Nizami QƏRİB- Ömrümə
Redaktordan
Son zamanlar sözləri Nizami Qəribə aid olan Aslan Qaraqoyunlunun bəstəsində və ifasında səslənmiş “Ömrünə” mahnısı trend olub. Sosial şəbəkələrdə minlərlə dəfə paylaşılan bu parçanın sürətlə yayılması istər istəməz nəzərlərni Nizami Qəribə yönəldir. Yaradıcılığının əsas leytmotivini Göyçə həsrəti təşkil edən şairin “Qərib” təxəllüsü seçməsi də o həsrətdən doğandır. Düşünməyə bilmirsən, məsələn, nədən “Həsrət” yox, məhz “Qərib”? Aşıq ədəbiyyatımızda Qəribimiz var. Göyçə mahalından olan şairin təbinə Aşıq Alı, Aşıq Ələsgər ruhunun çökməsini niyə qəribsəyək ki. Madam şair Qarabağ vüsalından sonra hələ də Göyçənin -göyçəyinə qərib olduğunu həzin misralara töküb təskinliyi sözün sehrindən alırsa?! Ardından söz etdirəcək, adı ədəbiyyatsevərlərin, aşıqların, şairlərin dilində çox dolaşacağının təminatdır bu.
Ömrümüzə qonaq olan gündən, aydan sevinc uman şairin bir neşə şeirini saytımızın oxucularına təqdim edirəm. Şairin özü haqqında şeirləri danışar. Ona görə onun barəsində hələlik susuram. (Tünzalə Vəliqızı)
ÖMRÜMÜ
Yadıma düşübdür obalar, ellər,
Şehli göy çəmənlər, ətirli güllər.
Vətəndən qürbətdə ötüşən illər,
Əridib kül edib, qalan ömrümü.
Qalıb əsarətdə Göyçə mahalım,
Gözümdə yaş olub, ürəkdə xalım.
Bu nisgil əhvalım, bu nisgil halım,
Əridib kül edib, qalan ömrümü.
Nizami, dəyişdi zamanın üzü,
Həsrətin tüstüsü kor etdi gözü.
Dilimin yanğısı, qəlbimin közü,
Əridib kül edib, qalan ömrümü.
ÖMRÜMƏ
Qonaq kimi gəlib-getdi,
Ay ömrümə, il ömrümə.
Qurtarmamış yaz havası,
Xəzan qondu gül ömrümə.
Axtaranda sığınacaq,
Kədər anam açdı qucaq.
Yandırmışdım neçə ocaq,
Köz düşmədi kül ömrümə.
Üzə gülüb can almağa,
Məni məndən aparmağa,
Uzanıbdır qoparmağa,
Neçə-neçə əl ömrümə.
Qərib ötdü yazım, yayım,
Sonuncudur payız ayım.
Yalvarıram, sevinc payım,
Bircə günlük gəl ömrümə.
DAĞLARA
Bilirəm ki, dönəcəm,
Şeh ətirli dağlara.
Xamralılı, yuxalı
Sac fətirli dağlara.
Gədikləri aşacam,
Sellər kimi coşacam.
Bir şeir də qoşacam,
Xoş sətirli dağlara.
Əqidəli, imanlı,
Pir yönlü, and-amanlı.
Zirvələri dumanlı,
Çən çətirli dağlara.
Dərdi, qəmi atacam,
Yamacında yatacam.
Qərib, bir gün tutacam,
Üz xətirli dağlara.
AĞLA
Önünü qəm kəssə, kədər sədd çəksə,
Bəxtin addımlayan yolunu ağla.
Ağzına aparsa haram tikəni,
Əlini dəfn elə, qolunu ağla.
Qoruya bilməsən səbir evini,
Şeytanla tikərsən əlbir evini.
Günahla boyasan qəbir evini,
Sağkən göz yaşı tök, halını ağla!
Nizami, sanma ki, dost-tanış çoxdu,
Görürsən dar gündə biri də yoxdu.
Fələyin atdığı zəhərli oxdu,
Saldısa qəlbinə, xalını ağla!
YUXUMUN QAPISI AÇIQ OLAYDI
İllərdir yorulub qalıb yollarda,
Ovuda bilmirəm baxışlarımı.
Fələk taleyimi çəkdiyi zaman,
Qarayla rəngləyib naxışlarımı.
Bitməyir ömrümdən uzun gecələr,
Yaddır gözlərimə yuxular mənim.
Nə yaxşı bu qədər zülmət içində,
Bircə ağlığım var, saçımda dənim.
Kaş qaça biləydim kədər əlindən,
Yuxumun qapısı açıq olaydı.
Kaş ki, gizlənəydim yuxularımda,
Gözümə yaş deyil, yuxu dolaydı.
Ağrılar dağ olub, dərd təpə-təpə,
Uca zirvəsini fəth etmişəm mən.
Elə bil həyatda zülmət ömrümün,
Min illik yolunu qət etmişəm mən.
Yuxusuz gözlərim payız buludu,
Dilimdən əskilmir niyə-necələr.
İlahi, verdiyin ömür payında,
Bitmirmi bu uzun zülmət gecələr?
AYRILDIQ
Hicran atəşində, həsrət odunda,
Ümidlər közərdi, yandı, ayrıldıq.
Unutqan bəxtimiz, kor taleyimiz,
Bizim sevgimizi dandı, ayrıldıq.
Nə qaldı ətirli güllərimizdən?
Birgə ötüb keçən illərimizdən.
Əmanət eşqimiz əllərimizdən,
Düşüb şüşə kimi sındı, ayrıldıq.
Zaman ömrümüzdən gör nələr dərib,
Aparıb sevinci, qəm-kədər verib.
Viran könlümüzü kimsəsiz görüb,
Gəlib bir cüt bayquş qondu, ayrıldıq.
ƏLVİDA DEMƏYİN VƏDƏSİ DEYİL
Hələ eşqimizin cücərən vaxtı,
Bu axşam yağan da yaz yağışıdır.
Şimşək işığında məni qorxudan,
Sevdiyim gözlərin yad baxışıdır.
Qönçə arzuların açdığı fəsil,
Əlvida deməyin vədəsi deyil.
Gecə mürgüləyib kirpiklərimdə
Göz yaşım üzümdə salar yerini.
Çinar kölgəsində sənsiz boş görüb,
Həsrət dizlərimdə alar yerini.
Körpə ümidimi eləyib tifil,
Əlvida deməyin vədəsi deyil!
Səni gördüyüm gün, bəlkə də mənim
Həyata yeganə təbəssümümdür.
Yoxluğun yoxluğum deməkdir, gülüm,
Varlığın var olma təcəssümüdür.
Qəlbim tab gətirməz bu sözə qəfil,
Əlvida deməyin vədəsi deyil.
GECƏLƏR
Zaman-zamam hislərimin oduna,
Alışıram hey yanıram gecələr.
Deyəmmirəm qəlbimdəki sözümü
Gah gizlədib, gah danıram gecələr.
Misralarda itib gedir ümidlər,
Kəlmə-kəlmə sətirlərdə azıram.
Mən hər gecə sən var olan dünyada,
Sənsiz qalıb, sənsizlikdən yazıram.
Sən gedəndən mənim kimi yatmadı,
Ağrılarım oyaq qaldı gecələr.
Səni məndən ayırmışdı sabahlar,
Məni məndən uzaq saldı gecələr.
Gözlərimdən ulduzlara yol salıb,
Addım-addım həsrətini çəkirəm.
Sevincimin sarayını uçurub,
Ürəyimdə qəm qalası tikirəm.
Eşq bağımda payız vaxtsız göründü,
Sən əkdiyin gül-çiçəklər qurudu.
Yadigartək saxladığım şəkillər,
Gecələri otağımın nurudu.
Bir Qəribdi, bir tənhalıq, bir otaq,
Göz yaşımı kimlər silsin gecələr?
Bir gün ölsəm vəfasıza, söyləyin,
Məzarıma səssiz gəlsin gecələr.
Nizami QƏRİB, Bakı
13.11.2026
