barışmayacaqdı. Son nəfəsində də, sayıqlayaraq, “Şərif gəldimi…?” – deyib dünyasını dəyişəcəkdi…)
***
Bu il, Novruz bayramında Çanaqqalada Məmməd İsmayılın evində qonaq olduğum zaman, ürəyimi titrədən bu sözləri ona da danışdım və bu haqda yazmaq istədiyimi bildirdim. Tez-tez öz əzizi rəhmətlik Gülzar anadan söz açan, onun, öz itkin düşmüş həyat yoldaşını 30 il sədaqətlə gözləməsini təəsirlənərək danışan və hər dəfəsində də gözləri dolan Məmməd müəllimə bu əhvalat bəlkə də daha çox təsir etdi və biz sevimli insanlarımızın ruhuna birgə dua etdik!
Bəli! Gedənlər getdilər… Bu namus, ismət, tərbiyə mücəssəmələri, insanlığın ən saf ən ülvi parçalarının yarıdan daha çox hissəsini də, sanki özləriylə göylərin uca qatlarına çəkib apardılar… Qalanlar kimlər oldu?
İllah da tarixə düşəcəm deyə qızlıq iffətini heç-nəyin heçinə itirənlər, ev yıxanlar, ocaq söndürənlər, özlərini kozetta adlandırıb kozettanın yuxusuna belə girməyəcək qədər iştahla para sümürənlər, xəyanətkarlar, nankorlar, bezdikləri insanları onların silahdaşlarına dəyişib sonradan namus pərdəsinə bürünmək istəyənlər, kişi heysiyyətinə tüpürənlər, analıq adına ləkə vuranlar, kiminsə göz yaşları üzərində özlərinə sevinc sarayı qurmaq istəyənlər… və daha kimlər… daha kimlər…
ÖZlərini itirmiş belə “qadınlar” “məhəbbət” adı arxasında gizlənir, öz ehtiraslarını bütləşdirib onlara yeni don geydirmək istəyirlər. Əslində isə “Məhəbbət” sözünün mənasını başa da düşmürlər.
MƏHƏBBƏT – ürəkdə yaşayan canlı, isti və təmiz bir varlıqdır. Və bu varliq kimsəyə əsla zərər vura bilməz. O nurdan, baxışlarımızın təmasından, qəlbimizin döyüntülərindən, əllərimizin hərarətindən, həsrətimizdən, intizarımızdan və xəyallarımızdan qidalanır. Bizə isə yalnız və yalnız təmiz duyğular bəxş edir. İllərlə yol gözləməkdir, özünü özgəyə qurban etməkdir, saçlarının telindəki ivi pozmamaqdır, dünyanın ləzzətlərini bir köynəyə çökmüş ətrə dəyişməkdir, gözləriylə qor götürmək, bir solmuş şəklin önündə diz çökməkdir! Budur Məhəbbət! Və onu kirlətmək lazım deyil!
Bu sözlərim əlbəttə ki, dəyərli və ismətli qadınlarımızın xətrinə heç də toxunmayacaq. Çünki, özünə aid olan sözü yiyəsi yaxşı tanıyır. Aid olmayanlar isə, ürəklərindən keçənin deyildiyinə görə daha da sevinib rahat olurlar…
Yazıma verdiyim ada görə mütləq ki, rəhmətlik Hüseyn Əfəndinin ruhu şad olmuşdur. Çünki, o da namuslu bir insan kimi, əsil Azərbaycan qadınının – namusunu hər çeydən üstün tutan qadınlarımızın dəyərini bilməmiş deyildi.
Mən öz adı və qeyrəti ilə övladlarının başını uca edən analarımızın, nənələrimizin əllərindən öpürəm! Kaş biz hər birimiz elə yaşayaq ki, balalrımız namusumuza and içə bilsin, biz dünyadan köçdükdən sonra belə, adımızla fəxr etsinlər! Və düşünürəm ki, əgər cürət edib bu qədər tikanlı sözlər yazdımsa, qələmim bu sərtliyə davam gətirdisə yəqin ki, mən də Məsumə nənəmin zirvəsinə hələ ucala bilməmişəm. Bəlkə bir gün… amma hələ ki, yox…
Onun xatirəsinə həsr etdiyim bir şeirlə bütün Gedənlərin – Gülzar analarımızın, Məsumə nənələrimizin ruhu qarşısında ehtiramla baş əyirəm!
Səni məndən alıb aparsalar da, Səni gözlədim…
Qohumlar yorulub darılsalar da, Səni gözlədim…
Əlimdə körpələr yurdsuz da qaldım,
Yiyəsiz, ocaqsız-odsuz da qaldım, Səni gözlədim…
Qara tellərimə ağ dənlər düşdü,
Adını çəkməkdən dilim uyuşdu, Səni gözlədim…
Elə baxa-baxa qaldım yollara,
Arxa çevirmədim sənli illərə, Səni gözlədim…
Əcəl də qapımı döyəndə bir gün,
Yenə son nəfəsdə səni düşündüm… Səni gözlədim…
23.07.13.
Moskva