Yeni deyil, yenədir


Marketdə ona bıçaq satmasalar da, rəsmi orqanlardan  zamanında  iki vəsiqə «satın aldı».

Əhməd Əhmədov əvvəlcə  ona həyat verənləri «həyət-məişət» (ev-mülk)  məsələsi üstündə qətlə yetirdi. Ailə qətliamı yaşatdı özü-özünə. 

Mən hadisənin  informasiya yükünü ağırlaşdırmayacam. Çünki yetərincə ağırdır. Oğul atasını, anasını, qardaşını, bacısını və hətta ona «dayı» deyə səslənən azyaşlı bacısı qızını xüsusi amansızlıqla öldürdü. Mənəvi ağırlığının altında qalansa qaldı. 

Ən gözəl bildiğimiz şey hadisə baş verəndən sonra versiya yürütməkdir. Və indi hər kəs  fikir marafonuna çıxaraq ehtimallarını, qınaqlarını yarışdırır. «Zamanında  dedik» lə başlayıb, «eldən ayıbdır»la bitənlə davam edən nəticəsiz  mülahizələr… Dostoyevski sayaq desək,  cinayətkardan daha çox onu buna itələyən mühiti günahlandıran olacaq bu «andlılar məhkəməsinin hakimləri» içərisində. Çünki etiraf etməsələr də, daxillərində  bilirlər ki, eyni situasiyada  elə özləri də eyni hərəkəti etməyə məcburdurlar. 

Yəni, yeni deyil, növbətisidir. Bu dediklərim də, bu cinayət də… Təkrarı olacaqmı, olacaq…. Kimsə pulla hüquq mühafizə, tibbi mühafizə, nə bilim nə mühafizə orqanlarlından  «pullu vəsiqə» almaqdan hifz olunmayıb-sığortalanmayıb.  

Ölənin arxasınca danışmaq günahdır-deyirik də. Qalanın da işinə gələnə qədər  danışmaması savaba yazılırmı? Bunu bilmək istəyirəm. Gerçəkdən…

Soruşmaq istəyirəm özümdən və sizdən.  Hansınız, hansımız, (əslində bir çoxumuz)  «sürücülük vəsiqəsi»ni oxuyaraq almışıq? Hansınız, hansımız  mövzu özümüz olanda  saxta xəstəlik və ya saxta sağlamlıq  kağızı almaqdan imtina  etmişik? Hansınız, hansımız müqəssir  birini haqlamaqdan ötrü başqa yollara baş vurmamışıq? Bu siyahını uzadacaq o qədər şeylər var ki. Pulla alınan  diplomalar, adlar, titullar, daha nələr, nələr… «Bizə lazım olanda» alırıq, göz yumuruq və susuruq. Mövzu başqası olanda çənəmiz açılır.  

Geç qaldıq yenə.  

Nə deyim vallah. Biz hələ “ellə gələnə toy-bayram”-deyib, “palaza bürünüb ellə sürünməyin” yerini doğru-düzgün təyin edə bilmədikcə, yenisi yenəsi ilə təkrarlanacaq. Allah qorusun!

Tünzalə Vəliqızı, Moskva
14.02.2024


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir