BİR QƏDRİYYƏMİZ VARDI…


Yubiley

–Gözəlmi?—Gözəl! 

Təsdiğini gözəllik və söz sərrafı Nazim Hikmət vermişdi.

Sərvətimizdi. Ana kimi əziz, mehriban. O eşitdiyiniz ifadə var ha–“Üzündən nur yağırdı”, onun barəsindəydi. 

Alim idi, müəllim idi, ən önəmlisi, böyük hərflə yazılan İnsan idi. 

Nə məşəqqətlər görmüşdü, nə acılar yaşamışdı, nə xəyanətlər keçmişdi gözlərinin önündən?! Ən dəhşətli müharibədən tutmuş ən naqis paxıllığa qədər.

Heç vaxt əyilməmiş, yorulmamış, bezməmiş, qisasa meyllənməmişdi.

Qadındı, amma ən çox sevmədiyi şey qeybət idi. 

Ayağı dəyən yerdə, adı çəkilən yerdə həmişə birinci idi.

Dünya ölkələrində tərbiyə məsələləri necə olur, onu araşdırırdı. İyirmidən çox ölkənin bu sahədə təcrübəsini akademik dildə ortaya qoymuşdu.

Yaponiyada, İtaliyada, Fransada, getdiyi hər ölkədə qonaq kimi yox, müvəqqəti səfərdən qayıdan doğma kimi qarşılanırdı. Hətta bir dəfə Tokiodan Moskvaya uçanda təyyarədə qaraqaş-qaragöz tələbələri görüb haradan olduqlarını soruşanda gənclər İrandan olduqlarını, kompüter proqramları üçün Yaponiyaya getdiklərini, indi Moskva üzərindən Tehrana uçacaqlarını deyirlər. Qədriyyə xanım birdən ingiliscədən Azərbaycan dilinə keçir və təyyarədə bir anda canlanma baş verir. Salonda müxtəlif yerlərdə oturan tələbələr onu əhatəyə alırlar. Sən demə gənclərin hamısı azərbaycanlı imiş.

Moskvadakı yığıncaqlarımızın gözü idi. Həmişə şıq, həmişə diqqət mərkəzində. Həmişə də durduğu zirvəyə layiq.

Sevqisi, şəfqəti hamıya yetirdi. Hamımıza “məni daha çox istəyir” ilğımı yaşadırdı. 

Qədriyyə xanım kimiləri bizi tərk edəndə də yaşayırlar. Təkcə xatirələrdə, miras qoyub getdikləri əsərlərdə, nəsihətlərində, tövsiyələrində deyil, onu tanıyanların mövcudluğunda, varlığında yaşayırlar.

Bir əsr keçdi dünyaya gəlişindən. Bu dünyanı gözəlləşdirən, zənginləşdirən, zərifləndirən bir əsr.

Cəfər Sadıq,
23 Fevral 2024-cü il, Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir