Nasir Atapur:O taydakılar üçün bura həsrətdir, yanğıdır, sevgidir…
Mugam bilicisi olmaq üçün onun elminimi öyrənmək lazımdır, bilmirəm. Amma muğam elə bir musiqidir ki, onda edilən hər hansı kiçik xəta səni özüylə apardığı aləmdən ayırır, sanki göyün yeddinci qatından birdən birə-yerə düşmüş kimi olursan. Musiqi ilə məşğul olmasa da onu musiqiçünaslar qədər bilən Vasif Məmmədovun Nasir Atapurun ifası haqqında dedikləri:
“Nasir bəmdə xirdalqlar edir, səsində isə təbii məlahət çox güclüdür. İfasıyla müəllimi Arif Babayevi xatırladır. Orta zildə oxumaq onda daha yaxşı alınır. Xalq mahılarına improvizasiyalar edir ki, bu da onun xalq mahılarının ifaçısı kimi ayrılığını, musbət mənada başqalığını göstərir. İranda azərbaycanlı Əbülhəsənxan İqbal var idi, muğamın ən gözəl ifaçısı. Nasirdə o taydakı ustadların ifasıyla bizimkinin sintezini duyuram. Oradakı deyiləndə, bu sizi çaşdırmasın, sadəcə orada eyni tonda səs bir ton yüksəlir ki, bu da bizdə qulaqda fərqli səslənir””.
Muğam” deyiləndə insanı özünə məlum olmayan bir hiss bürüyür. Urəyi titrədən, düşünməyə vadar edən, bəndənin “Allahın bəndinə düşdüyü” məqamın qeybdən gələn sədasıdır, muğamat. Və onu ifa edən səs bəndəni onu yaradana yetişdirən vasitəçidir. Muğam haqqında danışmağın özü onu oxuyandan daha çox məsuliyyət tələb edir. Bəlkə muğamdakı ilahi hissi yaradan da onun ruhumuzun tellərini titrətməsidir. Muğam ifaçısının səsində, üzündə və özündə ilahi bir saflıq, mərhəmlik axtarmağımız da bundan irəli gələndir.
Hər biri bir həyat hekayəsi ilə bağlı olan muğamı ifa edənin də bir hekayəsi var. Bəlkə Tanrı muğam səsi verdiklərini-onunla bəndəsini yaxınlaşdıranları özü seçir. Bu bir dinləyici və muğamsevərin o musiqinin yaratdığı hissə qapılaraq dedikləridir. Əslində bizi bizdən alib bu mərhəm duyğuların ağuşunda sirli-sehrli aləmə aparan, ona aludə olanları cazibəsindən buraxmayan muğamın gəldiyi yolda hələ neçə əsrlər də bizi ovsununda saxlayacağı qüdrəti çözmək çətindir!
İfasını dinləyəndə müəlliminin kim olduğunu bilməsən belə, kimi xatırlatması bir ip ucu verir. Səsində, ifasında Arif Babayevin nəfəsi duyulur. Səsindəki həsrət yanğısını mahnılarına yansıdan Rübabə Muradovanın “Qaragilə”sinin oyandırdığı həzinliyi isə elə o taydan gətirib özüylə, Nasir Ətapur. O hansı mahnıya öz möhürünü vuracaq? Nasir Ətapur deyiləndə hansı ifası dillərin ucunda düyümlənəcək?
Mənim üçün “ Ağrıma urəyim, ağrima hələ” təsnifi ilə yadda qalıb. Gec gəldi, cəmi 4 ay lazım oldu tanınmasına. Buna görə Muğam müsabiqəsinə və təşkilatçılarına da minnətdardır.
-Böyük səhnədən “Oxuyur Nasir Ətapur” – təqdimatından əvvəl, bunu xəyal etdiyiniz vaxta qayıdaq. Bir gün o taydan bu taya muğam ifaçılığında özünüzü sınamağa gələcəyiniz də varmıydı bu xəyallarda?
-Mən uşaq çağlarımdan həmişə öz mədəniyyət və musiqimizin həvəskarı olmuşam və böyük ustad xanəndələrin lent yazılarıyla böyümüşəm bu lentlərdən öyrənib və həvəslənmişəm. Bakıya həmişə məbəd kimi baxıb həsrətində olmuşam. Allaha çox minnətdaram ki, arzularımı çin elədi və 2005-ci ildə bu məbədə gəlməyi mənə qismət elədi və bu böyük sənətkarların ifa etdikləri səhnələri mənədə bəxş etdi bu mənim ən böyük arzularımdan idi ki,ulu Tanrının istəyi ilə çin oldu…
[/b]
-Nasir bəy, Tanrım istədi dediniz, amma yəqin ki, bir gün yuxudan oyanıb Bakiya yol almamisiniz. Buna da bir vəsilə olan olub.
-Əslində hər bir işdə vəsilə olan var. Mənim situasiymada isə bu bir təsadüflə bağlıdır. Mənim bir İran Astarasında dostum var, onun da Azərbaycan Astarasından bir dostu vardı. Mən bir gün səhər anamgilə gələndə gördüm bu dostum azərbaycanlı dostuyla anamgildədilər. Soruşdum dedi qardaşı həkimə gətirmişəm.O,bizdə olanda oxumağımı gördü. (Mən orada da el şənliklərində oxuyurdum). Mənə “niyə bu sənətin dalınca düşmürsən”-dedi. İranda sizdə olan kimi musiqi məktəbləri, koservatoriya yoxdur-dedim, Bakıda da qalmağa yerim. O mənə təklif etdi ki, Bakida mənim evim var orada qalarsan, sen get qoy, seni bizimkilər dinləsinlər. Bu minvalla Bakıya gəldim və Arif Babayevi tapdım. O məni dinləyəndən sonra -“sən hazır xanəndəsən ki, konservatoriyaya qəbul vaxtı gəl”-dedi. Bir şeyi də deyim ki, mən İran sərhəddindən Azərbaycan Astarasına keçəndə hansı hissləri yaşadığımı təsəvvür edə bilməzsiniz. Əyilib anamın xatırələrindən dinlədiyim, həsrətini çəkdiyim torpağı öpüb sevincdən ağlamışam. O taydakılar üçün bura həsrətdir, yanğıdır, sevgidir…
– Sizə qədər burada – konservatoriyada Cənubi Azərbaycandan təhsil alan yox idi? Və 2-c i Mugam televiziya müsabiqəsində iştirak etməyiniz necə oldu?
-Məndən öncə konservatoriyada oxuyan bir oğlan, bir də qız var idi, mən 3-cüyəm. Müsabiqə elan ediləndə onlara dedim, siz də iştirak edin. Amma nədənsə çəkindilər. Mən isə artıq püxtələşmiş yaşda idim, ona görə də “niyə də iştirak etməyim”- dedim öz-özümə. Müsabiqədə ilk cıxışımı isə ölənəcən unutmayacağam. Mənim adım elan ediləndə gəlib oturdum və bir anlıq təxminən 15-20 saniyə özümü itirdim. Harada olduğümü unutdum. İlahi, bu necə ola bilər, dedim. Bu salonda oturanların nəinki üzünü görmək, səsini eşitmək bir yana, lent yazılarını tapmaq üçün İranda qapı-qapı gəzmişəm mən. İndi bu korifeylər, ustadların hamısı bir yerdə yığışıb məni dinləyəcəklər. Yəni mənim üçün bundan böyük xöşbəxtlik ola bilməzdi. O həyəcanla oxumağa necə başladığımı bir Allah bilir.
-Muğam ilahi bir musiqidir. Onun “Rast”ında ilk insan Adəm babamızın cənnət naləsi, “Şur”unda sevgi, “Segah”ında üç məqamlı həzinlik, şirinlik, “Şüştər”ində kövrəklik, “Çahargah”ında dörd məqamı özündə ehtiva edən qüdrət var. “Bayatı-Şiraz”ı dərin təsirliliyi və axıcılığı ilə “ musiqinin gəlini”nə, “Humayun”u isə “cənnət quşu” nəğməsinə bənzədilir. Muğamı bilməsək də bir ayaqdan o biri ayağa keçilən həssas məqamlarda yol verilən bir yanlışlıq qulaqlara çatır və daldığın o aləmdən qopapır, sanki. Belə anlar olubmu və iki dəqiqə əvvəl sizi alqışlayan tamaşaçılar o məqamda nə dərəcədə amansız olurlar?
-Muğam ifaçılığına məncə səs lazımdır, ancaq kifayət deyil, baxmayaraq ki, ən önəmli amil səsdir ancaq səsdən başqa neçə amil də lazımdır. Onlardan ritm, yəni ölçü ki , özlüyündə vergi kimi dəyərləndirilir, güclü musiqi duyumu, güclü eşitmə qabiliyyəti(slux), klassik şerləri bilmək və onun musiqisilə muğamın musiqisini uyğunlaşdırmaq və ən əsası güclü yaddaş (hafizə) olmalıdır. Musuqi alətlərindən fərqli olaraq xanəndə muğamdan- muğama keçid üçün güclü hafizəyə malik olmalıdır yəni bilməlidir hansı muğamı ifa edir və hara keçmək istəyir ki, eliyə bilsin, qayıdıb başladığı yerdə bitirsin. Buna da sənətkarlar arasında ustadlıq deyilir(mürəkkəbxanlıq) təbii ki,hər hansı xanəndə bunu bacara bilməsə tamaşaçı və dinləyici tərəfindən əks reaksiya görür. Şükür olsun mən bu halla indiyə kimi rastlaşmamışam…
-Ta qədimdən bu günə muğam özu hekayətlər dastanı olduğu kimi, onun ifaçıları ilə də bağlı müxtəlif rəvayətlər var. Sizin belə rəvayət olunacaq bir xatirəniz varmı? Özünüzlə bağlı olan və ya olmayan.
-Rəvayətlər çoxdur böyük ustad və ifaçılardan məsələn eşitdiyimə görə böyük xanəndəmiz Cabbar Qaryağdıoğlu,Şəkili Ələsgər Allahın rəhmətinə gedəndə çox möhkəm ağlayır ətrafda olanlar bu böyük xanəndəni sakitləşdirməyə çalışırlar ancaq o,deyir siz sanmayın mən Ələsgərə ağlayıram,mən “Rahab” muğamına ağlayıram ki,onunla qəbir evinə getdi. Bəlkə mənim də irəlidə belə bir hekayəm olacaq. Amma bir dəfə Baki kəndlərinin birində toyda idim. Ağsaqqal bir kişi qarşımda durub diqqətlə mənə baxırdı. Təxminən 20 dəqiqə bu məni ayaq ustə dinlədi. Mugam bitəndən sonra gözləri dolmuş halda mənə yaxınlaşdı,” yəqin bu kişi niyə belə diqqətlə mənə baxir?”-deyə düşündünüz.O dedi: oğlum, sən məni Arif Babayevin gəncliyinə qaytardın. Özun, səsin eynən onu xatırlatdı mənə”. Təbii ki, mən bir az da olmuş olsa o ustada bənzəyirəmsə, bu mənim üçün böyük xoşbəxtlikdir.
-O taydakı muğam ifası ilə bu taydakı ifa arasında fərq var. Siz ifanızda ondan da bundan da istifadə etdiyiniz məqam olubmu, ya buna bir istək duyubsunuzmu?
