BAŞLI BAŞINI SAXLASIN və ya ETINASIZLAR DÜNYASI


BAŞLI BAŞINI SAXLASIN   və ya ETINASIZLAR DÜNYASI

Bu gün yolla getdiyim yerdə yanımda bir qadın qəribə əl-qol hərəkətləri edərək yerə yıxıldı və qıc oldu. Həkim olduğumdan bunun epilepsiya tutması olduğunu anladım. Yıxılarkən başı da zərblə asfalta dəymişdi, beyin silkələnməsi olacağından ehtiyat edirdim. Yerə əyilib qadına yardım etməyə başladım. Amma tək bacarmırdım. Hər kəs yanımızdan etinasızca ötüb keçir, sadəcə gözlərinin ucuyla baxırdılar.

Əslində təəccüblü deyildi, çünki bura Moskvadır. Yerə yıxılıb qalan sərxoşlara insanların gözü o qədər öyrəşib ki…

Məcbur olub, qadının epileptik olduğunu söyləyərək, sevgilisi ilə qol-qola gedən cavan oğlandan yardım istədim. Sağ olsun, əyləndi, aşağı əyilərək mənə bir-iki sual verdi. Qadını tanımadığımı, lakin hadisənin gözümün önündə olduğunu deyə-deyə onu böyrü üstə çevirməyə çalışırdım ki, boğulmasın.

Yazığın demək olar ki, nəfəsi gəlmirdi, üzü bəmbəyaz olmushdu. Ağzı bərk yumulu olduğundan dişlərinin kilidini heç cür aça bilmirdim. Oğlan çibindən bir dəstə açar çıxarıb nazik və yastısını seçdi, onunla xəstənin dişlərini aralamağa çalışdı. Yanımızdan ötən hündür boylu, mehriban üzlü bir gənc də bu əhvalata biganə qlmayaraq yerə çöməldi və əlini qadının başının altına tutdu. Onun bu hərəkəti ürəyimdə xoş hisslər oyatdı, demək ki hələ də insanlıq yaşayır, demək ki hələ də xeyirxahlar var.

Bu arada orta yaşlı bir qadın da bizə yaxınlaşıb təcili yardım çağırmaq lazım olub-olmadığını soruşdu, sonra nə isə düşünüb aralandı. Mənə ilk yardıma gələn cavan oğlanın sevgilisi isə qəribə bir mimika ilə beş-on addım aralıdan bizə baxırdı. Bu mimikanın ikrahmı ya qorxumu olduğunu anlamaq çətin idi.

Nəisə, ağzını birtəhər açdıqdan sonra, yastı taxta cubuq tapıb dişlərinin arasına qoyduq. Bir azdan xəstəmiz özünə gəlməyə başladı. Üzünün rəngi yavaş-yavaş düzəldi. Nə olduğunu anlayana kimi hələ bir neçə saniyə əl-qol atsa da, sonra tam sakitləşdi. Təcili yardım istəmədi, baxmayaraq ki, mən ona başının yerə dəydiyini anlatdım. Keçib gedər, dedi. Hamı dağılışdı… Pərdə bağlandı.

İndi, bu hadisədən bir neçə saat keçərkən və bu kəlmələri yazarkən düşünürəm, görəsən mənim onun yanında olmağım təsadüf idimi? Mənim – insanlara mərhəmətini itirməmiş nəcib bir xalqın nümayəndəsinin, bir azərbaycanlı qadının, həkimin. Axı, əks halda onu sərxoş bilib yanından ötüb keçəcək, o da asfiksiyadan öləcəkdi…. Nədən biganəlik dünyasıdır? Nədən insanlar özgələrinin inamını itirib özlərinə quyu qazırlar? Nədən çoxları, yardıma ehtiyacı olanların yerində öz ana-bacısını, qohumunu görmür? Axı, “mən salim olum” deməklə olmur! Axı, biz insanıq!

P.S. Əgər yanınızda kimsə qıcolma keçirərsə, ilk növbədə onu böyür üstə çevirmək lazımdır ki, ağzından gələn köpük nəfəs yolunu tutub, xəstəni boğmasın. Bu cür xəstələr mütləq ciblərində öz dərmanlarını saxlamalıdırlar. Dərmanı xəstənin dilinin altına qoymaq lazımdır. Dişlərin arasına taxta qaşıq qoymaq mütləqdir. Sonra həkim çağırın.

Afaq Şıxlı.
Moskva.
13.06.12.


Bir cavab yazın