“Biz uduzurduq” etirafını etdirmək Qələbə deyilmi?!


Fikirlər müxtəlif, baxışlar fərqli olan yer-demokratik məkandır. Toxunulmaz-mərhəm mövzulardan başqa hər kəsin fikir yürütmək haqqı var və haqlı olduğu yerə qədərini olçənə də ictimaiyyət deyilir. Və onun liderini diplom, ali rütbə tənzimləmədiyi məqamlar da istisna deyil.

Hərşeyşünas olmaq və ya olmamaq da hər kəsin azad iradəsidir. İndiki məqamda bəlkə bəsit səslənəcək. Olsun. Yenə deyim. Necə olur ki, dünən iliyinə qədər müxalifət və ya əks qütbdə olanını bu gün başqa ampluada görəndə qeyri-şərtsiz qəbul edirik, lakin sazişlə bağlı fikir müxtəlifliyi sərgilənəndə bunu həzm edə bilmirik? İzahını kim verər? Çünki özümü hərşeyşünas saymıram. Amma saxta vətənpərvərlik pozları da vermirəm.

Mənə çatmayan Qələbə sazişini təhlil edən və fərqli baxış sərgiləyən hər iki tərəfin bu sərtliyidir.

İnanmıram ki, Qarabag üçün əndişələnən, bəlkə gözlədiyindən daha artığını uman bir az bədbin və ya ummadığı halda dünəndən çıxış edib bu gün daha artığına sahib nikbinin Vətən sevgisi fərqlidir.

Biri səni elə, biri səni belə sevə bilər.

Biri əndişəsini qəlbinə gömüb bardağın dolu tərəfindən baxırsa türklər demiş nə əla. Biri br az qaramsar olaraq bardağın boş tərəfindən baxırsa bu da onun baxışıdır. Göz gördüyündən qorxar-deyiblər. Bütün bunlar normal deyilmi?

Əslində mənə görə hər iki halda mövqeyini bəlkə əsaslandırmağa “başının ölçüsü” yetməyəcək qədər olanlardan çəkinmək, onları linc etmək lazim deyil. Qorxulu bu girəvədə “mən bunu etdim deyən bəzi vətənşüvənlərin- üzdə qəhrəman içdə özünün də “xal” qazanmaq üçün çalışdığını biləndir.

Bu gün bununla da işim yoxdur! İşin yoxdursa heç o yerlərə deyinməyə bilərdin-demək haqqınız var! Əsaslandırım. Nisbət üçün: “paqon-çlxarıb taxanları” hər zaman olub müharibələrin.

Dərs vermək də hərşeyşünaslığın sahəsinə aiddirmi? Bunu biləmməyəcəm, bi az bildiyim bir şey var, amma. Biz ilk dəfə məndən bizə keçmə prosesini ay yarım içərisində adladıq. Biz elmi tarixin nəzəriyyəsini təcrübədən mənimsəyən gəncliyin tarixi-imtahandan əla alaraq çıxdığını gördük. Biz ayrı-seçkiliyin sıfırlandığı səngərlərdə bizi biz edənlərlə var olduğumuzu anladıq.

Bu günün qəhrəmanı Onlardır. Bu günün qəhrəmanı gecələr qat-qat paltarlar geyib yuxusu səksəkəli, ürəyi ağzında olanlara rahatlığını qaytarmaqdan ötrü öz rahatlığıyla bərabər canını heçə Sayanlardır!

Söz haqqına sahib bu Vətənə sabib olmağı gerçəkləşdirən ƏSGƏRDİR!

İncitmədən, incimədən. Hələ hər şey bitməyib. Məncə, anlaşaq və anlamağa çalışaq.

Hər şey göründüyü qədər bəsit də deyil, axı. Ona görə hərşeyşünas olanın da, olmayanın da fikirlərinin sıfırlandığı səngərə, əsgərə, onların ayaq basdığı yerə dönək.

“Biz uduzurduq” etirafını etdirmək – QƏLƏBƏDİR!

Bu qədərinə qane olmasaq da, sevinək. Daha çoxuna sahib olmaq üçün səngər var! Və Vətən olan ƏSGƏR var!

Tünzalə Vəliqızı, Moskva
12.11.2020


Bir cavab yazın