BİR VƏTƏN DÜZƏLDİRƏM


(Yaz yuxusu)

          Bir Vətən düzəldirəm. İcazəsini Ramiz Rövşəndən alacağam. Niyyətimiz birdi çünki. Sərhədləri gül-çiçəkdən hörülən, xəmiri insanlıqdan yoğrulan, hasarsız-çəpərsiz Vətən. Şəhərlərinə ad verməyi Rüstəm Behrudidən, küçələrinə yön verməyi Aydın Candan xahiş edəcəm. Ölümsüzlüyünə Lütfizadə ilə Rafiq Əliyev cavab verəcəklər.

          Bir Vətən düzəldirəm. Sabahları Şövkətin səsi ilə açılan, Alim səfərə çıxanda dənizi dəli olmayan, qürbətinə Floranın məhəbbətinin getmədiyi, çöllərində Rəşidin, Arifin zəngülələrinin bitmədiyi bir Vətən. Dağları arasında dərələri yuxu kimi dərin olan, dumandan sevgi məktubu alan Ramizi, bir zərrənin işığında ilahi məhəbbət görən Müşfiqi qonşu olan bir Vətən.

          Səmədi, Bəxtiyarı, Şəhriyarı bir küçədə yaşayan, Alimi, Rasimi, Aygünü Fərqanəsi hər məclisi coşduran, bağ-bağçasında min-min uşaq qoşduran bir Vətən. Sənə də, mənə də bəs edən, Məmməd Arazı gözəlliyi ilə məst edən, Musa Yaqub dağında qara daşı göyərən Vətən.

          Bir Vətən düzəldirəm. Çilçıraqlarını Əli Kərim yandıracaq, dənizinə Müslümün qağayıları qonacaq. Dağlarının başı dumanlı, dərdindən ölməyə min-min gümanlı Vətən.

          Poladı da sağ olacaq o Vətənin, Mübarizi də. Barışıqla, gur işıqla dolacaq yolu, izi də. Kasıblığı, qıtlığı da olacaq o Vətənin. Onsuz olarmı? Namərdlikdən kasıb, yaltaqlıqdan qıt olacaq. Hər tərəfdən yolları açıq olacaq. Havadan da, qaradan da, sudan da, qurudan da.

          Bir Vətən düzəldirəm.

Cəfər Sadıq, Moskva
04. 06. 2026