-O tay dediyinizdə əgər Azərbaycan şəhərlərini nəzərdə tutursuzsa demək olar ki, son 100 ildə musiqini onlar, Şimalı Azərbaycandan dinləyib eşidiblər. Ancaq əgər fars musiqisini nəzərdə tutursuzsa, demək olar kök eynidir, ancaq fars musiqisində olan yarım pərdələr (vaxtıyla Azərbaycanda da bu pərdələr istifadə olunurmuş) Azərbaycan musiqisindən göstərilən təziqlərə görə Üzeyir Hacıbəyli tərəfindən 6-sı açılıb, yəni İran tarında 28 pərdə, Azərbaycan tarında isə 22 pərdə mövcuddur ki,buda ortada olan fərqə gətirib çıxarır. Ancaq bəzi muğamlar məsələn Humayun, Bayatı qacar, Zəminxara, Dəşti, Şuştər, tərkib və s. muğamlarda o pərdələr çox tələb olunur və mən də çalışıram onları ifa edəm.
-Təbriz və Baki. Hansı oxşar və fərqli hisslər yaşadır bu səhnələr sizə?
-Hər ikisi mənim üçün doğmadır. Ancaq Təbriz və təbrizlilərin həsrət yanğısı və musiqidən azacıq kənar qalmaları məni kövrəldir. Mən onların nümayəndəsi olduğum üçün, təbiidir ki,mənim üçünTəbrizdə qurulan səhnələr daha təsirli, daha maraqlı olur. Mən buna sevinirəm ki,onlar mənimlə özlərini şimala daha yaxın hiss edirlər. Yəni mənim burda bir xanəndə kimi parlayıb ərsəyə gəlməyim mənəvi körpüləri gücləndirib.
-Səsinizin ananızdan gəldiyini demisiniz müsahibələrinizin birində. Mən o müsahibədən xəbərsiz siz oxuyanda “bunun bir tərəfi ağdamlıdır”- deyə düşünmüşdüm. Siz də səsinizin dögrudanmı bu, torpağın, suyun ana sudu ilə sizə keçirdiyi nemət olduğu fikrindəsiniz?
-Bəli, həqiqətəndə belədir, yəni Qarabağ səslər beşiyi və bizim musiqimizin ocağı və konservatoriyasıdır. Mənim anamın da ordan olması bu səsi mənə pay vermişdir. Anamın özünün də çox gözəl səsi olub. Bizim uşaq yaşlarımızda o xüsusi şənliklərdə oxuyardı və mən bunun şahidi olmuşam. Səs gendən keçən bir nemətdir.
-Muğam ifaçılarına baxanda tam ayrı dünyanın adamlarını görürəm. Məni hər zaman bir sual düşündürüb. Bu insanlarda müsbət keyfiyyətlərin olması muğamlamı bağlıdır? Ifaçılığa başladıqdan sonra təbii, muğamın rəndələmədikləri də olmamış deyil.
-Muğamı ilahinin bəşərə göndərdiyi nəva kimi qəbul edirlər və bu həqiqətən də belədir. Necə ki, “Qurani Kərim”ə heç kim bir cümlə artırıb və ya xud azalda bilmir, muğamıda heç kim nə artıra bilir nə azalda bilir. Bu subut edir ki, həqiqətən də ilahinin bizə bəxş etdiyi bir nemətdir. O üzdən bu səslərin içində olan insanlara da onun mənəviyyət və saflığı təsir göstərir və belə insanları nümunəvi olaraq qoruyub saxlayır və onlarda müsbət və insanı keyfiyyətlər formalaşdırır. Amma muğam oxuyub, onun rəndələyə bilmədiklərini də gördüm, nə yaziq ki. Ey kaş belələrini tanımasaydım və səsinə, ifasına və onlara olan sevgimə təəssüf qatmasaydı…
-Yanmadan yandırmaq olmaz! Sizin ruhunuza yaxın olan muğam hansıdır?
-Muğamların hamısnın ayrılıqda öz gözəllikləri var. Siz yuxarıda qeyd etdiyiniz kimi hərəsi bir məqama və insanı hisslərin bir anına dəlalət edir. Lakin mən “Humayun” muğamını özümə daha yaxın bilirəm. Onun dünyasında olan səslərə özümü sanki möhtac görürəm.
-İfaçı olmaqla yanaşı həm də dinləyicisiniz. Ötən ilki müsabiqədə iştirakçıları alqışlayırdınız. Onların arasıda ifasını ən çox bəyəndiyiniz biri və ya biriləri kimlərdir?
-Bu müsabiqə də bizim müsabiqə kimi çox geniş xalq sevgisi qazandı orda olan uşaqlar çox istedadlı və bacarıqlı idilər Səbinə, Mirələm, Nigar Şabanova, Kamilə öz ifalarıyla mənə çox xoş təsir bağışladılar.
-Siz də səfərlərdə olursunuz. Qürbət bəzən özünün soyuq, sərt üzü ilə insanların içində olan Vətən sevgisini, həsrətini, nisgilini güclu bir təkanla vurub çixaran yerdir. Azərbaycanda “kəndçu-kundçu” musiqisi kimi anlaşılan və gənclərin bir çoxunun dinləmədiyi xalq musiqimizə burada aclıq var. Onların sevgisi də sıradan bir sevgi deyil. Repertuar seçəndə Vətəndən kənarda yaşayanların ruhunun sarı simini tərpədəcək fərqli bir şeylər seçməyi nəzərə alırsınızmı? Çünki nə qədər doğma torpaqda olsanız da, Azərbaycan bir növ yenə də qürbət sayılır Sizin üçün, məncə?
-Məncə,hər ifaçı seçdiyi repertuarla tanınır yəni yadda qalır təbii ki,hər xanəndə öz səsinə düşən mahnı və muğamı ifa etməlidir.Mən həmişə çalışıram keçmişdə olan və indi az-az ifa olunan mahnılarımızı ifa edəm yəni yaşlı və orta yaşlı nəslin yaşayıb, xatirələri olan mahnıları ki, cavanlarada xatirə yaratsın.Təbii ki,mahnıların gözəl ifa olunması və güclü təsiri qurbətdə olanlarada çox təsir göstərir. Və mən də bunu nəzərə alıram.
-Yeni bir musiqi albomunuz işiq üzü görüb. Orada hansı mahnılar toplanıb?
-Yeri dam üstə, Heydərbaba,Canıma qəsd eliyən, Deyin hardadır, Dəşti təsnifi, Aldandın şöhrətə, Sənin eşqin edibdi, Ölürəm ay ceyran bala,Telli.
-Insanlar muxtəlif məclislədrə yazılan lent yazılarına daha çox maraqlıdırlar. Fikrimcə, bu, aranjiman olunandan daha çox, texnikanın redaktəsindən keçməyərək orijinal səs dinləmək istəyindən gələndir. Buna münasibətiniz?
Hər şeyin orjinalı daha maraqlı və gözəldir ifa da orjinal olan da dinləyici də daha gözəl təsürat yardır. Məndə bir neçə ifanı el şənliklərindən yazmışam.
-Yeni səs olaraq rubrikamızın ilk qonağısınız. Yəni “Yeni Səs” də muğam ifaçısı olaraq yeni səssiniz. Saytımızın oxucularına istəkləriniz?
-“Yeni səs”ə uzun ömür bəhrəli həyat arzu edirəm. Ümumiyyətlə biz azərbaycanlıların borcudur ki, milli-mənəvi dəyərlərimizi harada yaşadığımızdan asılı olmayaraq təbliğ edib dünya auditoriyasına çıxardaq. Ümid edirəm ki, sizin bu dəyərli addımınız bu cəhətdə bizlərə və bütün xalqımıza faydalı və bəhrəli olacaq. Sizə öz dərin minnətdarlığımı bildirirəm ki, birinci qonaq məni seçmisiniz. Bütün oxuculara can sağlığı və dərin Azərbaycan sevgisi diləyirəm.
TÜNZALƏ VƏLİQIZI“