“Uçuruma yuvarlanırıq, bəylər!”


“Qəhvəxanada bir sillə səsi eşidildi: “Şarraq!” Sillə yeyən cüssəli bir adam idi. Sillə vuran isə onun tam əksinə, arıq, sısqa və balacanın birisi idi. Cüssəli adamın yanağında sısqa adamın beş barmağının izi qalmışdı…

Polis belə, bu barmaq izlərindən sillə sahibinin kim olduğunu öyrənə bilərdi. Qəhvəxanadakılara elə gəldi ki, iri cüssəli adam onu vuran bu balaca adamı altına alıb çul kimi əzişdirəcəkdir.Amma elə olmadı.

O: – Şikayət edəcəyəm, – deyə bağırdı. “Gördünüz də, hamınız gördünüz. O məni sillə ilə vurdu, – cüssəli adam belə dedi”.

Bu sillə XX əsr Türkiyəsində atıldı və düz hədəfə, xalqı çapıb-talayan məmuriyyənin sifətinə dəydi. Silləni vuran cüssəsiz adam xalqın nümayəndəsi idi, var-dövləti talanan xalqın, haqq-hüququ əlindən alınan xalqın. Sillə düz hədəfə dəydi deyirəm, ona görə ki, ölkəni çapıb-talayan, yedikcə yoğunayan külli-məmuriyyənin tipik nümayəndəsi olan cüssəli adamın üzü idi o hədəf. Qəhvəxanada açılan atəşi (silləni) görməzdən gələnlər isə xalqdır, daha dəqiq desək, haqqı, hüququ əlindən alınmış lallar, karlar, korlar yığını. Onlar eşitmirlər, onlar görmürlər, onlar danışa bilmirlər. Onların bir həyat fəlsəfəsi var – bu fəlsəfənin adı da, görəvi də bir əmələ xidmətdən keçir; heyvani instinktlərlə nəsil artırma…

Əziz Nesin güclü yumor hissinə malik olmaqla yanaşı, həyatın gerçəklərini, qara üzünü, əzilənləri və əzənləri olduqca gözəl və dəqiq, sadə dildə oxucuya təqdim edir. O, siyasi baxışlarına görə solçu idi, sosial demokratiya carçısı. Elə demokratiyanın ən gözəli də budur – obrazlı desək, dünya nemətlərinin insanlar arasında tən bölünməsi. Bir qədər pafoslu səslənir, bir qədər qeyri-real görünür. Amma insanlıq öz tamahına yenik düşməsə, insanlıq varlığı və yoxluğu, dünyanın faniliyini, ölümün labüdlüyünü dərk etsə, başa düşər ki, yığdıqları milyardlar onu əzrayılın caynağından xilas edə bilməyəcək…

Nə isə, qayıdaq Əziz Nesinə. Əziz Nesin, sən Nəsən? Bu suala yazıçı müsahibələrinin birində belə cavab verib:

“1934-cü ildə Türkiyədə soyad qanunu çıxdı. Hər kəs soyadını özü seçməliydi. Həmin vaxt insanların natamamlıq kompleksi üzə çıxdı; dünyanın ən xəsis adamı “Əliaçıq”, ən qorxağı “Ürəkli”, ən tənbəli “Çalışqan” soyadını götürdü. Bir müəllimimiz vardı, elə astagəl idi ki, bir saata adını güclə yazırdı. O da “Çevikəl” oldu. Beləcə gözəl soyadlar “yağmalandı”. Öz-özümə dedim: “Yaxşı, Əziz, bəs sən nəsən? Elə bu soyadı da götürdüm. İstədim ki, hər dəfə soyadımı eşidəndə, nə olduğumu, kim olduğumu düşünüb özümə gəlim”.

Mən hələ elə bir oxucu tanımıram ki, satiranı sevməsin. Və elə bir oğru məmur da tanımıram ki, satiradan qorxmasın. Satira elə bir unikal yanaşmadır ki, o, özündə bir çox ədəbi janrların elementlərini sintez edə bilir. Yeri gələndə dramatikliyi və ya komediyanı, bəzən hətta tragediyanı da önə çəkməyi bacarır. Bu taktikaları tətbiq etmək üçün müəllifin ustalığı da önəmli faktordur. Yəni, hər hadisəyə ironik baxış həmişə heç də uğurlu alınmır.

Nesin öz hekayələri ilə nəinki Türkiyədə, hətta bir çox Avropa ölkələrində də tanınmışdı. Amma bununla yanaşı, qələmindən çıxan satiralaerı  ona çoxlu düşmən də qazandırmışdı. Onun hekayələrini oxuyarkən mövzuların rəngarəngliyinə heyran qalmamaq mümkün deyil. Nesinin yaradıcılığında ana xətt yaşadığı cəmiyyətin sosial durumu olsa da, müxtəlif yanaşmalar bu mövzunu  daha da oxunaqlı edir.

Hekayənin adından göründüyü kimi, müəllif “Uçuruma yuvarlanırıq, bəylər” deyə üsyan edir. Bu üsyan qara-qışqırıq deyil. Bu, səssiz bir üsyandır. İnsan bəzən danışdıqları ilə yox, susduqları ilə üsyan edir. Əziz Nesinin isə bütün həyatı üsyan idi – özünə, yalqızlığa, cəmiyyətə, sevgiyə üsyan…

Polis məmuru cüssəsiz adamı sorğu-sual edir. Deyir ki, sən bu adamı, bu cüssəli cənabı niyə vurdun?

 Sükut…

-Tanıyırsan bunu?

Bax, burda danışan Əziz Nesindir. O, polis məmurunun önündə danışır, amma polis məmurunu görmür. O, daxili monoloqunu dilə gətirib qeyri- müəyyənliyə xitab edir sanki. Bəs niyə qeyri- müəyyənliyə? Çünki yaxşı bilir, başa düşür ki, onun dediklərini nə polis məmurları başa düşəcək, nə də, Füzuli demiş, “salam verdim rüşvət deyildir deyə, almadılar”, fəlsəfəsi ilə yaşayan məmuriyyə sürüsü…

“Səhər tezdən yataqdan qalxdım. Gördüm ki, sol böyrüm tamamilə quruyub. Yatdığımız otağın pəncərə şüşələri üç ay əvvəl sınmışdı. Saldırmağa şüşə tapa bilmirik. Elə bil ki, ceyran dalına minib. Pəncərəyə döşəkağı asmışıq. Amma faydası yoxdur. Külək və soyuq səhərə kimi otağı buzxanaya çevirir. Sol böyrüm qurumuşdu. Yataqdan qalxdım, üzr istəyirəm, ayaq yoluna getdim, gördüm ki, suyumuz də kəsilib. Çöldə şıdırğı yağış yağır, amma boruda su yoxdur. Otağa qayıtdım. Tir-tir titrəyirdim. Bizə kömür talonu da vermirlər. Bir az odun almışdıq. O da qurtardı. İndi də odun tapa bilmirik, yoxdur”.

Əsərin qəhrəmanı o qədər saf və səmimi dillə düşündüklərini dilə gətirir ki. Könül istər, bütün insanlar bu cür səmimi, içdən danışsınlar bir-birləriylə… Amma… Əziz Nesin demiş, biz ölçünü çoxdan itirmişik… Özü də bir-birimizə ürəyimizdən keçənləri olduğu kimi deməyin ölçüsünü.

Əziz Nesin deyirdi: “Mənə elə gəlir ki, biz Türkiyə türkləri bir-birimizi batırmaqda, siz Azərbaycan türkləri bir-birinizi göylərə qaldırmaqda ölçünü itirmişik, itirmisiniz”. İndi durub yeni ölçülər qoymağa cəhd edə bilərəm, buna cəsarətim var. Amma, məlum sual yenə meydana çıxır: “Olmaq ya olmamaq?”. Mənim cəsarətimə ürəyində gülüb, hər fürsətdə yoluma daş qoyub, “uğurlar, irəli!” deyənlərin ölçülü olub-olmamağı adamın bütün düşüncələrini uçuruma itələyir… Uçurumlar geri dönüş ehtimalı olmayan istiqamətdir.

Eh, indi kim Nesinin qəhrəmanı kimi yanağı qızıləhmədi almasının rənginə bələnmiş polis komissarına üzünü tutub deyər: “Mən məhkəmə icraçılarının evimizə gəlməsini heç də xoşlamıram. Onlar müsadirə etməyə bir şey tapa bilməyəndə adam xəcalət çəkir.”?

Heç kim… Bax, burdakı “heç” kəlməsi çox ağır gəlir mənə…

Adam yarıtmaz idarəçiliyin viran qoyduğu yoxsul komasından həyətə çıxıb həyata boylanır. Bu dəfə isə kirayə qaldığı evin haqqını ödəyə bilmədiyi üçün qapını kəsən məhkəmə icraçıları ilə qarşılaşır. Bütün bu psixoloji basqılar, yoxsul məişət, arıq, sısqa, cüssəsiz adamı özündən çıxarır və qəhvəxanada onu var-yoxdan çıxaran, külli- məmuriyyənin bədii obrazı olan cüssəli adama tərs bir sillə vurur.

Əziz Nesinin vurduğu tərs sillə antoqonist ziddiyyətdir. Bu sillənin izi hələ çox uzun illər piyli sifətlərdə cingilti qoparacaq…

Yazmaq eşqdir, deyiblər. Oxumaq isə vəfa. Bizim sənə bir ömürlük vəfa borcumuz var, ustad..

Hikmət KƏRİMOĞLU


Bir cavab yazın