“Papaqatdı”
Böyüdülmüş şəkillərdəki Böyük uşaqlar
-Papaq atdılar… Papaq var qapıda…
Bu səs hardan gəlir? Evin yuxarı başında qoyulmuş Böyüdülmüş şəkildən boylanan Böyümüş Uşağa baxdılar. Bir də o şəkiln yanındakı Papağa…
Uşaqlar üçün “Novruz”la tanışlıq həm də qapıya atılan papaqlardan keçirdi…
Bu papaq o papaqdı.. Yox, deyil. Bu yaz bir başqa yazdı. Bu Novruz atılan papaqlar da başda və başqadı…
Sovqat üçün atılıb, oğlum, gətir dolduraq içini -deyə papaqlara bayram qoz-fındığı, şəkərbura- paxlavası qoyulardı. Kimin atdığı bilinməzdi. Bəlkə elə bayramın şirinliyi də bunda idi. Amma günün sonunda toplanan sovqatlar bölüşdürüləndə şəkərburanın bəzəyi, paxlavanın kəsiyindən kiminki olduğu təxmin edilərdi. Bu Fatma xalanın paxlavasına oxşayır, bu da Zərniyar xalanın şəkərburasına… Hardan bilirsən-deməzdik, çünki qonşuların paxlava, şəkərbura “dəyiş-düyüşü” də adətdəndir.
İndi dodaqlarda “Bu yaz bir başqa yazdı…”- kəlmələri puçurlayıb. Bu Novruzun hüzuru hüznünə qarışıb. Sovqat üçün atılan papaqlar dəyişib.
1967-ci ildə Şıxəli Qurbanov “Novruz”u qapalı qapılardan geniş küçələrə, meydanlara çıxardığı gündən ta o günə kimi bayram bir başqa daddaydı.
Hansı günə kimimi? Ən uca zirvəsində, ən geniş düzündə qalanan tonqalları qalanmaz olan günə kimi. Ki, papağımızı yadlara qoyub gəldik tənəsiylə özümüzü təhnizlədik o gündən sonra. “Bu il yenə papaq ata bilmədim” -nisgilli, “çünki papağımı doğulduğum o yerdə qoyub gəlmişəm” (Şirvan Kərimov ötən Novruzda yazmışdı-T.V.) töhmətiylə özünü qamçıladı kişilər. Düz üç onillik bu ömrümüzdən ömürlər getdi.
Uşaqlar da papaq atmırdı daha. Adət acıya dönmüşdü. Novruz sanki səssizcə yenə evlərə çəkilmişdi…
“Gün o gün olsun ki, gələn il Novruz tonqalı Qarabağda-Şuşada, Xankəndində… ocaq yerləri yadırğanan yadellilər əlində olan yerlərdə qalansın” dualarını qalaqlamışdıq, bir gün o ocağı catmaq üçün. O Yurda-Ocağa catmaq üçün 30 il gözlədik.
Bu il bu Novruz bir başqadır. Papaqlar şəkillərdən boylanan böyümüş uşaqlarla başdadır.
Buxara papaqlı kişilərin Əsgər papaqlı övladları Ocaq yerlərimizdə arzularımızın tonqalını çatıblar…
-Papaq atdılar… Papaq var qapıda…
Bu səs hardan gəlir? Bu bayramı bir başqa bayram edən, Papağımızı bizə qaytaran 2783+un Səsidir!
Adət yerini tapıb onların Papağındakı sovqatıyla.
Tünzalə Vəliqızı
20.03.2021
Yenises.ru