MAYKL CEKSON SİNDROMU


Ondan başlayım ki, bu şikayətin hər hansı nəticə verəcəyinə ümid bəsləmirəm. Burada adlarının və hərəkətlərinin bənzərini görüb özünü tanıyanları da əmin edirəm ki, deyilənlərin sizinlə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur, gördükləriniz və özünüzə aid etdikləriniz sadəcə təsadüfi bənzərlikdir.

Bu günlərdə Azərbaycan televiziyasının onsuz da bəh-bəhli olan gündəmini ekspert qadın simasında xortlamış “Maykl Cekson” zəbt eləyib. Bir dəqiqədən də az video parçasında “ekspertin” hikkəsi elə püskürür ki, həqiqi Mayklın ruhu göylərdə, nəşi torpaqda səksənir. Azərbaycan teleməkanında çox hoqqalar görmüş tamaşaçının üstünə qartal kimi şığıyan “ekspert” Yazıçılar Birliyinə üzv olan “şairə”ni, “xoş” qədəmləri ilə qədəmlərə də ikrah gətirən adamaxtaranı, kişi adını xırdalayıb tolikləşdirən məxluqu, “mama canı” andı ilə həyasız adaşından fərqlənən “əxlaq keşikçisini”, əqli problemləri ilə ağıl xəstəxanasının daimi üzvü olmalı cüvanəzəni “şair-ekspert” kimi sırıyan el giçini, dəvət elədiyi qonaqları canlı efirdə aşağılamaqla öz uca boyunu plintusdan aşağı salan kamallını, daha kimləri, kimləri kölgədə qoydu. Rəhmətlik Lütvəli Abdullayev demiş, “Züleyxa, havaya diqqət elə”, gör nə misilsiz zəmanədə yaşayırıq. Televiziyanı dil, davranış, zahiri sima nümunəsi kimi görməyə alışmış “köhnə kişilərin” dünyadan köçməsini yaxınlaşdıran bu parazitlərin yayılması bəlkə Maykl Cekson sindromu ilə yeni mərhələyə daxil olur. “Mayklın” davranışından qeyzlənən, özünə, abır-həyasına, davranışına dəyər verən televiziya, mətbuat işçiləri onu o səhnəyə çıxaran məsuliyyətsizlərə deyil, “Mayklın” mənşəyinə, haradan gəldiyinə, ailə dəyərlərinin nə olduğunu anlamadan əxlaq dərsi keçməsinə əsəbləşir, unudurlar ki, hər ölkədə, hər cəmiyyətdə savaddan kasad, əxlaqdan şikəst, ehtirasdan bol, ağıldan qıt adamlar var və bu, Yaradanın təqdiridir. Məsələ yerləri başqa olan adamları geniş auditoriya qarşısına çıxaranlarla, həmin auditoriyanı öz xəstə təfəkkürünün çərçivəsinə salmaq istəyənlərlə bağlıdır. Əvvəllər də xatırlatdığım bir epizodu təkrar etmədən fikrimi izah etməyim çətin olacaq. Azərbaycanın müstəqilliyinin ilk illərində təyyarə ilə Gəncədən Moskvaya uçurdum. Yolun ilk mərhələsi olduğundan aeroport işçilərinin kobudluğu, özbaşınalığı, insanları incitməkdən zövq almalarının hirsi üzümün ifadəsindən oxunurdu. Bəxtimdən yanımda çox nurani bir adam vardı və tezliklə ünsiyyət qurduq. Altmışa yaxın yaşı olan adam emosional şikayətimi səbrlə dinləyəndən sonra insanı yaşamağa həvəsləndirən təmkinli səsi ilə iki dəqiqəyə hirsimi soyutdu. “Oğlum,-dedi,–sən mənim oğlum yaşda olarsan, səni başa düşürəm. Mənim valideynlərim Azərbaycanda “demokrat” deyə tanıdılan İran mühacirlərindən idi. İran istibdadından Azərbaycana gəlmiş o insanlar buranı azad bir cənnətməkan sayırdılar. Bu günkü müstəqillik yox, hələ o sovet vaxtının “müstəqilliyi” onlar üçün böyük nemət idi. Atam görmədi, amma mənə Azərbaycanın tam müstəqilliyini görmək nəsib oldu. Əsas olan budur. O səni incidən məmur, gömrükçü, qapıçı özbaşınalığı xırda-para işlərdi. Onlar hamısı düzələcək. Birdən-birə yox, əlbəttə, amma düzələcək.” 

O söhbətdən otuz ildən çox keçib. Doğrudan da çox şey dəyişib. AZALın özbaşnalığına, məmurların harınlığına baxmayaraq çox şey dəyişib. Hətta mənfur düşmənlərin xalqımıza vurduğu otuz illik yaraları da sağaltmağa gücümüz, təpərimiz çatıb. Amma o otuz ilin az qala yarısını televiziyaları işğal etmiş, azərbaycanlı əxlaqını ayaqlar altına almağı sanki özlərinə ali məqsəd seçmiş savadsız, mədəniyyəti yalnız qalstuk taxıb ekrana çıxmaqda, şeiri “ananas, ana nas”da görən, böyük çölün kəramətini qurtuluş sayan cılızların əlində qalıb müstəqilliyin nəşəsini yaşaya bilməyən cəmiyyət.

Bu da düzələcək. Rişxəndsiz, ironiyasız, ürəklə deyir və inanıram ki, düzələcək. Könül istər ki, mümkün qədər tez düzəlsin. Millətin Nəsimisi, Bamsı Beyrəyi və onlarca rolu ilə qürur yeri olan Rasim Balayev televiziyaya baxanda o əxlaqsızların yerinə utanmasın, Azərbaycan televiziyasına şöhrət gətirmiş onlarca aparıcının, diktorun gənc, ağıllı davamçılarını görsün.

Sonda təkrar edim. Nəyi bacarmasaq da qaşınmayan yerdən qan çıxarmağı, zərərsiz, adi hərəkət üstündə “namus, qeyrət” adı ilə zavallıları incitməyi, eyni hərəkəti zəngin və ya vəzifəli biri edəndə ikiəlli alqışlamağı bacarırıq. Ona görə bu yazıdan əsəbiləşib əlini belindəki xəncərin qəbzəsinə aparanlara üz tutub soruşmaq istəyirəm: on izdivacdan doqquzunun bir il ərzində pozulması sadəcə gəlinin və ya kürəkənin xasiyyətinin tutmaması ilə bağlıdır, yoxsa Maykl Ceksonu xortladıb efirdən pənah umanların üstünə salan “ağıllı” aparıcılar, prodüserlər və onların hamiləri təqsirkardır?

Cəfər Sadıq,
Moskva, 11 may 2024-cü il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir