UNUDULMUŞ MƏŞHUR IDMANÇI
Tofiq Rzayev! Bu şəxsiyyəti bəlkə də bir çox idman həvəskarları və yazarları tanımır. Tofiq müəllim dünyada Azərbaycanın adını qızıl hərflərlə yazanlardan biridir. Amma çox təəssuflər olsun ki, doğma Vətənində unudulub və yada düşmür.
Tofiq Ağa Məmməd oğlu Rzayev 1945- ci ildə Bakıda anadan olub. Uşaq yaşlarından idmana həvəsi olan Tofiq ilk dəfə 9 yaşında güləşl’ məşğul olmağa başlayır və güləş üzrə Azərbaycan çempionatında iştirak edir. O vaxtlar qolundan zədə alan Tofiq idmanın diğər növündə özünü sınamaq qərarına gəlir. Uşaqlıqda bəzən basketbol oynadığı üçün bu idman növünü seçir.
İlk vaxtlarda basketbolda çətinlik çəkən Tofiqin üzünə sonradan bəxt gülür. Keçən əsrin 70- ci illərində Tofiq Rzayev Rusiyaya gəlir, burada Moskva Dövlət Bədən Tərbiyəsı Akademiyasına daxil olur və ali təhslini uğrla başa vurur. Elə o vaxtdan da Moskva vilayətində yaşamağa başlayır və ailə qurur. Bu dövrlərdə oynadığı basketbol komandasının tərkibində ilk azərbaycanlı olaraq SSSR- i çempionu adına layiq görülür. Daha sonra basketbol üzrə kişilərdən ibarət SSSR-i milli yığmasına dəvət olunur. Tofiq Rzayevə qədər SSSR-i yığmasında Azərbaycanı və Qafqazı təmsil etmək heç bir idmançıya nəsib olmayıb. Bu yığmada Tofiq Rzayev dünya çempionu adını qazanır.
Basketbolda əldə etdiyi nailiyyətlərin nəticəsi olaraq Rusiya höküməti tərəfindən Tofiq müəllimə SSSR- i və Rusiyanın Əməkdar məşqçisi adı verilib. Bundan əlavə O, basketbolun inkişafına görə Rusiyanın bir çox orden və medalları ilə təltif olunub. Hal hazırda Tofiq Rzayev Moskva Dövlət Bədən Tərbiyəsı Akademiyasının basketbol kafedrasına rəhbərlik edir.
Tofiq müəllim 3 övlad atasıdır. Övladları da onun yolunu davam etdirirlər. Böyük oğlu Vladimir də atası kimi basketbol üzrə SSSR-i çempionudur. Əkiz oğulları Kostya və Stas da uşaqlıqdan basketbolla məşğul olublar. 1999- cu il mayin 5-də 337 metr hündürlüyündə Ostankino telequlləsinin üstündə quraşdırılmış basketbol meydanında Rzayevlər ailəsi 1 saat 8 dəqiqə müddətində topu 592 atışda 540 dəfə dəqiq halqadan keçirmişlər. 1999-cu il oktyabrın 3-də Tofiq Rzayev və əkiz övladları 2 saat 56 dəqiqə 20 saniyə müddətində 2181 atışda 1999 dəfə topu basketbol halqasından keçirmişlər. Bundan əlavə onlar basketbol topunu dayanmadan hər bir pilləyə çiləyərək 6 dəfə Ostankino telequlləsinin ən yüksək nöqtəsinə qalxmışlar. Bu göstəricini təkrar edən olmamışdır və ona görə də onların adı Ginnesin rekordlar Kitabına düşmüşdür. Rzayevlər ailəsinin daha bir üzvu, Tofiq müəllimin nəvəsi 6 ayliq körpə olarkən Ginnesin rekordlar Kitabına düşüb. O, kiçik basketbol topunu 16 dəfə halqadan keçirməklə buna nail olub.
ABŞ Milli Basketbol Federasiyasından Tofiq Rzayevə ABŞ millisində məşqçi kimi işləmək təklif olunur. Amma Tofiq müəllim bu tıklifi geri çevirir.
Tofiq müəllim həm də dünyada çimərlik basketbolunun yaradıcısıdır. O, bu oyunu ilk dəfə Anapada sınaqdan keçirmişdir. Hətta orada olan amerikanlılar niyə okean sahillərində bu idman növünü düşünmədikləri üçün təssuflənmişlər.
2009- cu ildən Rusiyada çimərlik basketbolu üzrə Ümumrusiya çempionatı keçrilir. Oyunun hakimlər briqadasına Tofiq müəllim özü rəhbərlik edir.
Tofiq müəllim həmişə doğma Azərbaycanda işləmək istədiyini və övladlarının da buna hazır olduğunu bildirir. Baxmayaraq ki, əkiz övladları Rusiyanın gənclərdən ibarət milli komandasının şərəfini qoruyurlar. Çox təəssuf ki, Azərbaycan Basketbol Federasiyası buna biganə yanaşır. Dünyada tanınan belə tanınmış məşqçinin potensialından istifadə olunmur. Tofiq müəllimin yaratdığı çimərlik basketbolu da Azərbaycanda yüksək səviyyədə fəaliyyət göstərmir. Baxmayaraq ki, Azərbaycanda buna hər cür şərait var. Xəzər dənizi sahillərində bu idman növünü inkişaf etdirmək faydalı olar. Tofiq müəllimin basketbol bilgilərini nəzərə alaraq ona yüksək qiymət verməliyik. Belə istedadlı şəxslər dünyaya az-az gəlir.
Sağlığında qiymət verək insanlara!
FOTOLAR