YALTAQLIĞA ELEGİYA


Yaltaqlar o qədər çoxalıb ki, yaxşıya yaxşı deməyə adam xəcalət çəkir. 

Yaltaqlar o qədər çoxalıb ki, rəhbərə tərif demək səni qəflətən onu sevməyənlərin gözündə iqtidar dəstəsinə daxil edir, ondan sonra oğulsansa çıx təmizə. 

Yaltaqlar o qədər çoxalıb ki, artıq onları peşə, ixtisas, elmi dərəcələrinə görə xüsusi fərqləndirməyə ehtiyac var. 

Bu gün yaranmayıb ki, yaltaqlıq. İltifat, kompliment, xoşgörü adı ilə bəşər oğlu ilə bir zamanda gəlib dünyaya. Bəlkə dünyada heyvanlar aləmindəki siçovullar, insanlar arasında qədim peşə–şəhvət pəriləri qədər kökü kəsilə bilməyən üçüncü ətsiz-qansız, amma canlıdan canlı olan nəsnədir yaltaqlıq. 

Yaxın keçmişdə sovet dövləti vardı və on beş respublika “könüllülük” əsasında orada birləşmişdi. Bu on beş qardaşın biri böyük, qalanları isə müxtəlif dövrdə “doğulsalar” da on dörd ekiz (“üçəm”, “on dördəm” nə isə) sayılırdılar. Xudaya, bu böyük qardaşın rəğbətini qazanmaq üçün o vaxtaşırı alçaldılan, əzilən, qanları sorulan ekizlər necə dəridən-qabıqdan çıxırdılar?! Böyük qardaşın taxt-tacı şimal-qərbdə yerləşdiyindən şərqdən doğan günəş (yaltaqlıq bilmədiyindən, təbii ki!) əvvəlcə ekizləri, sonra böyük qardaşın iqamətgahını nurlandırırdı. Bu vəziyyəti “dəyərləndirən” və günəşdən bir cəza gəlməyəcəyinə əmin olan balaca qardaşlar tribunalara çıxıb “bizim günəşimiz şimal-qərbdən doğur” deyə öz aralarında yarışa girirdilər.

İl ötdü, dövran dəyişdi. Günəşi məhvərindən qoparıb şimala sürükləyən “telli-toqqalı” oğlanlar oldular balaca günəşciklər. Biri elbaşı oldu, biri türkmənbaşı, bəziləri də özünə ad qoymasalar da yaltaqlıq məktəbinə direktor, universitetinə rektor olacaq elə kadrlar yetişdirdilər ki, şimaldan günəş doğduranlar yalan oldu.

Təkamül deyilən bir illət də var ki, heç nəyi durğun vəziyyətdə saxlamır. Yaltaqlığı da təkamül elə gübrələdi ki, daha yaltaq yüxarı baxıb mədhiyyələr oxumaqla qalmır, aşağıdakılara da həqarət yağdırmaq üzrə ixtisaslaşır. Yolun başlanğıcında yırtığından cin ürkən yaltaq hamamlandı, ənnik-kirşanlandı, burnunu-qulağını gizlədəcək qədər əyin-baş aldı, doğulduğu kənddə kolxoz sədrinin boynunda ilk dəfə görəndə “Muxtar kişinin yemək yeyəndə ağzını silmək üçün müşəmbə” hesab etdiyi qalstuklardan bir neçə dənəsini tədarük etdi və qalxıb oturdu tərif elədiyi havadarların yanında. Bundan sonra  su da vedrə ilə ölçülməyə başladı, uşaq pulu istəmək də cinayət sayıldı və sonunda vətəni Vətən edən qazilərə Məşədi İbadın hambalı kimi münasibət göstərildi. (((

Bu üzdəniraq yaltağın dediklərindən bir dəfə ağlı başında olan, yaltaqlıq çeşməsindən bilmərrə uzaq olan dosta giley elədim. Mənə nə desə yaxşıdır? “O idmançıdır, vaxtında başından çox zərbələr alıb, bənd olma”. Nə az, nə çox. Deməli, bu filan-filan şüdənin otuz il əvvəl tatamidə aldığı zərbələrin əvəzini biz ona düz iyirmi beş il qanunvericilik qoltuğunda oturtmaqla veririk. Belə olanda bizə nə olursa yerində olmurmu?

Yaltaqlıq—yayda külək dənizdən əsəndə sahilə çıxan meduzalara bənzəyir. Gözəl olmaması bir yana, toxunanda da yapışqanı urək bulandırır. İnanmaqda çətinlik çəkirəm ki, kiminsə yaltaqlıq ürəyincə olsun. Düzdür, yaltaqlığın “qohum-əqrəbaları”, yəni yaşlıya, uşağa iltifat, qadına söylənən kompliment, xəstəyə ümid vermək üçün işlədilən yalançı tərif yaşamaq haqqına malikdir. Lakin Füzulidən, Şəhriyardan, Bəxtiyardan xəbəri olan birinin pul qarşılığında yazdığı rəydə “üç badam, bir qoz”a şedevr deməsi xalqa natamamlıq peyvəndi vurmağa bənzəyir. 

Bütün deyilənlərə baxmayaraq, yaltaqlıq—tərifi və dəyəri layiqincə verilməmiş bir xüsusiyyətdir. Onun əlamətləri professorda da ola bilər, fəhlədə də. Fərq onların yaltaqlığı geydirdikləri paltarda, bəzədikləri söz çələngində bilinəcək.

Əlqərəz, bir qurumu, şirkəti, hətta dövləti göylərə qaldıra bilən iki amil var: biri acı həqiqətə söykənən vicdanlı iş, digəri bəzəkli sözlərə bürünən yaltaqlıq. Birinci halda qurum, şirkət, dövlət uzunmüddətli tərəqqiyə gedər, ikinci halda onlar ani parıltıdan sonra tənəzzülə uğrayar.

Cəfər Sadıq,
Moskva, 
3 yanvar 2024-cü il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir