ŞAİRLİK NƏDİR? BİR ALLAH BİLİR…
Nə vaxtsa şair Ramiz Rövşənin belə bir fikrinə rastlamışdım: “ Şair- hansısa peşə sahibi deyil, şair- ayrıca insan növürdür ”. Yaxşı mənada işlənən bu sözlərin eyni zamanda əksi olaraq məddah, ikiüzlü, pul kisəsinin dönüşdürdüyü “insan” növlərinin yağışdan sonra artan göbələklər kimi ömür sürdürməsi gerçəkliyini də görməzdən gələ bilmirsən doğrusu günümüzdə. Folkner yazırdı ki : “ Ədəbiyyat bir millətin hafizəsidir.” Amma necə hafizəsidir, məsələnin ən kilid nöqtəsidir, bu şüurun, yaddaşın cövhərində azadlığın dayanması bir xoşbəxlikdirsə, mütiliyin, alçaq itaətin vərdişləşmiş kompleksinin yatması rəsmən bir fəlakətdir. Elə götürək xoşbəxt Skandinaviya ölkələrini. Bizdən fərqli olaraq bu ölkə insanları ucdantutma ədəbiyyatla, şer yazmaqla məşğul deyildir. Əksinə şeir yazan barmaqla göstərilər, yəni bunun kütləviləşməsi üçün bu xalqlarda əsla uydurulmuş bir bazis və üstqurum tapa bilməzsən.
Hətta gənclik illərimdə M.Ə.Rəsulzadənin “İstiqlal məfkurəsi və gənclik” məqaləsini oxurkən müəllifin bizdəki şeriyyət ruhunu uca tutaraq az qala bunu uşaq yaşından ifadə etmə qabiliyyətinin yüksəkliyini tərif etməkdən doymayan fikirlərinə rast gəlmişdim. Təbii o zamanlar 1988-ci il milli-azadlıq hərəkatının verdiyi romantik-sentimental havasıyla yaşadığım üçün hətta bu fikir çox xoşuma getmişdi. Eyni zamanda məqalədə M.Ə.Rəsulzadənin: “Finlandiyada şer yazanı barmaqla göstərirlər…” fikrini bizdə az qala “bələkdəki körpələrin ağlamasından da şeriyyət yağar” məntiqiylə möhkəmləndirərək milli ruh zənginliyimizin ən dəyərli incləri kimi geninə-boluna, təbliğinə doymadan izahlar verərdim həmin illərdə. Amma sonralar bu qənaətimin doğru olmadığnı anladım və dedim ki, kaş bizdə də şer yazanı barmaqla göstərsəydilər, kaş ki hamımız fundamental-pozitiv elmlərdə külüng çalardıq, söz və ədəbiyyat cəbhələrində deyil. Çünki bizdəki ədəbiyyat nümunələrinin son nöqtəsi və istinadgahı padşah, sultan sarayıdır, mədhiyyəbazlıqdır. Bundan ötəsi yoxdur, orta əsrlərdən bu günümüzədək çox cüzi, kiçik istisnalarla bu dəyişməz olaraq qalır çox kədərli təəsüflərlə…
“Şair- ayrıca insan növüdür”- fikrində ayrıcadan sonra bir gözəl sözünü işlətməkdə fayda var. Çünki şairlik peşə deyil, hər hansı bir müəssisədə çilingər, menecer, aşpaz və s. işləmək olar. Şairlik gözəl insan növüdürsə, eyni zamanda bu yazanın daxili dünyasının sözə çevrilməsidir. Buna mən ədəbiyyatın, sözün gözəl estetikası deyirəm, hətta zahirən heç də yaraşıqlı olmayan şair və yazıçılarımız var ki, biz onları yaradıcılıqlarının olduqca saf, dürüst iç komplekslərindən süzülüb gələn əsərlərindən sevmişik. Şair R. Behrudinini bir şeirinin misralarındakı kimi:
Boylanıb dərdimin pəncərəsindən
Bircə yol özümə adam tək baxdım,
İlahi, içimdə gizlənən “mən”im
Görünən mənimdən nə qədər gözəl!..
Amma hakim ideologiyanın, rəhbərin şəninə şeirlər yazıb hər hansı Yazıçılar Birliyində şair “işləmək”lə gözəl insan növünə çevrilmək qətiyyən mümkün deyildir. Bu mənada təkamül nəzəriyyəsi belə acizdir. Çünki bu cür işləməkdən S.Rüstəm, M.Rahim və onlara bənzər ştatlı “şair” ordusu yaranacaq, necə ki yaranıb.
Əsl “şair” adlı insan növüysə heç bir zaman tükənməyəcək, bitməyəcək az qalsalar belə.
Çünki …
Şairlik iş deyil, vərdiş deyil.
“Allah vergisidir” deyirlər-
Yox, vergi deyil, bəxşiş deyil.
Bəlkə qarğışdı, söyüşdü?
Qarğış deyil, söyüş deyil.
Bəs o kimdi, dayanıb
Allahla-bəndə arasında?
Amma molla deyil, keşiş deyil.
Şairlik nədir?
Bir allah bilir,
Bu- Bəndənin qandığı iş deyil.. .( Ramiz Rövşən).
MƏHƏMMƏD İSRAFİLOĞLU
06.06.2020