BİZDƏ BU SOYUQ QANLAR…
Biz insanlar hamımız Allah Təalanın yaratdıqlarıyıq.
Amma çox qəribədir ki, insandan insana bu qədər fərq var.
Bu qədər müxtəlif surətlər, müxləlif talelər, mərifətlər… var.
Fəhlə, özünü sən də bir insanmı sanırsan?
Pulsuz kişi, insanlığı asanmı sanırsan? – misralarını hamımız əzbər bilirik.
Allah rəhmət eləsin Sabirə!
O yuxarıdakı sətirləri 100 il bundan əvvəl yazanda bilmirdi ki, bir əsrdən sonra da fəhləyə münasibər bizlərdə elə olduğu kimi qalacaq…
Beynəlxalq insan haqlarını müdafiə – Freedom House təşkilatının fəhlə haqları haqqındakı hesabatında deyilir ki, Azərbaycanda işçilərə münasibət repressivdir.
Azərbaycanla yanaşı siyahıda Əfqanıstan, İran, İraq, Qazaxıstan və Tacikistanın da adı da var.
Fəhlə – işgüzar, əlinin əməyilə, halal çörəyilə ailəsini saxlayan bir insandır.
Amma niyəsə halal çörək yeyənlərə xor baxırlar. Gərək kimisə çapıb talayasan, kiminsə malını yeyib varlanasan ki, hörmətin olsun.
Bu yaxınlarda bir söhbət eşitdim.
Deməli, bir qrup fəhlə bir varlının malikanəsini təmir edirlərmiş… Sahibkar gəlir və tavanı ağardan fəhlənin işini bəyənmir. Onun üstündə durub işlədiyi hündür nərdivana hirslə təpik vuraraq onu aşırdır.
Fəhlə o hündürlükdən yerə yıxılır və beyin travması alır, bir müddət huşsuz qalır..
Amma bunu eyninə də almayan varlı – ayılanda bunu bir də burda görməyim – deyərək maaşını da vermədən fəhləni işdən qovur.
Mən bilmirəm, belə daş qəlbliləri də Anamı dünyaya gətirib?
Bunlar da uşaq olublarımı? Və necə bu sifətə, bu əxlaqa düşə biliblər?
Statistikada bir həftə ərzində ölənlərin 62%-inin fəhlə olduğu qeyd olunur.
Diqqət verin…
Kəlbəcər rayonundan olan məcburi köçkün N. Məmmədov Buzovna qəsəbəsində işləyərkən müəmmalı şəkildə dünyasını dəyişib.
Gündəlik maaş əsasında müxtəlif tikintilərdə fəhlə işləyib. Hadisə baş verə zaman isə N. Məmmədov qəsəbədə işıq idarəsinin sifarişi əsasında elektirik çəkilişi aparırmış.
Meyitin xarici müayinəsi zamanı müxtlif zədələr aşkar edilib. Ehtimal olunur ki, o, yıxılaraq ölüb.
Meyit daxili müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib.
58 yaşlı Ə. Əhmədov, onun 20 yaşlı oğlu Səbuhi və 23 yaşlı D. Məmmədov təxminən, 12-14 metr dərinliyində olan neft tullantılarının axıdıldığı quyuda təmir işləri apararkən huşlarını itiriblər.
Hadisə yerində olan insanlar D.Məmmədovu quyudan çıxararaq xəstəxanaya yola salıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə həmin quyuya enib, Ə.Əhmədovun və S.Əhmədovun vəfat etdiyini müəyyənləşdirib. Cəsədlər xüsusi texnika vasitəsilə quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Babək prospektində təmir işləri aparan 3 ustadan ikisi qaz sızmasından boğularaq ölüb.
Bir nəfər isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Paşa İnşaat”ın tikinti işləri apardığı ərazidə 3 fəhlə hündür mərtəbəli binadan yıxılıb.
Onlardan iki nəfər aldıqları xəsarətdən yerindəcə dünyasını dəyişib.
Digər fəhlə, İsmayıllı rayon sakini, A. Əsədov isə xəstəxanaya aparılarkən yolda keçinib
Bir fəhlə belə yazır:
“İşimiz çox ağırdı. Fiziki baxımdan həddən artıq ağırdı. Bizdə bir material var, 90 kq ağırlıqda, onu hündürlüyə qaldırırsan, 6-7 metrlik boruları daşımaq lazımdır… Birdən başımda, qolumda keyimə, ağrılar hiss etdim. Uşaqlar kömək eləyib aşağı düşürtdülər. Həkimə getdim, dedilər ki, boynunda fəqərə yırtığı var. Birindən əməliyyat olundum, biri qalıb. Əməliyyatdan sonra məni dərhal işdən çıxartdılar. Məhkəməyə müraciət elədim. İkinci qrup əlillik verdilər…
Bir qolumda güc yoxdur ki, işləyim. Təqaüd də vermirlər”.
Bu təqaüdlər kimlərin ciblərinə axırsa Allah onlara insaf və bir qədər gözütoxluq versin!
Yığdıqlarını o dünyaya apara bilməyəcəklərini düşünəcək və anlayacaq qədər də ağıl versin!
Nəisə…, bu nə yazmaqla bitən deyil…, nə də danışmaqla düzələn deyil…
Əvvəllər – “Eşitmisiz, filankəs dəli olub”” – deyəndə, hamı “Vay, yazıq oldu” deyirdi. Amma məncə indi belə deməzlər… Bu zamanda dəli olub yaşamaq ağıllı kimi yaşamaqdan asandır.
Maraqsız bir həyatımız var. Bir şeyi iki gün dalbadal düzüb-qoşa bilmirik. Həyatımız stabil deyil. Hər şeydən bir az olsa da, elə bil heç nə yox kimiyik. Cibimizdə 100 dollarımız olsa da narazıyıq. Qorxuruq ki, borcla çıxarıq sabaha.
Hər kəs işini itirməyə qorxur. Çünki bu ölkədə işini itirmək ölümə bərabərdi.
İnsanlar özlərini öldürür, başqalarını öldürür, öldürə bilməyənlər də narkoman, alkoqolik kimi yaşayırlar.
İndi heç kəsi qınamalı, günahlandırmalı deyil. Bu problemlərdən hər kəsin xəbəri var. Taksi sürücüsü belə adamı söyür. Hamı guya “momenti” gözləyir… Amma hansı momenti?
Belə uzun müddət yaşamaq olmaz. İnsan bundan ölə bilər. Ciddi deyirəm. Bu təhlükə adi dönər satandan tutmuş hər kəsi yaxalaya bilər.
Dünya bu gedişlə hələ çox Kefli İskəndərlər yetişdirəcək… və onları şərh edən Mirzə Cəlillər…, Sabirlər…
Yenə də heç olmasa dəli kimi də olsa diri kimi yaşayaq nə qədər var vaxtımıza…
Afaq ŞIXLI
Moskva“