” Kimsəyə salam söyləməyin” dedirtdiyimiz Ərtoğrul


ƏRTOĞROL CAVİDİN DOĞUM GÜNÜNƏ VƏ İŞIQLI XATİRƏSİNƏ…

Bu gün Ərtoğrol Cavidin Doğum günüdür. Xəstəhal vücud, ölüm döşəyində sonuncu doğum günü 22 oktyabr 1943-cü ilə düşür. Bundan sonra cəmi 24 gün yaşaycaq Ərtoğrol…

Cavidlər ailəsinə çəkdirilən çilələr, əzab və işkəncələr nə qələmə sığar nə də göz yaşlarına. Hər dəfə bu mümtaz, münəvvər ailə fərdləri haqqında düşünəndə, yazanda ildırım sürətiylə bir fikir keçir ağlımdan: Hardaydı Tanrı bu ailəyə çəkdirilən zülmlər at oynadanda, ərşə dirənəndə?! 37 ci ildə Azərbaycan ziyalısının qanına susamış fironlaşmış rəhbərlərin övladlarının başına gətirilsəydi Ərtoğrolun müsibəti görən nə edərdilər?! İnanın gücləri çatsaydı Allahdan belə intiqam alardılar. Amma Allah da bu firovunlardan heç intiqam almadı ki, məsum və məzlumlar adına. Sadəcə Kitabında deyir ki bəs: Allahın lənəti zalımların üzərinədir. Bütün hallarda gecikmiş ədalət zülmdür…

Baba Hüseyn Cavid də ” Şeyx Sənan” da kor ərəbin diliylə zülmə qarşı bir üsyanın və ədalət arayışının içindəydi:

” Tükəndi taqəti-səbrim, ədalət,ah! Ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı!”

” Bir çiçək yeni açmağa başlar,
Görənlər bir çiçək həmən qoparar.
Ona toxunanlar həpsi vicdansız.
Könül çalan əfi, canavar, qansız.
Sonra çiçək incə boynunu büküb,
Göz yaşı yerinə zəhərlər töküb
Gündən günə solur tikana dönür
Gözündə parlayan səadət sönür.”

Bunu 11 yaşındaykən, 1932-ci ildə Ərtoğrol Cavid yazıb.

” Çal!.. Çal!.. Əvət, bəxtiyar çoban, çal!.. Nə Sivas kibi şəhrin əlindən getmiş, nə də Ərtoğrul kibi oğlun…”
H.Cavid ” Topal Teymur.” əsərindən.

266 il öncə dünyaya gəlmiş vur tut 37 il yaşamış Şotland şairi Robert Byörnsün (1759-1796) “Lənət o adamlara ki dinləyib şairin şerlərini,acından öldürürlər onu” taleyini nə yazıq ki tək yaşamadı.Puşkin, Lermontov, Persi Şelli, Silviya Plat, Corc Bayron, Müşviq, Əli Kərim, Ümgülsüm və Seyid Hüseyn Sadıqzadənin 24 yaşlı oğlu Cığatay, Əmin Bəyin və Ümülbanununu 24 yaşlı oğlu Rəsul, Cavid və Mişkinazın ilk oğlu gənc Ərtoğrol Cavid, daha kimlər yaşamadı ki, istibdadın nəfəs aldırmayan dəmir və amansız pəncəsi altında bu taleni… Müşviq, Ərtoğrol, Rəsul, Cığatay bunların içərisində ən təzə- təri idi.

Zülmün topunun, gülləsinin, qələsinin də gücü elə bil bu tər bönövşə gənclərə çatırdı…
X.Rza Ulutürkün ifadə etdiyi kimi:

“ Xəyanətə qurban getdi tər bənövşə, bahar Müşfiq…”

Ərtoğrolun məruz qaldıqları daha da dəhşətli idi, ürək parçalyan ağırdan da ağır nisgildolu, acı dramatizmiylə…
Hər sətirindən ələm, dərd yağan aşağıdakı acı mənzərə Azər Turanın ” Cavidnamə” kitabındandır. Ürək dayanmaz…

İnsan vəfasızlığının hər üzünü görüb hamıdan bezən, inciyən Ərtoğrol 1943-cü il avqustun 11 də evlərinə yazdığı məktubu belə bir kədərli ismarıcla tamamlamışdı:

” Kimsəyə salam söyləməyin”.


Ərtoğrol Cavid Naxçıvanda 1 ay 11 gün qalıb və gəlişinin 25-ci günü, yəni ölümündən 19 gün qabaq evlərinə ünvanladığı və az qala, fəryad qopara-qopara yazdığı məktubdan da göründüyü kimi gəlişinə peşmandır, evində qaldığı əqrəbalarından rəncidədir:

Gəlişimə çox peşmanam … Mümkün qədər buradan tez çıxmağa çalışacam. Hələlik. Bərk-bərk öpürəm Sizləri. Ərtoğrol. 28 IX-43. Naxçıvan.”

Cavidlərin taleyinə biçilən bu zilləti yapan İblis bəllidir: Stalin, Mircəfər Bağırov bütövlükdə Sovet quruluşu. Lənətləməkdən başqa əlindən bir şey gəlmir. Azər Turan ” Cavidnamə” sində yazır ki: ” Tarixin pas tutmuş kirli vicdanını yamamaq və yumaq üçün bizə Turan Cavid zalımlığı, nifrəti və qəzəbi çox lazım olacaqmış.
Bu gün Cavid muzeyində – Cavidin iş otağında Turan Cavid teymuranə bir əda ilə cahangirlik edib. Stalinin ruhunu sanki o biri dünyaya getməyə qoymayıb, 1937-ci ilin 4 iyun gecəsinin sirrlərini açıb, sərgiləyib…

Bura sanki bir ilahi komediya dövrüdür. Onun da öz cənnəti və cəhənnəmi, öz günah bucaqları, tövbə məqamları var. Bura çöldəki dünyanın əksidir, o biri dünyasıdır və Turan Cavidin törətdiyi Məhşərdir.
… Elə otaqdaca Turan Xanımla bütün bu olmuşlar barədə söhbət edib ən axırda:

Bağışlayardınızmı?-soruşdum.
Amiranə bir cavab verdi:
-İntiqam alardım!”


Naxçıvanda bir məqbərə var. Cavidlərin qovuşduğu son mənzilgah, son məkan. Sözün ömrü qədər var olub yaşayanların, ölümü öldürənlərin uyuduğu müqəddəs bir ziyarətgah. Əbədiyyəti bir ana satanların nə izi, nə tozu qalır.

Cavid əbədi deməkdir. Hüseyn Cavid, Mişkinaz Cavid, Ərtoğrol Cavid və Turan Cavid kimi…

Məhəmməd İSRAFİLOĞLU, Almaniya
22.10.2025-ci il