Moskva Millətlər evində Məmməd Arazın 80 illiyi qeyd edildi


Moskva Millətlər evində  Məmməd Arazın 80 illiyi qeyd edildi
Könlünün mübtədası Azərbaycan olan şair- Məmməd Araz!

Moskva Məmməd Araz dünyasından baxdı Azərbaycana. Millətlər evinin bir çox Azərbaycan yaziçı-şair, ədiblərinin yaradıcılıq, yubiley gecələrinə qoynunu açdığı bu divarlar belə möhtəşəm tədbirə bəlkə ilk dəfə şahidlik edirdi. Çünki bu məclisin başında Məmməd Araz “oturmuşdu”. Bütün şeirlərinin mübtədası “Azərbaycan” olan, “Azərbaycan” kəlməsini yaradıcılığında hamıdan çox işlədən, Məmməd Araz! Könlünün mübtədası Azərbaycan olan şair!

Səhnədə nümayiş etdirilən sənədli filmdə dil açan kardlar isə “Bu da belə bir ömürdür, yaşadım”-nidasıyla 80 ilin hesabatını verirdi.

Moskva Millətlər evində  Məmməd Arazın 80 illiyi qeyd edildi

“Şəhriyar” mədəni-ədəbi cəmiyyətinin sədri Vasif Məmmədov Məmməd Arazın həyat və yaradıcılığı haqqında qisa məlumat verərək, M. Araz poeziyasının Azərbaycan ədəbiyyatında xüsusi və özünəməxsus yeri olduğunu söylədi.

“Vətənpərvər şair Məmməd Arazla görüşüb təmasda olmaq qismətinə düşən şairlərimiz çoxdur. Onlardan biri, şair Sultan Mərzilidir. Onun M. Araz haqqında daha canlı xatirələri var”-dedi V. Məmmədov.

Sultan Mərzili M.Araz yaradıcılığından danışmazdan əvvəl onun doğulduğu və yaşadığı dövr barədə təsəvvür yaratmaq üçün XX əsr ədəbi mühitindən, zahirən pak və saf bir aləm olan ədəbiyyatın da, siyasi meydanlara xas olan intiriqalardan kənarda qalmadığından söz açaraq, dahi şairin məhz belə bir dönəmdə ədəbiyyata gəldiyini söylədi.

Yaradıcılığa Məmməd İbrahim imzasıyla başlayan şair haqqında xatirələrini dilləndirən S. Mərzili:- “Naxçıvana gedən qatar yolu Araz çayının düz sahili boyundan keçir, o tayı, yaralanmış vətəni görən hər bir adamın içi göynəyir, o ki qaldı şair ola! Məmməd İbrahimin Məmməd Araz olmasının bir sirri budur”.
Moskva Millətlər evində  Məmməd Arazın 80 illiyi qeyd edildi

“.Mənə onu şəxsən görmək nəsib olub. Yazıçılar birliyinə aldığım zəmanətlərdən birini də Məmməd Araz verib. 1970-ci ildə Universitetin tələbə yataqxanasında Söhrab Tahir və Məmməd Arazla görüş keçirdik. Mən o görüşdə kiçik bir şeir oxudum, xoşlarına gəldi. Sonradan həmin şeirim M.Araz “Ulduz”” jurnalında çalışanda çap olundu”.

S. Mərzili bir tarixi faktı da yada saldı:- “1972-ci ildə Məmməd Araz “”Ədəbiyyat və incəsənət”” qəzetində redaktor müavini işlədiyi və məzuniyyətdə olduğu zaman qəzetdə N.Nərimanov haqqında bir məqalə çap olunur və bu yazı bəhanə edilərək, M.Araza töhmət verilməklə işdən çıxarılır. Şairi millətçilikdə ittiham edirlər. Bu hadisə şairə çox pis təsir edir və o insult keçirir. Zaman-zaman bu xəstəlik güclənsə də, o M.Arazın iradəsini əyə bilmədi, fiziki yöndən zəiflədikcə şair gücü, vətəndaş mövqeyi daha sarsilmaz, daha möhkəm oldu. M. Araz ömrü təkcə şair ömrü, ziyalı ömrü deyil, o həm də bir kişilik və mərdlik məktəbidir. XX əsr Azərbaycan şeirinin ən möhtəşəm simalarından bridir, Məmməd Araz”.

Moskva Millətlər evində  Məmməd Arazın 80 illiyi qeyd edildi
Hərbçi-jurnalist Şəmistan Əlizamanlı : “Məmməd Arazı Azərbaycan dərdi xəstə elədi. O anadan olandan onun xəmiri vətənpərvərliklə yoğrulmuşdu. O barışa bilmirdi Azərbaycanın ikiyə bölünmüş halı ilə”-dedi.

“Məmməd Araz vətənpərvərliyin simvolu idi. Tez-tez əsgərlərin arasında olurdu. O, bununla rahatlıq tapırdı. Bizim nəsil vətənpərvərlik dərsini M.Arazın, B.Bahabzadənin, Xəlil Rzanın kitablarından alıb”.

Sonra o, xatirələrini geriyə vərəqləyərək M. Arazla ilk görüşündən danışdı: “Baxmayaraq ki, 1994-cü ildə “Azərbaycan” qəzetində mənim adıma “Əsgər oğul” şeiri yazmışdı. Amma mənim onunla şəxsən tanışıb ünsiyyətdə olmağım 2000-ci ilə təsaduf edir. O zaman hospitalda müalicə alırdım. Əli Bayramlı, indiki Şirvan şəhər İcra hakimiyyəti onun 67 illiyini qeyd edirdi. Ümumi dostumuz Elman vardı, Allah ona rəhmət eləsin, mənə dedi ki, M.Araz səni görmək istəyir. Mən təbii, icazəsiz hospitaldan getdim onunla görüşə. O zaman o, mənim əlimi tutdu. İlk dəfə orada yaxndan tanış olduq”.

Ş.Əlizamanlı nitqini qısa kəsərək “Cənab leytinant” və “Azərbaycan” mahnilarını ifa etdi. Onun ifası alqışlarla qarşılandı.

Moskva Millətlər evində  Məmməd Arazın 80 illiyi qeyd edildi
Yubileydə ailəsi ilə birgə iştirak edən şair-tərcüməçi Sergey Karatov bir çox Azərbaycan şairlərinin şeirlərindəki poetik çalarlarına heyran olduğunu bildirdi. Məmməd Arazı təəssüf ki, gec kəşf etdiyini deyən natiq, onun şeirlərini rus dilinə çevirəcəyinə söz verdi.Və M.Arazdan bu gün tərcümə etdiyi ilk şeiri oxudu.

Moskva “Dərviş” teatrının aktyoru Şirzad Əsədin M. Arazın “ Ayaga dur, Azərbaycan”, “Məndən ötdü qardaşıma dəydi” şeirlərini ifa eməsi, Azərbaycanın əməkdar artisti, tarzən Qorxmaz Axundovun şairin “Qizlar bulağı” şeirinə Ramiz Mirişlinin bəslədiyi mahnını tarda səsləndirməsi, Abbas Alıyevin “Duman salamat qal, dağ salamat qal” şeirini saz havası üstündə çalıb- oxuması, Moskva Dövlət Linqivistika İnstitutunun tələbəsi Yana Juravelin “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeirini azərbaycan dilində söyləməsi siralaması ilə yubiley davam edirdi.

Moskva Millətlər evində  Məmməd Arazın 80 illiyi qeyd edildi

Tədbirin aparıcıları təqdimatlar sırasında M.Araz yaradıcılığı haqqında rus dilində məlumat verir, şeirlərini səsləndirirdilər.

“Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin üzvü, gənc şair Yaşar Süleymanlı isə:

…Alovlandı bu Vətənin dərdi ilə,
Çəkdi əzab, çəkdi möhnət, çəkdi çilə,
Müsibətə fəryad edib, gələn dilə,
Bir Millətin AHI idi , MƏMMƏD ARAZ!!!-

-deyə şairin 80 illik yubileyinə həsr etdiyi “Məmməd Araz” adlı yeni şeirini hədiyyə etdi.

Yubiley gecəsindəkilər M.Araz ecazkar sözünün sehrinə düşdü, könüllər vətənpərvər, üsyankar ruhlu misraların qanadlarında Azərbaycana dünyasına pərvazlandı.

Sonda “Bu da belə bir ömürdü, yaşadım”-deyirdi yenə sənədli filmdəki səs və oradan boylanan Məmməd Araz!

Moskva Millətlər evində  Məmməd Arazın 80 illiyi qeyd edildi

Öz ömrümü şum elədi öz əlim,
Yazında gül, payızında xəzəlim.
Gündoğandan günbatana mənzilim…
Bu da belə bir ömürdü, yaşadım.


Moskva Millətlər evində keçirilən yubileydə Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycanlıları Konqresinin, Rusiya Federal Milli muxtariyyətinin (Azərros), Rusiyada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı fondunun, “Azərbaycan” cəmiyyətinin nümayəndələri, ictimai xadmlər iştirak edirdilər.

Gecənin sonunda “Şəhriyar” ƏMC-nin sədri Vasif Məmmədov yubileyin keçirilməsində maddi və mənəvi dəstəyini əsirgəməyən VAK Moskva regional bölməsinin rəhbəri Araz Mirsəliyevə və əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.

Yubiley gecəsinin quruluşçu rejissoru Moskva “Dərviş” teatırının rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və Azərbaycanın əməkdar artisti Mərdan Feyzullayev idi.

Sonda qonaqlara furşet verildi.

Tünzalə Vəliqızı,Moskva
23.11.2013
/Yenises.ru/


Bir cavab yazın