AYIQ OLUN: Bağda Sar var!
Mərd düşmən belə rəqibini çarəsiz vəziyyətdə görəndə döyüşə girmir. Təbii fəlakət olanda müharibələr də müvəqqəti dayandırılır. Əlbəttə, rəqib mərd olarsa. Hətta mərd rəqib fəlakət anında rəqibinə yardım etməyi də özünə ar bilməz. Bunun ən bariz nümunəsini Azərbaycan xalqı 1988-ci il Gümrü zəlzələsində nümayiş etdirmişdi. Yüz minlərlə həmvətənimizi doğma torpaqlarından qovmuş ermənilərə zəlzələ fəlakəti üz verəndə, qarşıdurmanın zirvəyə vurduğu bir zamanda Azərbaycan ən seçmə xilasedicilərdən ibarət heyəti təyyarə ilə yardıma göndərmişdi. Qarşı tərəf bu anda da namərdliyindən qalmadı: yardıma qələn təyyarəyə yanlış yön verərək xilasedicilərimizi məhv etdi.
Bu il fevralın altısında qardaş Türkiyə bəşər tarixinin ən dağıdıcı afətinə–yeddi bal yarımlıq iki təkanlı zəlzələyə düçar oldu və on minlərlə insan həyatını itirdi, yüz minlərlə evlər dağıldı. Dünyanın yüzdən artıq dövləti zərərçəkənlərə yardım əli uzatdı. Hətta Paşinyan da Türkiyəyə yardım qrupu göndərdi ki, bu addım onun adekvat siyasətçi olduğuna az da olsa ümid yaratmışdı. Bu yardımı Ermənistan parlamentinin necə “dəyərləndirdiyini” də dünya ictimaiyyəti gördü. İyirmi birinci əsrdə mağara düşüncəli adamların parlamentdə olması ən yaxşı halda acı təəssüf doğurur. Artıq belə davranışa alışmalıydıq. Lakin qonşuların üzdəniraq nümayəndələri gündə bir qandonduran hərəkətlə insanı heyrətləndirir.
Bu günlərdə Rusiya televiziya məkanının daimi “sakinlərindən” olan Semyon Baqdasarov can dostu yeznələrinin verilişində növbəti dəfə ekstaza gələrək “Konstantinopolu bizə qaytaraq” deyə bağırdı. Yuxarıdakı cümlədə mətləbə hakim olmayanlar üçün aydınlaşdırılmalı məqamlar var. Semyon Baqdasarov Rusiya vətəndaşıdır və milliyyətcə ermənidir. Bu xüsusda heç bir əndişələnəcək durum yoxdur. Bəndəniz də Rusiya vətəndaşı olan azərbaycanlıdır. İzah edilməli hissə “Konstantinopolu BİZƏ qaytaraq” çağırışıdır. Əvvəla, bu gün xəritədə, ən azından dəhşətli zəlzələnin baş verdiyi ərazidə, Türkiyədə belə bir şəhər, bu adda ərazi-inzibati bölgə yoxdur. “Natiq” İstanbulu nəzərdə tutur. İkincisi “bizə” deməklə Baqdasarov iki anadan süd əmən dana kimi özünü həm Rusiya, həm də Ermənistan üçün vətənpərvər zirvəsinə qaldırır. Üçüncüsü və ən vahiməlisi isə bu çağırışın nə zaman edilməsidir. Orijinalın sətri tərcüməsi ona haqq etmədiyi şərəfi verə biləcəyinə görə, oxuculara qısa məzmununu çatdırım: “yaxşı ki(!), dağıdıcı zəlzələdən sonra Türkiyə ağır vəziyyətdədir. Bu imkandan istifadə edib Türkiyəyə hücum edək və Konstantinopolu bizə qaytaraq.” Son cümləni deyərkən yanmış teatrın topal aktyoru kimi Baqdasarov elə cüşa gəlir ki, onsuz da az şübhə doğuran sağlığında yazqabağı “oyanış” olduğu açıqca hiss olunur.
Karvanın hər səsə məhəl qoymadan yoluna davam etdiyini nəzərə alıb bu sərsəmləmələrə fikir verməmək də olardı. Məsələyə başqa yöndən baxmaq lazımdır. Rusiya media məkanında hərbi mütəxəssis, hərbi məsələlər üzrə uzman, ekspert adı ilə gecə-gündüz çıxış edən bu zat ərazisində yaşadığı və vətəndaşı olduğu ölkəni belə uçuruma yuvarlamaqdan çəkinmir. Rusiya məhz belə başabəla mütəxəssislərin çürük kəndirləri ilə xüsusi hərbi əməliyyat quyusuna düşürülmüşdür deməkdə yanlışlıq yoxdur məncə. Belə olduğu halda özü ağır durumda ola-ola Rusiyaya arxa duran, beynəlxalq aləmdə təklənməsinə hər vasitə ilə əngəl olmağa çalışan Türkiyə ilə Rusiyanı savaşa çağıran baqdasarovlar nə qədər səmimi ola bilər?
Unudulmaz şairimiz Səməd Vurğunun ölməz “Vaqif” pyesində vəzir Molla Pənahın Ağa Məhəmməd şah Qacara cavab məktubunu tək ədəbiyyatsevərlər yox, tarix və vətənsevərlər də yaxşı xatırlayır. Ona görə məktubun hamısını deyil, ilk beytini xatırlatmaq istərdim:
Aldıq məktubunu, Məhəmməd Qacar,
Tərlan oylağında sar ola bilməz.
HAŞİYƏ. İnternet, yeni texnoloğiyalar dövründə klassiklərimizin əsərləri az-az səslənir və dünya qısaldılmış cümlələr, işarələr ünsiyyətinə doğru gedir. Ona görə də bu beytin əzəmətini hər kəsin bu gün yetərincə anlamasına bir az şübhəm var. Halbuki gənclərimiz də bilməlidir ki, şairlərimizin, aşıqlarımızın tərənnüm etdiyi tərlanlar alıcılığı, gözəlliyi və zərifliyi ilə fərqlənən quşlardır. Sar isə sərçələr sinfinə mənsub olub çox kiçik quşlarla, həşəratlarla qidalanan yırtıcı quşdur.
Mətləbimizə dönəcək olsaq, deməliyəm ki, sərlövhəyə çıxarılan sözlərin mənası budur: 44 gündə Azərbaycan tərlanları Qarabağı sarlardan təmizləməkdə qərarlı və qətiyyətli oldu. Ancaq bu günün lövhəsi göstərir ki, sarların kökü kəsilməyib. Tərlanlar, ayıq olun, bağda sar var!
Cəfər Sadıq,
Moskva, 26 mart 2023-cü il