Deyingən BƏLKƏ…


Deyingən  BƏLKƏ...
Bəlkə dünya qəsdən belə qurulub ki, fikri-zikri təmiz olan adamlar naqislərin, nacinslərin əvəzinə dərd çəkib vaxtsız qocalsınlar.

Bəlkə dünya qəsdən belə qurulub ki, milləti oyatmaq iqtidarında olanların özlərini zülmət zindanlara salırlar ki, millət mümkün qədər çox zillət çəksin.

Bəlkə dünya qəsdən belə qurulub ki, vicdanını, namusunu pulla ölçə bilənlər iş başına çıxıb hər şeyi öz arşınları ilə ölçsünlər.

Bəlkə dünya qəsdən belə qurulub ki, mərdi qova-qova namərd edənlərin əlinə qamçı verilib və mərdin atının yüyənini elə qısa eləyiblər ki, dəmir atın gənziyini dağıtsın, at şahə qalxsın, irəli gedə bilməsin, qamçının hər zərbəsindən zol-zol qançır bağlasın.

Bəlkə dünya qəsdən belə qurulub ki, başqalarının laqeydliyi, vurdumduymazlığı üzündən işsiz qalan sağlam valideynin çarəsizliyinə çiçəyi burnunda övladlar intiharla çarə axtarsınlar.

Bəlkə dünya qəsdən belə qurulub ki, gözəllikdə, zənginlikdə yer üzünün nadir inciləri sırasında olan ölkəmizdə torpaq uğrunda şəhid olanların ailələrinin müqəddəratı bütün mövcudiyyəti “altın və qadın düşkünü” olan bir qrup nadanın düşüncə tərzindən asılı olsun.

Bəlkə dünya qəsdən belə qurulub ki, “alim” əxlaqsızlığını həyat norması kimi nümayiş etdirən “xalq artisti”nə “müdrik” desin, gündən-günə daha rəzil və səfil kökə salınan xalq da bu “həbləri” dərman kimi qəbul eləsin.

…Əslində dünya belə qurula bilməz. Dünyanın əsil düzəni başqadır. Sadəcə olaraq bizim gözümüzdən asılan pərdələr o əsil düzəni görməyə mane olur. Arxasında ağlasığmaz rüsvayçılığın gizləndiyi o pərdələr. Son vaxtların ruzgarı ilə yellənib “haqqsevərlərin” dili ilə ətrafa üfunət yağdıran o pərdələr. Heç bir təkzib və etiraz doğurmayan ittihamların səsləndirildiyi müsahibələr o pərdələrin arxasında oynanan oyunların ifaçılarından xəbər verir.

Bilavasitə vəzifələrindən başqa hər işdə adları hallanan məmurlar bir-biri ilə yalnız sərvətlərinin miqdarı mövzusunda yarışa bilirmiş. O dəstənin keçmiş iştirakçısının vaxtilə üzvü olduğu komandada baş verən əxlaq pozuntuları haqqında dediklərindən həqiqətən qan iyi gəlir. Mətbuatda senzuradan şikayət edənlər belə o iyrəncliyin efirə çıxmaması üçün senzuraya “amin” deyərdi. Yaxud adları eyhamla da olsa hallanan məmurların öz şərəfləri naminə bir təkzibi, bir məhkəmə iddiası, etirazı səslənməlidir ki, bunun iftira olduğu düşünülsün. Yoxsa…

Onsuz da ağırlaşan vəziyyətinin qarşısında məmurlardan yardım yerinə həqarət və harınlıq nümayişi görən insanların, şəhid ailələrinin səbir kasasının son damlasına qalan yer də tükənmək üzrədir. Bu vəziyyətdə zirehli maşınlar, luks görüntülər və xalqın ehtiyacına laqeydlik sosial partlayışa zəmin yaradır. Kənardan baxana elə gəlir ki, bəzi məmurlar gərginliyi ya hiss eləmir, ya da onu açıqdan-açığa körükləyərək yaxınlaşdırır.

…onu deyirdim axı. Dəyirman bildiyini eləyir, çaxçax havayı baş ağrıdır, deyirlər. Bu sıralamada baş aşrıdan çaxçax rolunu üstümə götürsəm də vallah və billah, dəyirmanın suyunun tükənəcəyi ehtimalı məni çox əndişəyə salır. Həm də su mənbədən kəsilmir, sadəcə olaraq dövlətin xəzinə ümmanı şəxsi arxlara yönəldilərək dəyirmanı qurudur. Allah xalqı bəlalı sonluqdan qorusun!

Cəfər Sadıq. Moskva, 29.01.2016


Bir cavab yazın