Moskvada “Döyüş gündəliyi-Talış” sənədli filminin təqdimatı oldu – FOTO
Aprelin 11-də Moskvada hərbi blogger Tofik Şahmuradovun 2016-cı ildə baş vermiş Aprel döyüşlərinə həsr olunmuş “Döyüş gündəliyi-Talış” adlı sənədli filminin təqdimatı keçirildi.
Qarabağ savaşında şəhid olmuş əsgərlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan təqdimat mərasimini jurnalist Anar Həsənov açdı.
“Qarabağ müharibəsi tarixində şanlı dönüş nöqtəsi olan Aprel savaşı həm də içimizdə yenidən doğan bir ümid oldu. Hərbi vətənpərvərlik ruhumuzun oyanmasına təkan verən 4 günlük müharibədəki qələbəmizin orada yaralalan və şəhid olan Milli ordumuzun əsgərlərinin qanı-canı bahasına əldə edildiyini hər birimiz unutmamalıyıq”-sözləri ilə onun yaddaşlara və tarixə keçməsi üçün belə filmlərin çəkilməsinin əhəmiyyətindən danışdı. Və toplaşanları əvvəlcə “Döyüş gündəliyi-Talış” filminə baxmağa dəvət etdi.
25 illik Qarabağ savaşının dönüş nöqtəsi olan Aprel döyüşlərində geri alınan ərazilərimizin həvəskar fotoobyektivindən görüntülənən kadrlarını salona yığışan Moskva Azərbaycan icmasının nümayəndələri gözyaşı və sevincqarışıq qürur hissi ilə izlədilər.
Tədbirin aparıcısı Anar Həsənov sonra filmin yaradıcı heyətini- blogger Tofiq Şahmuradovu, hərbi məsləhətçiləri Abuzər Əbilov və Nazim Bayramı səhnəyə dəvət etdi.
Tofiq Şahmuradov əvvəl bu sənədli materialın professional jurnalist və operator imzasından çıxmadığını qeyd edərək, onun bir həvəskar çəkilişi olduğunun nəzərə alınmasını söylədi.
“Əslən Ağdam rayonundanam, orada əcdadlarımın, döyüşlərdə iştirak etmiş və sonradan həyatını dəyişmiş dayımın qəbri qalıb. Niyə mən gedib doğma torpağımı, əcdadlarımın qəbirlərini ziyarət edə bilmirəm?! Bu acı, bu yanğı məni vadar edib bu yola çıxım”.
Sonra o, filmin çəkilməsi prosesində yaranan problemlərdən, orada döyüşən əsgərlərimizin şücaətindən söhbət açdı. Təqdim olunan kadrlarda yaşananlar sadəcə deyə biləcəklərimizin bir anı, bir parçasıdır-dedi.
T.Şahmuradov filmin çəkilməsində ona bu şəraiti yaradan Azərbaycanın müdafiə naziri Zakir Həsənovun əməyini də dəyərləndirərək ona təşəkkür etdi.
“Döyüş gündəliyi-Talış” səndəli filminin Moskvada vərəqlənən hər bir səhifəsi bir çox suallara cavab tapmaq fürsəti də yaratmışdı.
Aprel döyüşləri bizə nə qazandırdı- sualına isə hərbi zabit Nazim Bayram çıxışında cavab vermiş oldu. – “Aprel döyüşləri Ermənistan ordusu məğlubedilməzdir”-mifini darmadağın etdi. ODKB (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzvü olan dövlətlərin Qarabağ münaqişəsində Ermənistanın yanında olmadığını ortaya qoydu, ən başlıcası bu xalqın döyüşən ruhu və əsgərindən başqa gözünüqırpmadan torpaqlarının azadlığı üçün savaşa getmək istəyən böyük könüllülər ordusu olduğunu, Ali Baş komandanın əmrinə müntəzir dayandıqlarını ortaya çıxartdı”.
Nazim Bayram bununla bərabər hərbi uğurumuzu siyasi uğura çevirə bilmədiyimiz acı reallığını da qeyd etməkdən çəkinmədi.
Sənədli film və Aprel döyüşləri ilə bağlı yaradıcı heyətə sual vermək imkanı qazanan Moskva icmasının üzvləri də əvvəlcə bu səmimi və kədərlə yanaşı sevinc hissi doğuran filmi alqışladılar.
Tədbirdə eyni zamanda “Niyə döyüş 4 gün davam etdi”, “ Aprel döyüşlərində nə qədər ərazimiz azad edilib” və günümüzün hamını düşündürən ən təzadlı sualı olan “belə mütəşəkkil ordusu və döyüşkən əsgəri olduğu halda qələbə üçün nə çatmır ”- suallarına cavab istəndi.
Abuzər Əbilov Aprel döyüşlərini əslində Qarabağ müharibəsinin “baş məşqi” kimi dəyərləndirdi. “25 illik sükutdan sonra əsgərlərimiz Ermənistan işğalçılarına bir gecədə keçdikləri yol ilə nəyə qadir olduğumuzu göstərdi və onlar arasında çaxnaşma saldı”.
Rusiyanın hər tərəfindən tədbirə qatılan soydaşlarımız onları düşündürməkdən daha çox əndişələndirən, qayğılandıran suallara cavab tapdıqlarını dedilər.
“Bu tipli görüşlər Vətəndən uzaqda yaşayan soydaşlarımızın arasında hərbi-vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edir. Belə görüşləri tez-tez təşkil etmək gərəkdir”.
Birinci Qarabağ savaşının döyüşçüsü Mircamal Ağarəhimli isə keçmiş Qarabağ döyüşçülərinin veteran adlandırılmasından narazı olduğunu bildirdi. “ Biz döyüş, torpaq deyiləndə təcrübəsi olan və cəngavərə dönən 40 yaşında gənc insanlarıq. Bizə veteran kimi baxmaq deyil, döyüşçü kimi ön sıralara göndərmək və potensialımızdan istifadə etmək lazımdır”.
Tədbirdə çıxış edən xeyriyyəçi Hacı Mirəşrəf Fətiyev, jurnalist Cəfərsadıq Abbasov, şair Həsib Nəbioğlu və digərləri öz növbəsində yaradıcı heyətə minnətdarlıqlarını bildirdilər.
Gecə “Qarabağı azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin “İrəli” əmrini gözləyirik”- notu ilə bitdi.
Tünzalə Vəliqızı
Yenises.ru