AFAQ ŞIXLI Rusiya Poeziya Akademiyasının müxbir üzvü seçilib


AFAQ ŞIXLI Rusiya Poeziya Akademiyasının müxbir üzvü seçilib
Vətəndən uzaqda yaşayan, lakin ürəyi hər zaman Vətən eşqilə vuran, müasir dövrümüzün sevilən, seçilən, özünəməxsus dəyərli yeri olan qələm sahiblərindən biri, Avrasiya Yazarlar birliyinin üzvü şairə, publisist Afaq Şıxlı Rusiya Poeziya Akademiyasının müxbir üzvü seçilmişdir.

Tədbirdə Beynəlxalq Yazıçılar və Publisistlər assosiasiyasının sədri Marat Kələntərov və assosiasiyanın Moskva bölməsinin rəhbəri şair Nəsib Nəbioğlu, eləcə də, şair-publisist Sultan Mərzili, Əliş Əvəz, Əşrəf Hüseynli, Abbas Ağdabanlı, K. Ordubadlı, Moskva Şəhriyar Ədəbi Mədəni Cəmiyyətinin sədri Vasif Məmmədov, şairənin qızı – gənc yazıçı-jurnalist Nilufər və başqaları iştirak edirdilər. Onlar Afaq xanımı bu böyük nailiyyəti ilə təbrik edərək, ona yaradıcılıq uğurları arzuladılar.

Rəsmi tədbirin sonu gözəl bir poeziya gecəsinə çevrildi. Rus və Azərbaycan dillərində bir-birindən maraqlı, vətənpərvər ruhlu və məhəbbət lirikalı şeirlər söylənildi.

Şeiləri, hekayələri, eləcə də müxtəlif mövzulu məqalələri hər zaman sevilərək oxunulan şairə, uzun illərdir Moskvada yaşamasına baxmayaraq, Azərbaycan oxucusunun ürəyinə yol tapa bilmişdir. Onun saf və təmiz sevgiyə, analarımıza, Vətənimizə həsr olunmuş əsərləri təbiətin özü qədər təbii və gözəldir.

Az müddət öncə, Krımdakı Şeir simpoziumunda təşəkkür bəlgəsi ilə mükafatlandırılan Afaq Şıxlı, bu günlərdə şeirlərininin mütəmadi olaraq dərc olunduğu və böyük oxucu kütləsi topladığı qəzetlərdən biri olan “Ədəbiyyat və Həqiqət” qəzetinin Bakıda keçirilən 10 illik yubileyində Fəxri Diplomla təltif olunmuşdur.
Bu şairə üçün bir sürpriz olmuşdu. Bu qədər uzaq məsafədən belə könülləri fəth edə bilmək, doğma diyarında qiymətləndirilmək və dəyərləndirilmək yəqin ki, bir yazar üçün ən önəmli amillərdən biridir.

Sözlərinin ölməzliyi – şairin ölməzliyidir!
Sözlərinin qüdrəti – şairin qüdrətidir!
Son illərdəki nəhayətsiz uğurları ilə bütün şeirsevərləri sevindirən Afaq xanıma uğurlar arzu edirik!

Beynəlxalq Yazıçılar və Publisistlər assosiasiyasının
Moskva bölməsi
12.10.12.


Bir cavab yazın