M.Ə. RƏSULZADƏ-O BİR MƏNBƏYİ-NUR…


M.Ə. Rəsulzadənin fotolarından boylanan nurlu çöhrəsi, gülərkən qıyılan gözləri, şıx və səliqəli geyimi – fotoaparatın obyektinə yansıyan pozitiv işıqlı Adam… Sonra düşünürsən ki,  bir insana fotodan boylanmağa nə var ki, foto zahirdir,  batin olanı da görmək insanoğlunun qabiliyyəti xaricindədəir. Amma mənə elə gəlir ki, batinin də öz “ dili” var, bu insanın ömürboyu sərgilədiyi davranışlarıdır, çevrəsinə əhdi-vəfasıdır, dilindən, qələmindən, ruhundan qopan sözləridir. Rəsulzadəyə şeytani politika olan bolşevizm mətbuatı və bu firqənin Azərbaycanda çirkin üzlərinin atdığı çamurları xatırladıqca Hüseyn Cavidin “ Şeyx Sənan”ındakı: “ Siz korsunuz, O isə mənbeyi-nur!” misralını ağlımdan keçiririəm. Həyat əksiliklərin vəhdətindədir. Xeyirin öz qəhrəmanları var, şərin öz qəhrəmanları. Xeyirin fitrətində azadlıq dayanır, şərinkində isə əsarət. Azadlıq şirin bir nemətdir. R. Behrudi bir dəfə yazmışdl:”  Azadlıqda yaşamaq çox qorxuludur, çünki onu itirmək təhlükəsi var.” Amma istibdad zülmü altında inləyən quruluşlarda bu fikir keçərli deyil, çünki olmayan azadlığın nəyini itirəcək ki, fərd, müti təbəə və s.

“Hüriyyət olan yerdə könül qan ola bilməz…” (Ə.Vahid) və yaxud da tərsinə hüriyyət olmayan yerdə könül qan ağlayar, məzlumun ahu-naləsi ərşə yüksələr. Rəsulzadə və əqidədaşlarının 23 aylıq Azərbaycan xalqına qazandırdığı milli istiqlaliyyət tamı nağıllarda qəhrəmanın yeddi başlı əjdahanı (və yaxud da iripəncəli şimal ayısını-M. İ.) yenməsi qədər böyük bir hünərpərvərlik, qəhrəmanlıqdır. Düzdür 23 aylıq müstəqillikdən sonra irtica qalib gəldi, qırmızı şeytani bolşevizm qanlı terror və icraatlarıyla tüğyan etdi. Fəqət xalqın şüurunda müstəqil Azərbaycan ideyası təşəkkül tapdı.  Rəsulzadə mühacirətdə Azərbaycanın müstəqiliiyi Davasını verərkən Buxarestdə sadə bir balıqçının onunla söhbət zamanı məntiqinə heyran olur rəsmən.  Bu söhbətin məğzi olduqca maraqlıdır sadə  Azərbaycan insanının qıvraq və parlaq zəkası adına.  Əmin Bəy bu söhbəti  belə nəql edir:

“Bükreşdə ( Rumıniyanın paytaxtı Buxarest-M.İ.) ikən Sovetlərdən qaçıb gələn azərbaycanlı bir sürücü ilə söhbət etdim. Bu sürücü Vətənində balıqçılıq edirmiş. Sadə təbiətli bir adamdır. Az-az hallarda oxuyub-yazırdı. Demək olar ki, təhsilsiz, akin sağlam düşüncəli, ağıllı bir kəndli idi. O, olduqca düzgün və aydın bir ifadə ilə Azərbaycan xalqının siyasi vəziyyətini anlatdı. Müstəmləkə qüvvələrinə qarşı gizli davam edən milli mübarizə və müxalifətdən bəhs etdi. Onun sözlərindəki bir təhlildən heyran qaldım: Sovet rejimindən iki növ narazılar var,- dedi. Bir qismi sovetlərdən şəxsi motivlərə görə narazıdırlar. Bunlar var-dövləti əlindən alınan varlılar, mülkədarlar, fabrik və böyük torpaq sahibləridirlər. Bu, əhəmiyyətli müxalifət deyil. Əhəmiyyətli olan ikinci növ müxalifətdir. Bu, gənclərin müxalifətidir. Bunlar deyirlər: Yaxşı bolşevik olaq, lakin nəyə görə Azərbaycanı başqa yabançılar idarə edirlər. Nə üçün Azərbaycan nefti Azərbaycana sərf edilmir, Moskvaya göndərirlər. Nə üçün biz öz Yurdumuzun sahibi deyilik. Nə üçün milyonluq Finlandiya müstəqil ola bilər, Azərbaycan ola bilməz.

Adi bir balıqçının, professional bir siyasətçinin deyil, xalq kütləsindən bir balıqçının bu təhlilində dəryanın bir qətrəsinin suda əks olunduğu kimi Azərbaycan xalqının siyasi duyğusu əks olunur. Yeni nəsil bunu yaxşı başa düşür…”

KİÇİK BİR HAŞİYƏ: M.Ə.Rəsulzadənin şahid olub anlatdığı bu hekayə bütün yönüylə ibrətamizdir. İstiqlaliyyətin tamını dadan, hiss edən heç bir vətəndaş, yurddaş buxovlarla yaşamağı əsla qəbul edəməz!

Həmişə istisinə qızınmayıb, tüstüsünə kor olduğumuz bizə qara günlər gətirən neftimizlə öyündük. Oysa Rəsulzadə parlaq bir Azərbaycan gələcəyiylə bağlı hələ parlamentdə Azərbaycan Cümhuriyyətinin 1-ci ildönümü günü (1919-cu ilin mayın 28-də) çıxış edərək deyirdi ki:  “… Mən Azərbaycanın həyat qabiliyyətinə inanıram, öz təbiətinə və potensial sərvətinə görə təkrarolunmaz bu ölkə torpağının altında saxladığı fontanlar və alovlar kimi, öz vətəndaşlarının qəlbinin dərinliklərində də onların yaradıcılıq ruhunu saxlayır. Bu yaradıcılıq eşqi, MƏNİM MÖHKƏM İNAMIMA GÖRƏ, XALQIN AZAD İNKİŞAFI ŞƏRAİTİNDƏ, DÜNYAYA TƏKRAROLUNMAZ BİR MƏDƏNİYYƏT NÜMUNƏSİ VERƏCƏK. Yüz il qabaq Bakı neftinin gələcəkdə ən mədəni ölkələri hərəkətə gətirən mühərrikə çevriləcəyini iddia edənlərin fikirləri nə qədər cəsarətli görünürdüsə, mənim də MƏDƏNİYYƏTİMİZİN GƏLƏCƏYİ haqda indi dediklərim o qədər qəribə görünə bilər. Lakin azad yaşadığı bir il ərzində xalqın milli özünüdərkinin sürətlə yüksəlməsi mənə gözlədiklərimdə yanılmadığımı düşünməyə əsas verir”.

Və sadə bir balıqçının ən gözəl siyasi duyğularının mənbəyi də Rəsulzadənin səpdiyi hürriyyət toxumlarıydı 1918-ci il 28 Mayısda…

Rəsulzadənin anlatdığı balıqçı elə həm də 1988-ci illərdəki bizim gəncliyimizdir zaman aşamasıyla, təpədən dırnağa səmimiyyət olan, İstiqlal duyğularına hakim olan və bunun savaşını verən. O balıqçının səadətinə RƏSULZADƏYƏ ürəyini boşaltmaq nəsib olub, düzü qısqandım onu, çünki o bilirdi Əmin Bəyin yılmayan mübarizəsini, dəyişməyən əqidəsini. Fəqət biz bu mövzuda yetim uşaqlar kimiyik, 50 yaşı adlasaq da qürbətzadəliyimizdə. Parlaq bir gəncliyə qıyıldığı zaman o əsla pöhrə verməz bunu yapmaq ən böyük qəddarlıqdır milli genefondumuza zərbə adına. Mal-mülk davası heç bir zaman İstiqlaliyyət, ədalətli quruluş Davası içəriyndə ola bilməz, nə qədər rəng , emusiya, emosiya qatsalar da “ siyasilər”. Çox təəsüf ki, indimizdə də XX əsrin əvvəli və sonunda milli hakimiyyətimizin ruhuna çevrilən gəncliyimizin kədərli tarixi boylanır. Sabirin əziz ruhuna sığınaraq deyirəm ki: Hüriyyət olmayan yerdə insanlıq da yoxdur…

Məhəmməd İSRAFİLOĞLU, Almaniya