Avro-2012: Ev sahibinin oynadığı D qrupunda nələr olacaq?
Bu gün futbol üzrə Avropa çempionatının D qrupunun oyunları keçiriləcək. Bu qrupda İngiltərə, İsveç, Ukrayna və Fransa milli komandaları mubarizə aparacaqlar. Günün ilk qarşılaşması Ukraynanın Donetsk şəhərində keçiriləcək. Ciddi itkilərlə üzləşən İngiltərə milli, onlara qarşı möhkəm qüvvəylə mübarizəyə hazır olan Fransa komandası ilə qarşılaşacaq. Gecəyə yaxın isə Kiyev şəhərində AVRO-2012-in ev sahiblərindən biri olan Ukrayna millisi İsveç yığmasıyla mübarizə aparacaq. Futbol ekspertləri bu görüşlərdə favorit məhz Fransanı və ikinci qarşılaşmada bərabər gücə malik iki komandanın oyununda bərabərlik olacağını düşünürlər. Lakin İsveçlə qarşılaşmada Ukrayna millisinin azərkeş dəstəyi və doğma meydan amilini nəzərə alsaq Ukrayna millisi bu oyundan üç xalla ayrılmağa borcludur.
İndi də D qrupunun komandaları haqda maraqlı məlumatlara diqqət yetirək.
İNGİLTƏRƏ.
İngiltərə millisi dünyanın qədim komandalarından sayılır. Bu komanda Avropa çempionatında ilk oyunu zamanı heç vaxt qələbə qazanmayıb . İngiltərə millisinə indiyədək Avropa çempionatının finalında oynamaq qismət olmayıb. Ən böyük uğurları ev sahibi olduqları AVRO-1996 –da qazandıqları bürünc medallar olub. İngilislər el arasında “üç şir” ləqəbi ilə tanınırlar. İngiltərə millisinin son zamanlar zəif təsir bağışlamasına baxmayaraq onlar qrupda favorit fesab olunur. Komandada ciddi itkilər var. Runi xəbərdarlıq edildiyinə görə ilk iki oyunda iştirak edə bilməz. Zədəli olduqları üçünsə Lempard, Berri, Parkera və Cek Uilşer də komandasına kömək edə bilməzlər. Bu səbəbdən də İngiltərə millisi yaxşı oyun nümayiş etdirə bilməyəcəyi gözləniləndir. Komandanın uğurlu çıxışı “Mançestr Siti”in qapıçısı Co Xartdan aslı olacaq. İngiltərə millisi AVRO-2008-in qrup mərhələsinə vəsiqə qazana bilməyib. AVRO-2004-ün qrup mərhələsində Fransa millisinə 2:1 hesabıyla məglub olub. Komandanın liderlərindən Co Xart, Runi, Con Terri, Ceyms Milneri göstərmək olar.
İSVEÇ
Çoxları İsveçi xokkey ölkəsi kimi tanıyır. Lakin burda futbol da uğurlu inkişaf edir. İsveç millisi ev sahibi olduğu AVRO-1992-in bürünc medallarına sahib çıxmağı bacarıb. Komanda “üç tac” ləqəbi ilə tanınır. Erik Xamrenin komandasında oyunu ilə seçilə bilən futbolçular çoxluq təşkil edir. Bu komanda cərimə zərbələrindən yaxşı istifadə etməyi bacarır. Komandanın əsas silahı dünya səviyyəli futbolçusu -Zlatan İbrahimoviçdir. İsveç millisi 4-2-3-1 taktiki sisreminə üstünlük verir. AVRO-1992 də İsveç millisi indiki kimi İngiltərə və Fransa millisi ilə eyni qrupda mübarizə aparıb. Fransa millisi ilə sülh bağlayan isveçlilər İngiltərə millisini 2:1 hesabıyla məğlub etməyi bacarıb. AVRO-2000- in təsnifat mərhələsində ingilislərlə qarşılaşan İsveç millisi evdə 2:1 hesablı qələbə qazanaraq, səfərdə də sülh bağlayaraq aktivinə bir xalı yazdırıb. Komandanın liderləri siyahısına İbrahimoviçi, Yuxan Əlmanderi, Əmir Bayramini, Qrankvisti və digərlərini aid etmək olar.
UKRAYNA
Ukrayna millisi tarixində Avrpa çempionatının final mərhələsində oynamayıb. Bu ilki turnirdə ev sahibi qismi amilinə görə ilk dəfə turnirin final mərhələsində birbaşa oynamaq şansı qazanıb. Komanda “sari-mavi” ləqəbilə tanınırlar. Təcrübəli məşqçi Oleq Bloxinin yetirmələri turnirdə azərkeş dəstəyi baxımından korluq çəkməyəcəklər. Komandanın əsas lideri Qizil top-2004 müsabiqəsinin qalibi Andrey Şevçenkodur. Buna baxmayaraq komandada Yarmolenko, Rakiçkiy kimi gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar. Ukrayna millisi 4-2-3-1 taktiki sxemi ilə oynayır. Komandanın ən problemli yeri əsas qapıçı Aleksandr Şovkovskiy və ikinci qapıçı Andrey Dikanın zədəli olmasıdır. Bu üzdən qapını “Şaxtyor” klubunun qapıçısı Andrey Pyatov qoruyacaq. Bundan əlavə komandaya zədə səbəbindən Çiqrinskiy də kömək edə bilməz. AVRO-2000-in təsnifat mərhələsində Feansa millisi ilə eyni qrupda olub və hər iki oyunda qapilara top vurulmayıb. AVRO-2008-in təsnifat mərhələsində bu komandalar yenidən görüşüblər. Ukrayna millisi evde fransızlarla sülh bağlayıb, səfərdə isə 2:0 hesabı ilə məğlub olublar. Komandanın əsas liderləri Şevçenko, Timaşuk, Aleksandr Aliyev, Voronin, Milevskiy və digər oyunçulardan ibarətdir.
FRANSA
Fransa millisi tarixində iki dəfə Avropa çempionu adını qazanıb(1984 və 2000). Komanda “göylər”(formanın rənginə görə) və “üçrənglilər” (dövlət bayrağının üç rəngli olmasına görə) əqəbi ilə tanınırlar. Gənc məşqçi Loran Blanın Fransa millisinə baş məşqçi təyin olunmasından sonra bu milli komandada müsbət dəyişikliklər gözə dəyir. Komandanın əsas liderləri Kerim Benzima, Riberi, Samir Nəsri və Lörisdir. Komandada mərkəzdə oynayan futbolçular qıtlığı mövcüddür. Fransa millisi tarixində ən böyük hesablı qələbəsəni Azərbaycan millisi üzərində qazanıb (10:0, 06.09.1995). Fransa azərkeşləri komandanın məğlubiyyəti zamanı komandasını fitə basaraq qələbə qazanmış rəqibi alqışlayırlar. AVRO-1992- də İngiltərə millisi ilə qarşılaşan oyunda hesab açılmayıb.
D qrupunda da bizi bir-birindən gözəl və maraqlı qarşilaşmalar gözləyir. Ən azından Ukrayna millisi doğma azərkeşlərini sevindirmək üçün var gücüylə oynayacaq.
Ramin Kazımov