QƏRİBƏ “QƏRİB” YUXU


Yarım əsr əvvəl tanımaq şərəfinə nail olduğum müəllimlərimə 

Elə bilirəm yenə yatıb qalmışam. Bu gün də dərsə getmək lazımdır. Hələ yuxunun cəngində qalan yaddaşım, palçıq məngənəsindən çıxmağa çalışan təkər kimi ağır-ağır fırlanır, aydınlaşır, əşyaları öz təbii ölçülərinə gətirir, fikirləri normal sıraya düzür. Bu gün Xarici ölkələrin mətbuat tarixindən Şirməmməd Hüseynovun mühazirəsi var. Sonra Azərbaycan dili, bu da əladı, Zinyət Əlizadə. Sonra…

Nəsir İmanquliyevin təmkinli çöhrəsi gəlir gözümün qabağına. “Köhnə kişilər”in ahənginə uyğun “moozu” deməsi. Dərsində Maya ilə Sərhəddinin tənəffüsdə bitirəmmədikləri mübahisənin “qızğın, əlbəyaxa fazası”. Nəsir müəllimin içərisindəki fırtınanı üzə vurmamaq üçün keçirdiyi dəqiqələr. “Yaşlı” tələbələr vəziyyəti tənzimləyir. Mühazirə davam edir, tezliklə başa çatır və növbəti semestr Mayasız, Sərhəddinsiz başlayır. Ona qədər imtahan veririk. Mir Cəlal mənim Hacı Qaranı az qala dünya şöhrətli obraz səviyyəsinə qaldırmağıma bığaltı gülür və Şəkidən olduğumu dəqiqləşdirib, “Sizin üçün qiymətin fərqi yoxdu,–deyir,–şəkililər oxuyan olur və imtahan kitabçama ilk qiyməti “yaxşı” yazır.

Zinyət Əlizadənin işvəli-nazlı yerişi, açıq çiyninə etinasızca saldığı zərif şalı və gözəllikdə ona meydan oxuyan qızlara öldürücü baxışları “səhnəni” doldurur. “Kim deyir ki, “meyl” sözü “i”siz yazılır? Səməd Vurğundan çox bilirsiniz dili? “Ovçuluğa meyil saldım…”. Etiraz eləmək gəlir içimdən: müəllim, onu qafiyə xatirinə eləyib şair… baxın, bu da var: Meylim üzündəki qara xaldadır… İri gözləri üstümə yönəlir. Qəşəng qızlara ildırım saçan baxışlardan əsər-əlamət yoxdur. Nə vaxt ayağa qalxdığımdan xəbərim yoxdur. Elə sevgi və şəfqətlə, hətta ehtirasla “otur” deyir ki, zəhmindən hər kəsin lərzəyə gəldiyi Zinyət müəllim yoxa çıxır. Aramızdakı yaş fərqi də. Dərs bitir. Mir Cəlalın imtahanından sonra Zinyət Əlizadəyə imtahan verirəm. Hamı tarıma çəkilmiş yay kimidir. Mən dörd (“yaxşı”) alacağıma əminəm nədənsə. Niyə “nədənsə”? Ana dilimdən pis qiymət alacağamsa, burda nə işim var? Bileti çəkirəm. Zinyət xanım sadəcə biletin nömrəsini soruşur: On beş,–deyirəm. Kitabçamı alır. “Əla. Gedə bilərsən”, deyir. İnana bilmirəm, seminarlardakı cavablarmı rol oynadı, başqa nə ola bilər?

Qıvrım saçları enli kürəklərinə söykənən Firuz Sadıqzadə “Pənbeyi daği-cünun içrə nihandır bədənim”lə Füzulini gətirir auditoriyaya. Sonra bir-birini əvəz edən nurlu simalar– Nurəddin Babayev, Vaqif Vəliyev, Əzizə Cəfərzadə, Ağamusa Axundov, Seyfulla Əliyev görünürlər auditoriya səhnəsində. Portret ləngəri yavaşıyır, ilk görüşə gəlmiş nişanlı oğlan kimi bığ yeri tərləmiş Tofiq Rüstəmovun gül camalı dayanır bir anlıq. Sanki bütün fakültəni idarə edən müəllim deyil, birinci kurs tələbəsidir. Amma rəvan səsi ilə deyilən hər cümlənin altın sanbalı var. Bizə sərbəst danışmağı, savadlanmağı, mübahisə etməyi öyrədən, özü dağın zirvəsində ola-ola ətəkdə olan bizləri də öz səviyyəsində tutan Tofiq müəllim.

Hava qaralan kimidi. Yasamalda yataqxanalarımıza qalxan yolun üstündəki kafedə gecə keçirir fakültəmiz. Bizə müxtəlif janrları öyrədən müəllimlər arabir bu janrları zarafatla bayrama gətirirlər. Nəriman Zeynalov da bəhri-təvil üstündə başlayır: “Deyirəm ki, Bağırı çağır. Cavab gəlmir, soruşuram: hanı Bağır? Bağır gəlir fağır-fağır…” Gülüş qopur, Əliş müəllimin çantasından şponların, petitlərin cingiltisi gəlir. Bu kaleydoskopun fırlanmasını Nüsrət Bağırovun tələbəliklə əsgərliyi ömürlük müqəddəsləşdirən hekayəsi dayandırır. Sağ tərəfdə əzəməti ilə sal qaya təsiri bağışlayan Xəlil Əlimirzəyev elm qranitini necə parçaladığını gənclərə izah edir: bir əsəri bitirəndə Marks bu cümlə ilə “nöqtə” qoyub: Yazdım, canım qurtardı. O qədər ağır əsər idi və müəllifi elə anlayırdım ki, oxuyan kimi mən də bu cümləni yazdım: oxudum, canım qurtardı.

Ərəb əlifbasını da öyrənirik. Müəllim lövhəyə sağdan sola nöqtəli-ilməli ərəb hərfləri yazıb deyir: bunu oxuya bilən varmı? Özü də cavab verir: bu “Mahmud”du. Biz təəccüblənməyə macal tapmamış Zülfüqar Şahsevənli arxadan soruşur: o nətər Mahmuddu? Ərəb əlifbasının ilk günü belə başlayır. 

İki qrupdan olan kursumuzun dörd tələbəsi üç nömrəli yataqxananın 60-cı otağında bərqərar olub. Ələddin Əsədov, Qulu Məhərrəmli, Qəzənfər Qəribov, Cəfərsadıq Abbasov. Tələbə qazanı vaxtaşırı qaynayır, ən azından axşam yeməyi olur. Bir müddət sonra axşamlar üç pay yeyilir, bir pay saxlanırdı. Ələddinin sevda yolu bir az uzaqdı, yeməyə yetişə bilmirdi. Sonra Cəfərin də payı saxlanmağa başladı. Çox keçmədi Qəzənfər də bu mərəzə tutuldu. İndi şamın bir payını Qulu yeyir, üç payı sevdalıları gözləyirdi. Qulu sevdasını güvənli yerə bağlamışdı. Bir yerdə oxuduqlarından onun dərsin sonunu gözləmək kimi bir dərdi yoxdu. Sevdalarımızın adları müxtəlif, təyinatları bir idi: ailə səadətimizin təməli qoyulurdu. Bu gec gəlmələrə də arabir cırnayırdıq. Qəzənfərin gec gəlməsinə sataşmaq üçün və zarafata onun daha düzgün təpki verəcəyini bildiklərindən bir gün Elbrusla Qulu bir “oyun” düzəltdilər. Qış vaxtı idi. Qəzənfər içəri girən kimi (yeri gəlmişkən, o içəri girəndə qapını əli ilə yox, ayağının ücü ilə elə açırdı ki, sanki onu kimsə arxadan müşaiyət edir və düz otağın ortasına gedirdi), Elbrus bir xidmətçi ədası ilə onun paltosunu soyundurdu, Qəzənfər saatını qolundan açanda Qulu sanki hər gün etdiyi hərəkət kimi ona yaxınlaşıb saatı iki əlinin üstünə qoydu və pəncərənin önünə apardı. Elbrus yaxınlaşıb: Şahim, indi nə buyurursunuz?—dedi. Qəzənfər, halını pozmadan, Elbrusa tərəf baxmadan sağ əlinin şəhadət barmağını qaldırıb: Rəqqasələr gəlsin,–deyəndə çox gözəl plastikası olan Elbrus mükəmməl bir ərəb rəqsinə başladı. Mən çarpayıda gülməkdən keçinib birtəhər olmuşdum. Bu arada qapı açıldı. Yusif başını içəri salıb: Yimağa bir şeyiniz vaaar, demişdi ki, gördüyü səhnədən donub qaldı, elə bunu deyə bildi: Şəbeh çıxardırsuuz?

Ara sakitləşəndən sonra da inanmaq istəmirdi ki, gördükləri hazırlıqsız bir ekspromt idi. Sonra da gəlişinin səbəbini xırdaladı. Cünorta çavaf yidim, didim daa ajmaram, hayındı içim siyrılır.

Yataqxana bir aləmdi. Gündüzü səssiz olan bu binalar gün dönəndən sonra canlanır, xüsusən qızlar yataqxanasının qarşısı şirəyə yığışan arıları xatırladırdı. Qapının ağzında pıçıldaşan cütlər saatın on bir olmasını, növbətçi qadınların qəzəblənməsini istəmirdilər. Bu görüşlər də bəzən qısa qapanmalar verir, cütlər küsüşür, yeni cütlər yaranırdı. Bir gün bizimlə eyni mərtəbədə, beşinci kurs tələbəsi Möhbəli ilə bir otaqda qalan Məsayim başılovlu gəldi ki, bu Möhbəlini sakit edin, vəziyyəti heç yaxşı deyil. Onların otağına girəndə gördüyüm səhnəni təsvir eləməyə dəyər. Küncləri qopmuş süfrəsiz stolun üç-dörd yerdən qara yanıq yeri olan üstündə əsil rəngi bəlli olmayan qapqara tavanın içində soğançalı kartof qızartması, stolun arxasında bir əlində çəngəl, o biri əlində qara çörəklə oturmuş Möhbəli. Yağlı saçları sallanıb, gözündən axan yaşlar az qala ağzına girəcək uzun bıqlarına qarışıb, tam bir Xudayar bəyi xatırladır adama. Ondan yaşca çox kiçik olan biz (o hazırlıqdan gəlmişdi deyə bizdən 7-8 yaş böyük olardı) ona təsəlli verməyə çalışdıq. Məsayimin dediyinə görə, sevdiyi qız bu gün Möhbəliyə “yox” demişdi. Yataqxana Məcnununun “izahatı” “ürəkləri parçalayırdı”:

–Mən əslində ölmüşəm. Bu kartofu da tamam ölməmək üçün yeyirəm…

Kazımağa Kərimov tələbə şurasının sədri idi. Birinci kurs tələbəsi Şakir otaq yoldaşlarının onu otağa buraxmamasından şikayət elədi. İndi də otaqdadırlar dedi, Şuranın iclasını bitirib, Şakirə “otağı göstər” dedi. Otağın önünə gəldik. Kazımağa qapını döydü. Acan olmadı. Bir də. Yenə cavab yoxdur. Şakir “içəridədirlər” dedi. İnanmayacaqsınız, Kazımağa qapıya bir yumruq vurdu və qapı lay kimi qopub içəri düşdü. Otaq boş idi. Kazımağa heç kimin üzünə baxmadan öz otağına getdi. Şakir də süd dağıtmış pişik kimi quyruğunu qısıb öz otağına girdi.

Əlli il keçib. Mən hələ o yuxunu görürəm. Orada hamı sağ idi. Kəlbəcərin İstisuyuna, Şuşanın Cıdır düzünə, İsa bulağına, Ağdamın Çörək muzeyinə sadəcə vaxtın olmamasını bəhanə edib getmirdik. Nankor qonşular başımıza o müsibətləri açmamışdılar. Dağlar kimi güvəndiyimiz, sərvətimizlə bəslədiyimiz, dünyaya meydan oxuyan dövlətimiz bizi namərdliklə üz-üzə qoymamışdı. Kazımağa erməni tankının üstünə çıxmamışdı, Alı vertolyota minməmişdi. Osman Mirzəyev “Vışka” qəzetinə, Nəsir İmanquliyev “Bakı” və “Baku” axşam qəzetlərinə rəhbərlik edirdi. Saçlarımız gur, şəvə kimi qara, niyyətimiz təmiz, ümidlərimiz çox idi. 

Keçən əlli ildə min illik yol keçdik sanki. Amma hələ yuxu davam edir. 

Bu yuxunun səhnələri çoxdur. Sualları daha çox. Sizin istədiyiniz ola bildikmi? Həm olduq demək istəyirəm, həm də həqiqəti etiraf eləmək gəlir içimdən—yox!

Gözəl istedadlı jurnalistlər, nəzəriyyəçilər, müəllimlər, professorlar yetişdi. Çünki biz həyata qədəm qoyanda əlimizdən tutdunuz, yolumuza işıq saldınız, dostluğunuzu bizə layiq gördünüz. 

O dəstənin layiqli nümayəndələrindən biri də Cahangir Məmmədlidir. İllər sonra onu şəhərin izdihamından qoparıb Moskva ətrafına aparanda sanki yenidən kəşf elədim. Ağsaqqalımız, duayenimiz Şirməmməd Hüseynov haqqında bir kiçik qardaş, oğul, məsləkdaş sevgisi ilə danışmağı, səmimiyyətin qıt, cəsarətin dərman həbləri kimi dozalı olduğu indiki vaxtda məlhəm kimi yayıldı ürəyimə. 

Tale hərəyə bir yol müəyyən eləsə də, həmişə bir-birimizdən, tələbə yoldaşlarımızdan, müəllimlərimizdən xəbər tutmağa çalışdıq. İtkilərimizə üzüldük, uğurlarımıza sevindik. Heç vaxt gərəksiz təkəbbür görmədim sizlərdə. Bu səbəbdəndir ki, həyat yolunda sizlərə bənzəməyə qeyrət göstərdim.

Hamısının adını çəkmədim. Amma bu onların unudulmuş olması mənasına gəlməməlidir. Həmişə xəyalımda həyatıma nur qatan insanların siması dolaşmaqdadır.

Bu yazını yazmaq ehtiyacını nədən duydum? Onu da mən bilmirəm. Bu “yuxu”nun çin olmuş yanları da var, gözlənilən açmaları da. Sadəcə keçdiyimiz zaman kəsiyində bizlərin də olduğunu, sizləri sevdiyimizi, dünənə bağlılığımızı, sabaha ümidlərimizi bu səhnələri dumanlı yuxuda dilə gətirmək istədim.

Cəfər Sadıq,
9 yanvar 2024-cü il,
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir