M. ARAZ şeirinə Nazim Murad baxışı


Dünya sənin, dünya mənim…

Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidərsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdir Araz belə, Həkəri belə.
Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm,
Mən özümlə oynadığım şahmata güldüm…
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

may-iyun, 1986

I. BƏND
Bir taleyin oyununda cütlənmiş zərik, 8 + 5 = 13
Yüz il qoşa atılsaq da qoşa düşmərik. 8 + 5 = 13
Bir zərrənin işığına milyonlar şərik, 8 + 5 = 13
Dünya sənin, 4 +
Dünya mənim, 4 +
Dünya heç kimin… 5 = 13

Bildiyiniz kimi, heca vəznində yazılan şeirlərin hər misrasında hecaların yəni sait səslərin sayı eyni olur. Məsələn, bayatıların hər misrası 7, gəraylıların 8, qoşmaların 11 hecalıdır. Bu şeirin isə hər misrası 13 hecadır.
Batil inanışımıza görə 13 nəhs bir rəqəmdir. Niyə? Özündən və 1-dən başqa heç bir rəqəmə tam bölünmür. Özünə bölünəndə 1, birə bölünəndə isə özü [13] olur. Bu, onun digər bütün rəqəmlərlə olan ortaq özəlliyidir. Demək ki 13 son dərəcə egoist, narsist, özünü bəyənmiş, eyni zamanda uğursuz saydır. Xristiyan rəssamlığında və bu dinə aid ikonalarda Həz. İsanın yanında olan 13 əzizdən sadəcə birinin başı ətrafında halə yoxdur. Otellərdə 13 nömrəli otaq yoxdur. Loto oyunundaki 13-ə isə qaba bir şəkildə “eşşək doğan ay” deyilir…

Şeir nərdlə başlayıb şahmatla bitir… Nərd nədir , şahmat nə? İkisi də oyundur əslində… Amma necə bir oyundur? İkisi də fərdi oyundur, komanda oyunu deyil. Demək ki oyunların hər ikisində rəqibə yəni taleyə qarşı tək başınayıq. Misradakı qrammatik mübtəda “biz” olsa da cümlənin məntiq mübtədası “taleh”dir – kəmfürsət taleh. Üstəlik bu zər tutan, cığal talehin oyununda biz çox vaxt söyülən, bəzən də öyülən zərik. Sanki hər şey bir mənası da “qızıl’ olan zərdən yəni bizdən asılıdır. Halbuki, bizim olmazsa olmazlığımız nisbi olub texniki bir boşluğu doldurmaqla məhdudlaşır. Biz bu oyunda qoşa atılsaq belə təkik… Niyə? Çünkü biz ikimiz həddi-zatında bir təkin (bütünün) parçalarıyıq. Tək başınayıq, həyatdakı çətinliklərin öhdəsindən də tək başımıza gəlməliyik… Misradakı varlığı əsil morfem olan isim [müstəqil söz] ilə deyil, qrammatik bir şəkilçi ilə ifadə edilən “biz” mübtədadır yəni öznədir. Cümlədəki xəbər isim soylu “zər” sözü olduğu üçün ondan öncəki sözləri də özünə bağlayıb tək bir xəbər olur. Azərbaycanda təəssüf ki “zər”dən əvvəl gələn sözlərə yanlışlıqla “təyin” deyirlər. Bu qavram isə ruscadan dilimizə dürtülən “opredeleniye”dir…

İlk bəndin üçüncü – “Bir zərrənin işığına milyonlar şərik” misrasını isə biz belə izah edirik: Nəsiminin ‘Zərrə mənəm, günəş mənəm / Çaharla pəncü şeş mənəm’, ya da ‘Hər zərrədə günəş oldu zahir / Torpağa sücud qıldı tahir’; romantik ədəbiyyatımızın temsilçilərinden ola Abdulla Şaiqin “Hamımız bir yuva perverdesiyik, / Hamımız bir güneşin zerresiyik… vb. misralarından da görüldüyü kimi, “zərrə” ilə “günəş” qavramları çox vaxt eyni kontekstə gəlir. Dünyamız olan Yer planeti Günəşin ətrafında durmadan dönür, özünü Günəşin peyki (uydusu) sayır və sanki ona özünü qurban etmək istər ikən onun bir zərrəsinə belə milyonlarca insan ortaqlaşa belə olsa ortaq olunca … (yani həm sənin, həm mənim olan dünya, nə sənin, nə mənim, nə də onundur. Kiçik bir zərrəsinə belə milyonların ortaq (şərik) olduğu dünya bizim kimi insanoğullarına nə qədər aid ola bilər ki?!..

II. BƏND
Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidərsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Dünyamız olan Yer planeti Günəşə necə aşiq olmuş və sevdalanmışsa, onun orbitindən ayrılmadan (ayrılmaq da istəmədən) öz oxu və Günəş ətrafında bir fırfıra kimi dönüb durur. Bu eşq (qara sevda) enində-sonunda böyük bir qəzaya səbəb olacaq. O qəza olub Yer öz oxundan və orbitindən çıxsa belə Sən bu durumda nə özünü, nə də ümidini itirmə. Hətta özünü itirmədən ümidin ətəyindən tutub döndüyün vaxt yıxılanların “dünya sənin[dir]!”, çətinliklə ayağa qalxanların “dünya mənim[dir]!”, onlar üz-üzə gəldikdə isə hər ikisinin “dünya heç birimizin deyil[miş]!” pıçıltısını eşidəcəksən…

Əslində böyük şairimizin artıq həzin və ritmik bir nəğmə olaraq Niyaməddin Musayevin gözəl bəstəsi və çeşidli səs sənətçilərinin ifasıyla hər gün eşitdiyimiz bu möhtəşəm şeir, texniki qüsursuzluğu, mətn mükəmməlliyi, fəlsəfi dərinliyi ilə birlikdə həm də nâkâm bir eşqin etirafıdır. Şair bu şeirin sonraki bəndlərində bu uhrəvi mətn kimi görünən həm də dünyəvi şeir mətninin ontolojik yönünü gerçək bir yaşanmışlıq kimi yorumlamağımızı mümkün qılır.

Şair burada “sən bu dünyadan qopsan, dünyanı dəyişsən belə ümidini itirmə, pəs etmə yani ruslar demişkən “ne paday duxom.” Burada DLT-dəki Alp Ər Tunga ağıtından Qorqud Atamızın “Gəlimli-gedimli dünya, Son ucu ölümlü dünya”sına; Koroğlunun “Tüfək çıxdı, mərdlik getdi…” təəssüfündən Şəhriyarın “Yalan Dünya”sına; Nəsiminin “Dünya duracaq yer deyil, ey can, səfər eylə!”sindən Bəxtiyarın “Bərk yapışsan ətəyindən dünyanın” şeirinə; Füzulinin “Dəhr bazarında kasiddir məta-i himmətim / Bu mətayı satmağa bir özgə bazar istərəm”indən Akif Səmədin “Atan deyil, anan deyil / Dünya sənin nəyindi ki?”sinə; hətta Məmməd Arazın özünün “Ondan inciyənin beləşi belə / Mən belə dünyanın nəyindən küsüm?”ündən “Dünya gözəl, dünya gözəl dünyadır”ına qədər fərqli-fərqli “dünyalar”dan bir arxetip kimi danışa bilərik. Amma biz yenə də “öz dünyamız”a dönüb şeirin üçüncü bəndini dilimiz döndükçə təhlil etməyə çalışaq…
Dəyərli dostlar, izniniz olsa tam da burada kiçik bir mötərizə açıb uzun zamandan bəri əzbərimdə qalan təxminən 500 illik bir rubaini sizinlə bölüşmək istəyirəm:

Qismətindir gəzdirən yer-yer səni,
Ərşə çıxsan aqibət, Yer yer səni.
Onun üçün anun adı oldu “Yer”-
Öncə bəslər, sonra kəndi yer səni…

III. BƏND
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Şeirin ‘şah bəndi’ bizcə bu bənddir. Məcazlıq, çoxmənalılıq, ədəbi sənətlər (söz sənətləri), obrazlılıq… ‘pik nöqtəsi’ndədir. Məmməd Araz, dünyanı “ölüm-itim bazarının dəvəsi” adlandırır. ‘Get-gəllər bazarı’ eyni zamanda doğumdan öncəki doqquz aylıq fiziki prosesə də mənəvi bir ayna tutur. Ümumiyyətlə, doğulan hər bir bəbək tər-təmiz (məsum) doğulmur, hətta zâtlarında bir az “qatillik” də yox deyildir. Doğum faktının maddi-bioloji tərəfi ilə mənəvi-psixoloji yanı arasında böyük bir təzad vardır ki, dünya da o təzadın həm yeri həm də adıdır.
Proses belə başlayır: “Hər şeyi cüt yaradan İlahi Gücün iradəsi və əmri ilə kişi və qadın (elə özləri də bu şəkildə dünyaya gələn ata və ana) “tənasül prosesinin pik nöqtəsini ya da orqazm ‘rahatlama zirvəsi’ni təkâmüllə aşdıqlarında “start və finiş nöqtələri arasında “spermlərin maratonu’ başlayır. Mikroskopla izləyə biləcəyimiz bu yarışın “maratonçu çömçəquyruq çempionu” ya da ‘Ata belindən Ana bətninə [sümükdən südə] maratonu”nun “qalibi” “həyat ilə” ödülləndirilir. Yarışın qalibdən başqa bütün iştirakçılarına “ölüm hökmü” oxunur və hökm dərhal icra olunur. Belə bir “ədalət yarışı”nın iştirakçıları çömçəquyruqlardırsa, onun Həyat mükâfatlı qalibinin də qurbağa qədər “gözəl olması” normaldır. Dünya insanlıq (bəşəriyyət) adlı dəyərə deyil, Qurbağalıq adlı bataqlıq qur-qurçularına təslim edilmişsə… Çaydır – dəhnəsində hırsız əjdəha / Gecəsi salamat çıxmaz sabaha. / İti – bazarında atından baha / Mən belə dünyanın nəyindən küsüm?! şeirinin Olsan öz haqqının köləsi belə / Əri öz içində, öləzi belə. / Ondan inciyənin beləsi belə / Mən belə dünyanın nəyindən küsüm?! sözləri ilə bitməsi Sizcə də normal deyilmi?! Pozulan mayadırsa, qoxan da duzdur…

Qardaşı Qabil tərəfindən qətl edilən Habilin özü belə “bacı-qardaş qatili” isə bu əxlaqsızlıq və nəfs yarışının heç olmasa bir qalibi vardırsa o da Hz. İsadır…

Türk dilinin XIII əsrdəki ən böyük dil abidələrindən olan Codex Cumanicusda Hz. Məryəm belə salamlanır:
“Ave Maria!
Ave Maria!
Akkan kümüşley yalkıdın, kaçan Yesusnı törədin!
Demək ki, mayası pozuq, “içdən bazarlıqlı” insanların iaşələrini təmin etdikləri bazarın təchizat vasitəsi “donqar dəvə”dir. Əyriliyin, kin tutmanın… simvolu olaraq göstərilən dəvə, kindar bir nəslin yetişməsinə xidmət etdirilmişdir.

Şeirin üçüncü bəndinin ikinci misrası qədim Elat mədəniyətinin kültür dəyərlərindrn olan xalçaçılıqla əlaqəlidir: “Bu ömür-gün naxışına həvədi dünya.” “Ömür-gün naxışı” məcazi mənada insanoğlunun həyatı boyunca əldə etdiyi başarılıların, yaşamış olduğu mutlu günlərinin toplamıdır. Həvə isə bu naxışları əmələ gətirən rəngli ilmələri yuxarıdan aşağıya doğru döyərək ortaya çıxaran bir ağır dəmir parçasıdır. Demək ki, insanoğlu yaşadığı və ya yaşaycağı hər bir gün ya da hər uğur üçün peşin bədəl ödəyən şəxsdir. Şair Məmməd Araz bu bədəli ən çox ödəyən yəni bir xalça naxışı kimi ən çox döyülən şəxslərdəndir. Lütfən yanlış anlaşılmasın, izninizlə burada kiçik bir mötərizə açıb qısa bir açıqlama yapmaq istəyirəm:

“Çox erkən yaşda (40-41 yaşında) Parkinson xəstəliyinə yaxalanan şair, başqasının yardımı olmadan heç bir şey edə bilmirdi. Ən özəl ehtiyaclarını qarşılamaqdan məhrumdu. …İş elə gətirdi ki, 9 il öncə [49 yaşımda ikən] mən də eyni xəstəliyə tutuldum. 55 yaşımda pensiyaya çıxdım. Bir il öncə də beyin pili əməliyyatı oldum. Vəziyyətim onunkundan ən az min dəfə yaxşıdı. Yenə də şairimiz, 40-41 yaşından vəfatına qədər nə yazıbsa çox çətinliklə yazıb… Bu mənada MƏMMƏD ARAZ, bir ŞƏHİD ŞAİRdir…”

Mövzuya qayıdaq. 3-cü bəndin 3-cü misrası “Əbədiyə qəh-qəh çəkir əbədi dünya.”dır. Bilirik ki, əbədi olan Allahdır. Dünya əbədi də olsa yenə Allaha gülməz. Demək ki dünya, əbədi olan Allaha yox, əbədi olduğunu iddia edənlərə gülməkdədir.

Məşhur bir fikir vardı: Dünyadakı bütün məzarlıqlar ‘Dünyaya mənim kimi bir … insan bir də gəlməz…’ deyən insanların qəbirləri ilə doludur.

Məşhur Fransız yazarı Guy de Maupassantın “Sevdi, sevildi, öldü” hekayəsini yəqin ki oxumusunuz… [hekayəni hızlıca dinləyicilərə özətlə, Nazim!]

[qonşumuz rəhmətlik şofer Şiralı əminin uşaqkən itməsindən , nişanlı ikən gözünü itirməsini, oğlu Məhərrəmin 1988-də əsgərliyə gedib iyirmi il yəni atasının vəfatından bir neçə il sonra qayıtmasını, Şiralı əminin öz qəbir daşına “Yollar, səndə gözüm qaldı…” yazdırmasını söylə…]

IV. BƏND
Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdir Araz belə, Həkəri belə.
Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Məmməd Arazın bu şeiri təkçə Azərbaycan ədəbi mühitində yox, aşağı-yuxarı bütün xalq nəzdində sevilmiş, Niyaməddin Musayev tərəfindən bəstələnib səsləndiriləndən sonra xalq arasında daha da yaygınlaşmışdır. Şair öz nakâm eşqindən də söz etmiş, bu eşqini bir anlamda fəlsəfə pərdəsi ilə sətr etməyi başarmışdır.
Sısqa sular, zinə çeşmələr, sərin bulaqlar Həkəri çayını əmələ gətirir. Araz nəhrinin sol qollarından biri olub başlanğıcını Kəlbəcər, Laçın dağlarından alan Həkəri çayı Araz nəhrinə qovuşur, artıq Həkəri yox, Araz olur; Araz axıb Kür nəhrinə qovuşur, artıq Araz yox, Kür olur… Kür də axıb Xəzərə qovuşur…
Oka, Özü, Kama çaylarının İdil [Volqa] çayına qovuşub birlikdə Xəzərə töküldükləri kimi…
Yunus Əmrənin “Şol Cənnətin ırmakları / Akar Allah deyü deyü”sündəki kimi…
Demək ki Xəzər – nakam eşqlərin buluşma yeridir…
Şair də öz qarasevdasına artıq axirətdə qovuşacağına inanır. Fələyin təkəri gecə-gündüz belə dönüb, belə də dönəcək artıq.

V. BƏND

Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm,
Mən özümlə oynadığım şahmata güldüm…
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Şeirin son bəndi dünya haqqındakı muğlak (şəffaf olmayan) fikirlərin durulmasıyla başlayır…
Şairin güldüyü (əslində isə ömrü boyunca ciddiyə almadığı; həyatının sonunda isə Sabirsayağı göz yaşları içində -Ağlar-Güləyən misali güldüyü gerçəkliyin adı DÜNYAdır. Dünya elə bir uysal atdır ki, onu hər kəs cilovlayıb minə bilir – Koroğlu da, Həmzə də; Baybura oğlu Bamsı Beyrək də, Yalançı oğlu Yalınçıq da; Baybican qızı Banuçiçək də, Boğazca Fatma da…

“Mən özümlə oynadığım şahmata güldüm…” misrası sərim – düğüm – çözüm triadasında bir kulminasiyadır. Nərd ilə başlayıb şahmat ilə bitmək…
Söhbətimizin əvvəlində “Nərd nədir, şahmat nə?!” deyə bir sual vermişdik… Gəlin bu sualı birlikdə cavablandırıb söhbətimizi də tamalayaq. Sonra da mən sizin suallarınıza cavab verməyə çalışacağam…

Nərd zər oyunudur Şahmat zəka (bəyin) oyunu;
Nərd qumardır Şahmat bəyin gimnastikası;
Nərd haramdır Şahmat halal;
Nərd səs-küylü oyundur Şahmat sükût oyunu;
Nərd çılğın oyun Şahmat bilgə oyunu…;
Nərdin dili Farscadır Şahmatın dili Dünyaca;
Nərd mühiti arqo ikən Şahmat mühiti ədəb-ərkân;
Nərd oynamaq üçün şans Şahmat üçün ağıl, bilik;
Nərd insanı dayazlaşdırır Şahmat dərinləşdirir;
Nərddə ətalət var ikən Şahmatda ədalət var;
Nərd xaos ikən Şahmat kosmosdur;

oyunlar da, oyuncular da dəyişir, oyunun sonucu isə dəyişməz qalır…

Nazim MURAD, Türkiyə