Kölgə
Bir orman, bir çay kənarı, bir dəniz sahili, ya kiçik bir kənd…Həm də bütün bunları içində daşıyan bir kənd ola. Və lap kənarda illərə inad, hər şeyə ömür biçən qədərə inad yaşı bilinməyən palıd ağacı…
Niyə tut deyil, zeytun deyil , məhz palıd? Bəlkə əzəmətindən, bəlkə elə bu inadcıllığından, bəlkə də diknaşlığından dolayı…
Sonuncu dikbaşlıq da inadcıllıq, qarşı durmaq, əks getməkdir.Amma onun palıdın dikbaşlığı elə hərfi mənada dikbaşlılıqdır! Əyilməz, sınmaz…
Neçə qabıq təzələyib. Neçə nəsil eşqlər kimi. Üstündə neçə aşiqlərin eşqinin izharı olan A-dan Z-yə iki hərfin toplamasından sonra bərabərliyi eyni cəmə bağlanan S olub. Sevirəm! Hər sevən bıçaqla qabığını qazıyıb, canını acıtsa da səs çıxarmadan o sevgiyə gülümsəmisən.
Agaclar ağlayarmı? Bəlkə budaqları qırılan zaman içindən axan su da onların göz yaşıdır.
İndi təbiət elmini qarışdırsaq bura hansı maddənin hansı qidasının qopduğu üçün su ifraz edir və sonra o ifraz da bitir… Bitən suyla da quruyur agac…
İnsan oğlu da elə deyilmi?
Niyə cansız agac deyirik o zaman. O bizdən daha canlıdır, bizim zəhərimizi içində arındırıb nəfəs olaraq yenidən bizə qaytaran.
Nə etdin insan oğlu?
Sənə nəfəs verəni atəşə verdin! Yandırdın, yaxdın. O sənə qurumuş budaqlarından ocaq çatmaq üçün odun olmadımı? O sənin başının üstünə tavan, ayağının altına döşəmə olmadımı?
O sənin yatacağın, o sənin saxlanacağın, o sənin yemək qabın…
Nə etdin insan oğlu?
O sənin gölgən, o sənin arxana söykənəcək…
Bütün bunları bilə bilə yandırdınmı?
***
Bir quşa qanad uçmaq üçün verilir. Bir yuvanı o palıdın ən uca yerində qurması nədəndir? Özünümü qorumaq üçün? Xeyr! Bir quş yuva qurarkən heç yumurtası çatlamadan, hələ qanadı çıxmayan balalarını təhlükədən qorumaq üçün qurar yuvanısnı ağacın ən uca yerində. Bir də dolaşdığı yer göylər olduğu uçun. Qırılarmı o budaq, kəsilərmi o agac, bunu düşünərmi?
Düşünə biməyənə “quşbeyin” deyirsini, siz insanlar, biz insanlar. O quş o quş beyni ilə bunu bəlkə düşünməz. Amma balasını dimdiyinə alıb xilas edə biləcək gücdə olduğunu bilər. Bir bir daşıyar dimdiyində. Dimdiyindən yemlədiyi kimi. Qəfil fəlakət anında, hələ qabığı çərtilməmiş yavrusunu götürə bilmədiyi məqamda isə…
Bir rəssam xəyalında belə quş üçün yumurtasını qoyub getməz-qədərini düşünə bilməzdi bəlkə. Quş beyinli o quş qanadı olub uça, özünü xilas edə biləcək gücdə olsa da, balaları ilə birgə ölməyi seçir…
Kimdir quş beyinli? Hələ doğulmayan balasına özünü fəda edənmi, yoxsa əlinə atəş alıb yuvanı yaxan, yıxanmı?
***
Hər gün hər yerdə bir şeylər yanır. Günəş də yanır. İşıq da yanır… Ocaq da yanır…
Amma hər gün hər yerdə sən insan oğlunu hər cür qoruyan, isidən, ocağına atəş agacların qəbiləsi, ailəsi olan meşələr yanmır.
Yanırsa… Yandırılırsa…Bu da onların küllü faciəsidir. Birlikdə- küllü faciə belə sonunda bir külə dönüşür. O küldən duman qalxar, bütün aləmi toza bürüyər. Göz-gözü görməz. Nədən? Bu yandırmaqla dünyanın işığını söndürmüsən. Səni yanmaqdan qoruyan gölgəni yaxmısan…
***
O quşbeyinli quş bəlkə bu cür fəlakətlərə hazır deyildi. Hanı bənzətmənə alət olduğu üçün beyni o qədərinə yetməmiş ola bilər. Sən insan oğlu, səni qoruyanın bu təhlükə ehtimalına niyə hazır deyildin?
***
Oturduğun taxtan –Taxt belə taxtadan- Onu qorumaq üçün hanı dünyanı yaxan hökmdarlar var ya…
Öncə taxtanı qoruyacaqsın ki, sonra taxtın olan…
***
Nöqtələri sevirəm. Bir nöqtə olunca fikrin bitər. İki nöqtə olunca, fikrin davamı sözə müəllif olanındır. Üç nöqtə olunca isə… Bu artıq davam edir, edəcək deməkdir.
Mənim üç nöqtələrim deyə bilmədiklərimdir. Deməyə qorxduğum, ya qorxudulduğumdur bəlkə…
****
Bir orman, bir çay kənarı, bir dəniz sahili, ya kiçik bir kənd… Həm də bütün bunları içində daşıyan bir kənd ola. Və hər şeyə ömür biçən taleyə, təbiətə inad yaşı bilinməyən palıd ağacının gölgəsi…
Tünzalə Vəliqızı
01.08.2021