Tarixin təkəri altında qalan “vətənsiz xainlər”


Əliheydər Qarayev və Çingiz İldırımın son aqibətləri

Xainlərin Vətəni olmur. Bunun üçün çox da uzağa getmək lazım deyil, tarixin bütün səhifələrindən bu cür Vətənsiz xainlər boylanır. Siyasət oyununun şərdən yoğrulmuş “Lion cəlladı” Jozef Fuşenin son aqibətini xatırlayın, ölmək istəyirmiş amma ölə bilmirmiş, dəhşətli ölüm sancılarıyla qıvrılırmış. Bəlkə də bu Tanrının cəzasıydı ona. Ölümünə fərman verdiklərinin sayı qədər qıvrılacaqdı ölmək işkəncəsiylə, amma bir türlü rahat ölə bilməyəcəkdi. Rahat ölüm, ölüm döşəyində ölə bilməyənlərin cənnət kimi arzuladıqları son dilək. Amma belələri üçün yaşasın cəhənnəm şüarı keçərli olacaq öldüklərindən sonra belə. Fuşedən elə belə bəhs etmədim, iti ağlı, heyrətamiz zəkası nə yazıq ki Şərin qulluğunda idi. Ağıl və şərin uzaqgörənliyi baxımdan Fuşenin dırnağı belə olmayacaq bizim də əliheydər qarayev, çingiz ildırımlarımız oldu. Fuşedən fərqli olaraq bunlar daha cahil, özündən beş metr qabağı görməyən, rus-bolşevik diktaturasının əlində siyasi kukla olmağı daha üstün tutan ” qırmızı” nökərlər idi. Təsadüfi deyil ki, mərhum Üzeyir Bəy Hacıbəyli yazılarının birində Əliheydər Qarayevdən “qırmızı qarayev” yazaraq bəhs edirdi. Öz xalqının milli – vətənpərvər kəsiminin qanını axıtmaq üçün əliheydərlər, çingiz ildırımlar rus-bolşevik diktaturasına stepan şaumyan qədər hava, su kimi duyduğu bir ehtiyac idi. Və bu ehtiyacı şaumyandan da “gözəl” doldururdu hər iki bolşevik manqurtları. ” Ayın hilal olduğu gün 28 Mayıs…” kitabımda bu iki manqurt bolşevikin son aqibəti və ölümün buz nəfəsinin necə kürəklərində gəzdirdiyini, həbsxanın dəmir qapıları hər açıldığında qorxudan ürəklərinin necə ağızlarına gəldiklərini qələmə almışam. Sən demə ölməyi də bacarmaq lazım imiş. Sağlıqlarında əlləri qandan doymayan bu manqurt həriflər ölüm anı gəldiyində sən demə bunu da bacarmırmışlar. Can şirindir deyib, qorxunun bütün şizofrenik, stresli hallarına, qapılırmışlar. “Babək” filmində Babəkin oğluna dediklərini xatırlayın: “Ölüm dünyaya mərd gəlib mərd gedənlərin son silahıdır.” Namərdlərinki isə bu qorxuyla gəbərməkdir əliheydər qarayev, çingiz ildırım misalı…

FRAQMENT-10

Əliheydər Qarayev və Çingiz İldırımın son aqibətləri

1937-ci repressiyasının kütləvi ölüm dalğası ona məruz qalanları əjdaha kimi udurdu. Bolşevik dəyirmanının çərxi bu dəfə öz övladlarını üyüdürdü, ağına, bozuna baxmadan. Hətta bu həbslər, gülələnmələr o qədər sürətli, aniydi ki, vaxtilə Azərbaycanda bolşevik inqilabının ən görkəmli nümayəndələrinin üzərinə belə sıçrayırdı.


1937-ci il iyunun 1-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının ayrıca tələbi ilə Əliheydər Qarayev və onun həyat yoldaşı – həkim Xavər Qarayeva-Şabanova Moskvada “xalq düşmənləri” kimi həbs edilərək Bakıya göndərildilmişdi. Bu həbs köhnə bolşeviklər arasında əməllii başlı böyük bir çaşqınlıq yaratmışdı. Çünki Əliheydər hələ Cümhuriyyət dönəmində Parlamanda bir kommunist kimi layiqincə partiyasını təmsil etmişdir, XI Qızıl Ordunun Aprel işğalınadək “Müsavat” fraksiyasına və onun sədri Rəsulzadəyə qarşı amansız cəbhə almışdı. Qarabağda Cümhuriyyətə qarşı daşnak- erməni üsyanınını alovlandıran baş aktyorlarından olmuşdu. Əmin Bəyin ona qarşı parlamanda tutarlı, məntiqli çıxışlarına duruş gətirə bilməmişdi, bəzi hallarda pərt durumlara düşdüyü belə olmuşdu. Bir ara parlamandakı fəaliiyətini dayandırmaq istəsə də RK(b)P Bakı komitəsi, yekdilliklə bu qərarın əleyhinə çıxış etmişdi. Anastas Mikoyan:- Əliheydər, bu yolverilməzdir. Sənin o parlamandan çıxmana əsla müsaidə edə bilmərik.. Siyasi mübarizədən və öz baxışlarımızın təbliğindən ötrü leqal parlament tribunasından heç zaman imtina edə bilmərik. Sən orada bizim görən gözümüz,vuran ürəyimiz olmalısan. Biz düşmənlərimizn niyyətlərini bilməliyik, siyasi mübarizəmizi buna görə şəkilləndirməliyik.


1920-1931-ci illərdə digər müxtəlif məsul vəzifələrdə çalışmış, Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin üzvü, Bakı Müvəqqəti İnqilab Komitəsinin sədri, xalq əmək komissarı, xalq hərbi dəniz işləri komissarı, Bakı Sovetinin sədri işləmişdir. İnqilab Komitəsində fəaliiyəti dönəmində müsavatçılara divan tutmaqda ad çıxarmışdı. Bu “divantutmalarda” bir neçə müsavatçını böyük bir zövqlə özü şəxsən gülələmişdi. Əliheydərin qılıncının dalının, qabağının kəsən vaxtı yaltaq bir ədayla “ Füqəra füyuzatı” adıyla yalnız iki nüsxə çıxarıla bilən «ədəbi» məcmu bu əliqanlı komissarın rəsmi altına aşağıdakı mənzum sətirləri qələmə almışdır.

Bax şu Qarazadə Əli Heydərə,
Töhfeyi-Şirvanə, mələk-mənzərə.
Bəhri Xəzər, xütteyi-Azərbaycan,
Görməmiş ömründə belə hökmran!


Həm həqiqətən də böylə heysiyətsiz bir hökmranı Azərbaycan heç bir zaman görməmişdir. İndiysə çərxi-fələk tərsinə dövran etmişdi. Ölümün buz nəfəsi kürəyindəydi. Təkadamlıq kameraya salınmışdı. Olduqca yorucu istintaqlar, verilən işkəncələrlə dolu ağır həbsxana şəraitinə dözə bilmirdi. Daxili mətanətini qoruyub saxlamaqda zorlanırdı, bəzən dərin ruhi böhranlar keçiridi. İstintaq zamanı bolşevik ixtilalı üçün yapdıqlarını gözə soxan çıxışlarıyla müstəntiqlərin lap zəhləsini tökmüşdü. Amma bütün bunlar sanki divara dəyib yenə Əliheydərin üzərinə qayıdırdı. Hücrədə keçmiş günlərə qayıtmaq üçün kifayət qədər vaxtı olurdu, nə edəsiydi ki?! Zatən burada vaxt sanki durmuşdu. Bir gün bir il qədər uzun idi. Azərbaycanda sovet hakmiyyəti qurulduqdan sonra dini mübarizə daha kəskin bir şəkil almışdı. Əliheydər Allaha inanmırdı. Amma indi ona verilən işkəncələrə duruş gətirə bilmirdi, özündən asılı olmayaraq Allahdan belə imdad diləyirdi ruhi böhran keçirdiyində. Oysa bütün bolşeviklərin indi bir Allahı varıydı- yoldaş Stalin, büt kimi bütün ölkə ona sitayiş edirdi, səcdə qılırdı. Qanlı icraatlar, kütləvi repressiyalar epidemiya kimi yayqın idi. Allaha yalvarışlar, ahu-nalələr ünvanına heç cür yetişmirdi. Çünki allahlar olan yerdə Allah olmur!


Qonşu kamerada Gəncədən olan Rza adlı bir müsavatçı yatırdı. Müstəntiqlər istintaq zamanı ona olmazın, həm də ağlasığmaz işgəncələr verirdilər. Fəryadı, harayı Əliheydərədək gəlib çatırdı. Amma daxili mətanətini qoryub saxlaya bilmişdi, heç bir yoldaşını satmamışdı. Çeka zindanlarında bu cür mətanət müstəntiq və nadzorların işgəncə əyləncəsini daha da artırırdı. Hücrəyə qaytarıldığında Rzanın iniltisi qulaqlarınadək gəlib çatırdı Əliheydərin. Bu da ona dərd olmuşdu, çünki Rza qədər mətanətli deyildi, ölümün gözünə dik baxa bilmirdi. Ölümdən qorxurdu, həm də lap çox. Bir dəfəsində əməlli-başlı dəhşətə gəlmişdi divarın o tərəfində eşitdiklərindən. Axşam idi, tam bir sakitçilik hökm sürürdü hücrədə, dəhlizində. Müsavatçı Rza uca səslə sanki bütün həbsxana heyətinə meydan oxuyurdu Məhəmməd Hadinin bu misralarıyla:


-İç, iç nə qədər istərisən qanımı, zalim,
Bir gün görərəm qanını səhbalər içində!


Əliheydərin halı qarışdı, özünü pis hiss etməyə başladı. Ölüm hökmünün icra olunması an məsələsiydi. Vaxtilə uf demədən qurşuna dizdiyi müsavtçıları xatırladı. Rzanın daxili mətanəti onu yamanca sarsıtmışdı, hətta ona qibtə belə edirdi. 27 aprel parlamanın son iclasında Məhəmməd Əminə : -Adamın gözünü belə çıxararlar hikkəsindən doğan sözləri, Məhəmməd Əminin : -Sən mənim yox millətin gözün çıxardın, Əliheydər. Vaxt gələcək bolşevik qardaşların səni divara dayayıb güllələyəcək. O zaman bu sözlərimi yadına salarsan”- cavabını yadına saldı. İçi sızladı. Çünki zaman Məhəmməd Əminin dediyi zamanıydı. Parlamanda söz duellolarında olduğu kimi yenə uduzurdu Əmin Bəyin dərin, öncəgörən məntiqinə. İndiysə onun özünü vaxtilə yıxdığı Cümhuriyyətin Parlamanında iştirakına görə suçlayırdılar, ittihamlardan biri də buydu. Ən əsasıysa Əliheydərin əlində Beriyanı ifşa edəcək materiallar var idı. Materiallar bulunub həmən ləğv edilmiş, özüysə həmən həbs edilmişdi. Sabah başı qanlı səhbalar içində olacaqdı…


Əliheydər güllələndikdən sonra meyidinə də təhqiramiz davrandı bolşevik yoldaşları. Beriyanın göstərişiylə meyid at arabasının arxasına qoşularaq qatı kontrrevolyusioner, Vətən xaini damğasıyla orta məktəb şagirdlərinin gözü önündə aşağı-yuxarı sürükləndi ibrəti-aləmə dərs olsun deyə… Əliheydərin ən yaxın dostu Çingiz İldırımın da aqibətinə bolşevik qardaşları tərəfindən həbs olunmaq düşmüşdü.1937-ci ilin iyulunda Xalq Daxili İşlər Komissarlığı(XDİK) ani bir qərarla onu həbs etdi. Üzərində “Əbədi saxlamalı” qrifi vurulmuş cinayət işində onu Bakıda ifşa edilmiş əksinqilabi qrupla əlaqələrdə, Maqnitorsk metallurgiya kombinatının tikintisi zamanı qəzalar və yanğınlar törətməkdə və xarici kəşfiyyata satılmaqda ittiham edirdilər. İttiham olduqca ağır idi. Güllələnəcəkdi.


Bir neçə ay Bakıda və Dneprpetrovskda davam edən istintaq onu ölüm cəzasına məhkum elədi. Amma ölüm hökmünün icrası dörd il çəkdi. Hər dəfə hücrə qapısı döyüldükdə, nadzorlar gəldiyində Çingizin ürəyi ağzına gəlirdi. Hər gün ölümünü gözləyərək yaşadı, buna yaşamaq deyilırsə əgər. Qırmızı imperiyaya sədaqəti, tərsinə xəyanət damğasına dönüşmüşdü. Sovetlərin ən dəhşətli həbsxanaların birində Suxanovo monastrında ən ağlasığmaz işgəncələrə məruz qaldı. 1920-ci il 27 apreldə Cümhuriyyətin Donanma Naziri olmasına rəğmən xəyanət yolunu tutdu. Cümhuriiyətə kommunistlərin xeyrinə olaraq ən sərt ultimatumu sunmuşdu. Hətta gözləri o qədər qızmışdı ki: -Hökuməti təhvil verməsəniz topla gülləbaran ediləcəksiniz əmrində belə bulunmuşdu. Üçrəngli Azərbaycan Bayrağını şəxsən özü çıxararaq yerinə qırmızı bolşevik bayrağı sancmışdı məğrur bir kommunist ədasıyla.

Çingiz İldırımın murdar əlinin Üçrəngli Bayrağı endrib, yerinə qırmızı bolşevik bez parçasını sancması ürəkləri dağlamışdı, İstqal Məfkurəli insanların sinəsinə dağ çəkmişdi… Bu məşum hadisəyə için-için ağlayanlardan biri də şairə Ümgülsüm idi. Yazımız qışa soldurulmuşdu. Günlərlə çimir belə edə bilməmişdi, gecənin bir yarısında özünü yazı masasında bulmuşdu. Göz yaşlarından axanlar birdə baxdı ki, nisgildolu bir şeirə çevrilib artıq:


Sən, Bayrağım! Yüksək şanlarınla enərkən,
Mavi göyə bir duman gəldiyini gördüm bən.
Qoynundakı ağ nurlu ay-ulduzum sönərkən,
Üzərimə doğacaq günəşlərdən bezdim bən
.

Al-yaşıllı bağında çiçəklərin solarkən,
Ürəyimdə pek acı bir inilti yüksəldi.
Hıçqırıqlar içində bayılırkən, düşərkən,
Məni tutub qaldıran xain, murdar bir əldi.

Yazıq, səni Bayrağım, endirdilər öyləmi?
Səni yıkıp devirən o zəhərli ruzigar,
O haqq yeyən haqsızlar, vəhşilər, tanrısızlar,
Yanar ocağımı da söndürdülər, öyləmi?
Bir röyamı oldu o gördüklərim hepisi?
Bağlandımı üzümə türk elinin qapısı?


Yazdıqlarını oxumaq sanki bir əsr çəkdi, hönkürmək istəyirdi, amma hönkürə bilmirdi. 1920- ci il həm də onların ailə qurduqları il idi. Həyat yoldaşı Seyid Hüseynlə onları şair Hüseyn Cavid tanış etmişd. Cavid Seyid Hüseynin ən yaxın can dostu idi. Xoşbəxt günlərin qanadlarında uçmaq istərkən indi şimaıldan əsən qəfil rüzgar, fırtına hər şeyi pərən-pərən salacaqdı. Gecənin lal sükutu bağrını dəlirdi. Gecə bitmək bilmirdi, sanki bir də sabah olmayacaq, Günəş doğmayacaqdı…

Bu adi bir şeir deyildi, bolşevizm tərəfindən soldurulan istiqlalmıza çəkilən ağıt idi, nisgildolu göz yaşıydı…
Bu şeirdə danışan, fəryad edən elə Üçrəngli Bayraqdır əslində. Ümgülsümün taleyi də elə bolşevizm tərəfindən endirilən Bayrağın taleyidir. Həbs, sürgün, əzab, işgəncə iztirab… Tək suçun İstiqlal ruhunu daşımaq, Üçrəngli Bayrağa dönüşmək… Ümgülsüm təpədən dırnağa bir Hürriyyət, İstiqlal şairəsiydi. M.Ə. Rəsulzadənin həm əmisi qızı, həm də baldızıdır. Azərbaycan ədəbiyyatının ləyaqət, şəxsiyyəyt simvolu yazıçı Seyid Hüseyn Sadıqzadənin həyat yoldaşıdır. Bu həmin Seyid Hüseyndir ki, NKVD-nin qaranlıq zindanında min-bir əziiyyət, işgəncələrə rəğmən kimsəni ələ vermir, ərliyini, kişiliyini başqalarından fərqli olaraq şirin canına satmır. Hətta Seyid Hüseyni dindirənlər belə ona gizlində dərin rəğbət bəsləyirmişlər. Atasının bəraət kağızını alarkən onu dindirən bir işçi Oqtay Sadıqzadəyə: “-Atanız kimsəni satmamış, çox mətanətli birisiydi” sözlərini söyləmişdir. Təkcə bu fakt bu ocağın, ailənin uca xarakterliliyinin ibrətamiz nümunəsidir. Qorxaq yüz dəfə ölər,igid bir dəfə. Yüz dəfə “ ölənlər” indi heç tarixin zibilliyində belə deyildirlər.


Tarix yenə 27 apreli işarət edirdi. Amma bu dəfə 1941- ci il təqvimiylə. Bu tarixdə güllələnəcəkdi. Yapdığı bütün xəyanətlər 21 il sonra bir 27 apreldə bumeranq kimi özünə qayıtmışdı. Üçrəngli bayrağı çıxarıb qırmızı bolşevik bayrağını Donanma gəmisindən asdığı zaman əlləri əsməmişdi, hətta bunda öyləsinə qürurlanmışdı ki… İndiysə inandığı Sovet quruluşunun sıravi bir əsgəri onun gözlərini qara parçayla qapamışdı. Saniyədə sayı bilməyən hızla çarpan ürək döyüntüləri, həssas çekist qulağı çəkiləcək tətiyin şaqqıldamasınadək anı, saniyələri hesablayırdı qeyri-ixtiyari olaraq. Ölüm qorxusu bütün vücudunu sarmışdı. Heç bir şey görmürdü qaranlıqdan savayı. Soyuqqanlıcasına əlləri əsmədən tətiyi çəkən rus soldatının atəşi sərrast idi. Çingiz İldırım güləlləndi.


Həbsxana rəisi masasının üzərindəki sənədə gözucu belə baxmadan dərkənar qoyaraq həmən qol çəkdi. Sənəddə yazılırdı: Kontrrevolyusioner Çingiz İldırım oğlu Sultanovun gülələnərək öldürülməsi ölüm aktı kimi qeyd olunsun! Adı yemək siyahısından çıxarılsın…

*Məhəmməd İsrafiloğlu “Ayın hilal olduğu gün 28 Mayıs…” kitabından.

Məhəmməd İsrafiloğlu,
26 aprel 2024-cü il
Almaniya


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir