Famildaşıma açıq məktub
Məqsədim nə ağıl vermək, nə, əstəgfürullah, tərbiyə etməkdir. Hələ üstəlik bir dəfə bu barədə qısa status da yazdığıma görə bu mövzuya qayıtmaq mənim üçün asan olmadı. Niyə məcbur oldum? Feysbukda bu “cavabı” gördüyümə görə: “Əgər onların şəxsiyyətləri varsa, oyunumuza bilet alıb gəlsinlər, dəstəkləsinlər, bizi alqışlasınlar və şahid olsunlar ki, aparıcı bizi necə təqdim edəcək”.
Müşfiq Abbasov,
Əvvəla, insanların şəxsiyyətini sənin məzhəkələrinə bilet almaq, alqışlamaqla şərtləndirmək bir kəlmə ilə səviyyə göstəricisidir. Adam yanlış anlaşıla bilər, haqsızlığa uğraya bilər, özünü müdafiə üçün səsini də qaldırar, amma “o zaman şəxsiyyət olarsan ki, məni alqışlayasan” məntiqi məhz səviyyədən xəbər verir. Deyə bilərsən ki, az qala 20 il dövlətin, respublikanın ən böyük saraylarını həftələrlə dolduran, alqışlar toplayan adam səviyyəsiz ola bilərmi? Bu yerdə çox böyük təəssüflə deməliyəm ki, 20 il “Bu şəhərdə”ni seyr etmək müəlliflərin səviyyəsindən yox, tamaşaçıların dayazlığından, mənəvi qida kimi təqdim olunan “yeməyin” dadsızlığından, duzsuzluğundan xəbər verir, alternativsizlikdən, televiziyadakı şouların ondan da ucuz olmasından xəbər verir.
Bilirsən, keçən əsrin əvvəlində bütün Şərq cəhalətinə meydan oxuyaraq qadınlarımızın çadrasını atmasına izin verən ata-babalarımız namüs-qetrəti itirməyib, əksinə, şərəfin, ismətin çadra altında qorunmadığını isbat ediblər, amma bu addımla çadranı kişilərin başına salmaq lazımdır deməyiblər ki!..
Ölkə təkcə “Bu şəhərdə”dən ibarət deyil. Hamı sənə arxa duranda güclü olmaq çox asandır. Tək bircə dəfə o dəstəksiz qərar vermək imkanı gəldi qarşınıza və özünüzün verdiyiniz adı qorumağa gücünüz çatmadı. Nə var nə var, ata Maslyakovla görüşə bilmək üçün “manevr” edərək ad dəyişdiniz. Sanki ata Maslyakovun nə matah olduğu indiyə qədər məlum deyildi.
Famildaş!
İndi deyəcəyim bəlkə də oxucunu ən az maraqlandıran bir fakt olacaq. 40 ildən çoxdur Rusiyada yaşayıram və adım rus dilinə heç yatmayacaq qədər çətindir. Yaxşı bilirsiniz ki, bir həftəlik də Rusiyaya gələn Məhəmməd də, Mirdamət də, Sərdar da, Yelmar da ya Alik olur, ya Mişa. Bir qürur bəhanəsi olmasa da deyim ki, hələ üstümə o taxma adları yapışdırmamışam.
Əvvəlcədən də demişdim, səni və komandanı dəyişmək kimi bir ümidim və niyyətim yoxdur. Amma şöhrət dənizində üzəndə nə qədər bu insanlar təşəkkür, minnətdarlıq və ən əsası gəlir mənbəyi idisə, tənqid edəndə də eyni insanlardır, onların məhəbbəti nə qədər güclü olursa, nifrətləri daha dağıdıcı olur. O həddə çatdırmamaq üçün yanlış addımlardan uzaq ol!
Cəfər Sadıq
Abbasov
Moskva