Afaq Şıxlı – AZƏRBAYCAN BAYRAĞI


AZƏRBAYCAN BAYRAĞI

Mən nə heykəl,
Nə də bir bez parçasıyam!
Mən sabahın,
Azadlığın carçısıyam!

Neçə şəhid məzarının
“Vətən” deyən harayıyam!
Anaların oğullardan gözlədiyi
Xoş qələbə sorağıyam!

Mərd əlində dalğalanıb
Hələ misli görünməmiş
Elə Zəfər çalmışam ki​,
Tarixlərdə qalasıyam!

Zəfər üçün doğulmuşam!
Arzunun zəfər çağıyam!
Mən müqəddəs,
Yerəenməz
Azərbaycan bayrağıyam!


VƏTƏN, NƏ ŞİRİNSƏN!

Altında babam var, üstündə balam,
Bəxtimə yazıla, şəhidin olam.
Biryolluq boynuna sarılam qalam…
Torpaq, nə şirinsən! Vətən, nə şirin!

İlıq payızın var, isti baharın…​
Xoşdur üşütsə də boranın, qarın.
Mən sənin yoxunam, sən mənim varım!
Torpaq, nə şirinsən! Vətən, nə şirin!

Sən – doğduğum ocaq, sən doğma dilsən!
Ölərəm bilsəm ki, mənim deyilsən!
Uzaqda olsan da, təki var ol Sən!
Torpaq, nə şirinsən! Vətən, nə şirin!

09.11.2023
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir