Hər zaman “sən” olmayacaq Sizə…
Müəllimlərə, Müəllim gününə xitabən
Bu günün –Müəllimlər gününün xətrinə, bü gün onun adını incidəcək bir şey yazmayacam-deyib başlamışdım bu yazını. Maddi durumundanmı deyim, ona ayrılan büdcə payındanmı , yoxsa….qazandığı öz boğazını dolandırmadığı üçün öyrətdiklərindən öyrənməyib (bu onun dadına çatmadığını yaşayanda ) adının müqəddəsliyini unudanındanmı, ya yerində olmayanındanmı…
Nə deyim…? Yoxsa səbəbi nə olursa, bəşərin əsl insan qəlibini hazırlayan müəllim, məhz müəllim olduğun üçün öyrətdiyinin əksinə getməyə haqqın yoxdurmu deyə ittihammı edim…
Nə çətinə düşdüm. Heç yazmasammı…Məni yazmağa vadar edən nədir? Ona məhəbbətimdən, ona qayğılanmağımdandır bu.
Dünyanın hakimi olan, hökmdarlarına dərs verən, sınmayan, meydan oxuyan… Müəllim mənim üçün o varlıqdır. O obrazda, o statusda və heç zaman “sən” deyə müraciət edə biləcək qədər cəsarətim olmayacaq böyüklükdə…İndi onun adı keçən yerdə bu cümləni “idi” ilə tamamlamağa belə cəsarət etmirəm. Amma yazının məni məndən xəbərsiz götürdüyü yer istiqamətini sapdırıb.
Biri vardı, biri yoxdu… Nağılla başlayan ömrümüzə nağıl kimi girən bir də O vardı…Müqəddəs, üca, hər şeyi bilən, sirli-sehrli, göylərdən gələn göy adamı…
Təsəvvürümüzdə yemirdi, içmirdi, yatmırdı… Hər zaman oyaq, ayıq, hər müşkülü aça biləcək, bütün suallara cavab tapacaq…
Məlikməmmədi quyudan çıxardan da, Fitnəni buğanı çiyində daşımaq vərdişinə alışdıran da, Cırtdanın divi aldatmasına yardım edən də onun gizli əli idi.
Hətta ölümlü həyatın ölümsüzlüyü sadəcə onun simasında təcəlli tapırdı. Onlar ölmürlər… Təkcə bu ölümsüzlük üçün “Keşkə mən də O ola bilsəm”-kim deməyib ki?
“Fikrin yığcamı, mətləbin əsası, sözün qısası… məqbuldur”. Öyrədən olan o öyrətmişdi. İndi bu sətirləri yazan barmaqların üstündə əlinin hərarətini o ilk gündəki kimi hiss edirəm. İfrat deyil… Hər biriniz, hər birimizin əlinin üstündə əli olub. İlk hərfi, ilk kəlməni, ilk hecanı, ilk cümlədən başlanan həyatı onunla öyrənmişik. Müəllim adında gizlənən ecazkarlıq, sirr də bu olsun gərək…
Ona görə birinə xitab edəndə adının sonuna müraciət forması seçdiyimiz sizin adınızı qoyub-qoymamağı ölçüb biçmişəm. Sizin töküldüyünüz qəlibə hər kəsi sığışdıra bilməmişəm.
Çünki müqəddəslərdənsiniz. Eyni statusa çatıb, eyni yolda yürüyəcək olsaq belə, aramızdakı məsafələri paralel xətlər kimi yaxınlaşdırsaq da, yenə “Siz”dən “sən”ə keçmək cəsarətim olmazdı. Olmasına izn verməyən də Sizdən aldığım dərsdəndir.
Amma… Niyə nağıllarda “vardı”nı “yoxdu”nun əvvəlinə keçirdiniz ki? Niyə Öyrədən olaraq “biri yoxdu, biri vardı” kimi sıralamadınız bu başlanğıcı. Yoxdan var olacaqlar yetişdirirdiniz, axı?!
Əlsində bütün sualların cavabı Sizdə idi. Bəlkə əvvəlcədən niyyətləndirilimiş, indiki təbirlə desək kodlaşdırılmış o sonradan gələn yoxluq bizi ora sürükləyir.
Bu gün o yoxluğa sürüklənmədə müəllim adını xüsusilərin uniforma kimi geyinə biləcəyi deyil, hamının daşıyacağı gündəlik paltara dönməsi amili də var, sırasızların aranıza girib Sizi sıradan çıxması amili də.
Bu gün…bizim içimizdə yaşayan o uşaqlıq yenə müəllimin təxəyyülümüzdə cızdığımız o portretindəki kimi qalmasını istəyir. Lakin…bu günün müəllimini ayrı funksiyada görəndə iç dünyamızın sərgisində ən görkəmli yerdə asılan o portret yerə çaxılaraq parça-parça olur…Siz olan daxilimdə parçalanan rəsminizlə mən də parça parça oluram.
Kim qaytaracaq Sizə o müqəddəs adı? Kim yenə ən yüksək yerdən asacaq o ismi…? Bu günün məktəblisi üçün bizim uşaqlığımızda olan o müqəddəs çərçivədəsinizmi yenə? Və ən əsası uşaq fəhmi ilə hər şeyi duyan bugünkülərə bizim “örnək olmamaq kimi haqqı olmayan müəllim”” modelimizi kim göstərəcək?
Sizi o ucalığa yenə əsl müəllim adını daşımaga layiq olan -Siz qaytara bilərsiniz. Nə qədər ki, müəllim adının müqəddsəliyini özündə yaşatmayanlara, hamının müəllim ola biləcəyi qədər bu sənətin qapılarını layiqli-layiqsizə ayrılmadan hamının üzünə açıq qoyacağıqsa… oradan girən külək beyinləri üşüdəcək .
Konfutsi müəllim haqqında deyir ki, kimlər ki köhnəni əzizləyərək yeniyə də nail olursa , ondan müəllim ola bilər.
Örnəkli cümlələrimizin örnəyi olan, yenə də köhnə xatirələrdə hər zaman təzələnən əziz müəllimlərim, Bayramınız mübarək!
Tünzalə Vəliqızı
Moskva, 4 oktyabr 2015“