Stilimimi dəyişsəm…


Stilimimi dəyişsəm...
Onsuzda necə olsa mövzu eyni, niyyət eynidir. Cox “tıqlanmaq” bəlasına düçar olub gah gündəmin zənginlərini “öldürür” (Facebook-un Markı kimi), gah Əsədi axtarır, gah İranı birləşdirir, gah Türkə küsənir, gah Rusiyanı suçlayır, gah Qərbin meylindən (elə lap mail-meylindən olsun) coşur, gah Sorosun qrandından pay umur, gah öz milli “Qrand”ımızın (bulağımızın) çağlayan ulduzlarına söz atır, gah Xəzəri bölüb özümüzünkülərlə bir gəmiyə minmədən batırıq… və ilaxır sonunda yatırıq.

Bir atımlıq barıtdır da, atdıq, tutduq, hədələdik bitdi… “Öyünərsə ər öyünsün, aslandır, öyünməklik qadınlara nöqsandır”-deyib kölgəmizlə savaşı qazanmış aslana dönürük. Haradamı? Masanın üstünə qoyduğumuz dünya xəritəsində acığımız tutan, bizə qarşı olan yerləri ya qaralamaqla, ya cırmaqla. Al payını.

Bunu hardan bilirik? Kollektiv məktəb rəsmindən xoşumuza gəlməyən sinif yoldaşlarımızın gözünü çıxartmaq və ya fantaziyamızın rəngarəngliyinin imkan verdiyi qədər etdiyimiz “redaktə” vərdişlərindən.

Zəlimxan Yaqubun üslubuna keçdim, deyirsən. Təbii, Mirzə Ələkbər Sabir “nəfəskəsməsi” bir az arxa planda qalıb. Ona görə günün novatorlarını xatırlatman normaldır. Amma bax yeni stilə keçmək də yəni, forma axtarışı indi də mənanı yoldan sapdırdı.

Qadınına heykəl qoyacaq qədər müqəddəsləşdirib dağa qaldırandan sonra da verdiyin azadlığın yolunda sapıb xaosa doğru gedəndə “ipini necə əlimdə saxlasam, əcəba”- deyən kimi. Forma dəyişkənliyi ha. Bu yerdə də içimdən “vay bə” demək keçir. Amma burada da türkü rusa qarışdırmayım orijinallığım önümü kəsir. Çünki hamı qarışdıran yerdə mənim stilimi dəyişmək istəkli mətləbimə bu ziddir.

Əlqərəz… Bilsəm bu stilimi- yazı üslubumu dəyişmək hələ başqalarını yox, özümü dəyişməyə yardım edəcək…o zaman “xoş gədin məclisə, tazə bəy!”

Bir günlük bəylik bir ömür dəyişdirirsə, stili niyə ona oxşatmayım ki?! Bəyəm, stilllər dəyişdikcə adətlər-vərdişlər dəyişmirmi?

Dəyişir. “Tiq-tiq xanım” “Keloğlan”a (Kayla) uduzub. Daha harada nəyi kimlərə hədiyyə vermişik, onu demirəm. Saatımızı belə Moskva vaxtı ilə qurub Bakı vaxtına hesablanan ölçülərlə hərəkət edirik.

Gəmisində oturuqlarımza ləhcəmizi saxlasaq da “Tı kto takoy, davay do svidaniya” deyəcək qədər təkəbbürümüzdə irəliləmişik. Təfəkkürmü? Ayıb edirsniz, amma. Onu mühitdə deyil, daha böyük-şahi-mühitdə -“Facebook”-dakı statuslarımıza baxıb oxumayan bixəbərlər sual edə bilər.

Irəlidəyik. Saz bizdə, söz bizdə, şeirdi, əsərdi, ktabdı, repdi, meyin, neyin, hər şeyin hanası, xanası, daması hamısı bizdə. Dayan, alə, sayma…meyxana yarışması deyil. 1,2, 3, 4, 5, 6, 7, 8… “Tı kto takoy, davay do svidaniya”.

Yenəmi əlqərəz. Bax deyəsən qərəzsiz deyib də mətləblərdən əlqərəzsiz keçəmmirik.

Hələ saçımı azərbaycanlının ruslaşma məlhəmi perekislə açammayıb, yubkamın ətəyini qısa bilmədən 10 ildir özümə məskən etdiyim bu yerdə özüm qısıla -qısıla yaşayıramsa …

Tünzalə Vəliqızı
30.08.2012


Bir cavab yazın