NƏDƏNSƏ, SƏN DƏYİŞDİN
Əlinə qələm alıb yazanda bir düşündünmü?
Bir düşündünmü ki, bir gün “sən bu yazdıqlarındakı kimisənmi”- deyə səndən də haq-hesab sorula biləcəyini?
Bir düşündünmü ki, “özündə olmayandan niyə yazırsan”- sualına tuş ola biləcəyini?
Bir düşündünmü ki, “sən yazdın mənim üçün deyirsən, niyə mənim yox, sənin həyatın dəyişdi?”- deyilə biləcəyini?
Bir düşündünmü , bir düşündünmü?
Sən heç qapısına bayraq asılmış şəhidinin kasıb komasında köks ötürdünmü?
Sən heç “onun haqqını tələb edirəm”- deyib mətbut konfransı keçirən, dönüşdə elə o şəhidin qanına əli bulaşmışla şərikli restoranında ehsan verənin bu ikiüzlülüyünü üzünə söylədinmi?
Şeirində, nəğməsində “yurd ağlar, torpaq aglar” kimi qafiyə tutanın yurdunu, torpağını qoruyacaq “sənin oğlun haradadır?” sualını verdinmi?
Bütün bunları düşünəcək, soruşacaq olsan əlinə qələm alıb dünyaya dərs deyirmiş kimi altında təkəbbür gizlətdiyin üzünə sadəlik, məsumluk pərdəsi çəkib yazmazdın.
Bütün bunları düşünsəydin, göyərti satan nənədən tutmuş, qarşına yüyürən dilənçi baba arasında neçə-neçə dərdi olub haqqında yazılmayanların acısından özünə şöhrət donu biçib yalandan “fəryadı-üsyan” etməzdin.
Fauna floramızda belə heyvanın, bitkinin xüsusiyyətinə görə bölünməsi, təsnifatı var. Bərabər hüqüq altında demokratik dünya uğründa savaş edən biz insanların differensasiyası nədir, bilirsən?
Biz partiyalılığı, patriotluğu, cahilliyi, kamilliyi, qorxaqlığı, cəsarəti və.s bu qəbildən olanlarla ya antonimlərdə ayrılır, ya sinonimlərdə birləşirik. Ya da omonimlərdə -adımız eyni olsa da təyinatımızın fərqliliyi ilə fərqlənirik.
Və bizim ayrıcalığımız elə alababat bildiyimiz dilimizin qrammatikası kimidir.
Biz dərdimizə güzgü tutan Sabirin yubileyini hələ tarix olub-olmayacağı qələm tutan əldən asılı olanın əlində olduğunu bilib ona yaltaqlananların keçirmək istədiyi yubileylərdə unuduruq.
Biz Mirzə Fətəlisinin xatirəsini “malı arşınla olanın” xatirəsində ucuzlaşdırırıq.
Söz içində qələbəlik salıb öz içində tənhalıq ömrü yaşamağa məhkum olanların danışdığı dillə danışaq. Susmaq dili ilə.
Sadalamaqla dəyişməyəcəklərimizi, yazdıqlarımızda sadəcə özümüzün dəyişəcəyimiz hədəfimizdən utanıb, heç olmazsa bircə dəfə nümunə üçün susaq!
Tünzalə Vəliqızı, Moskva
03.06.2012