Səidə Rəhimli- Gözəl Vətən


Səidə Rəhim qızı  Rəhimli 1972-ci ildə Bakı şəhərinin Biləcəri qəsəbəsində anadan olmuşdur.1989-cu ildə orta məktəbi bitirmiş və Yerli Sənaye Texnoliji Texnikumunun qiyabi şöbəsinə daxil olmuşdur. Bakıda yaşadığı zamanlarda, yəni uşaqlıq çağlarında “Pioner”, “Dəmiryolçu” qəzetlərində şeirləri ardıcıl olaraq dərc olunub. Radioda gedən “Körpü” və “Sözlü, nəğməli sətirlər” verilişinin qonağı olub. Moskvada yaşadığı illərdə  “Ulduz”, “Azad qələm” jurnalında, “Azərros”, “Körpü” qəzetlərində şeirləri dərc olunub. Moskva şəhərində MAMİ Dövlət Universitetini  bitirib.

“Həsrətdən vüsala” şeirlər kitabının müəllifidir. Müxtəlif mövzularda şeirlər və bayatılar yazır. Moskva şəhərində yaşayır. 2 oğul anasıdır.

GÖZƏL VƏTƏN

 Əziz vətən, nə istidir qucağın,
Nə doğmadır hər yerin, hər bucağın,
Neft daşları sənin yanar ocağın,
Gözəl Bakım sənin göz bəbəyindi.
Hər arşının, hər qarışın mənimdi.

Gözəlliyin heyran edir hər kəsi,
Qız qalası dəyanətin qülləsi,
Xəzərimdi gözəllik mücəmməsi,
Xan Arazım, o tay, bu tay tənimdi,
Hər arşının, hər qarışın mənimdi.

Qədim Gəncəm, Göy göl dağlar gözəli,
Bu yerlərdə yaşamışıq əzəli,
Rəssamların rəsmi, şair qəzəli,
Kəpəzdə dumanım, düzdə çənimdi,
Hər arşının, hər qarışın mənimdi.

Gözəl Şuşam, görməmişəm səni mən
Oxumuşam, eşitmişəm dillərdən,
Bilərdimi heç qədrini hər yetən?
Nər oğullar düşmənlərə qənimdi,
Hər arşının, hər qarışın mənimdi.

Odlar yurdum- Azərbaycan var ol sən!
Məğrur yaşa, hər diyara car ol sən!
Öz xalqıma, öz elimə yar ol sən!
Mənim eşqim, mənim canım sənindi.
Hər arşının, hər qarışın mənimdi.

SEVGI ŞERLƏRI YAZMAYACAĞAM


 Eşqin ürəyimi yaxsa da gülüm,
Həsrətin qəlbimə dağsa da gülüm,
Məhəbbət güvənim çoxsa da gülüm,
Eşqin yollarında azmayacağam
Sevgi şeirləri yazmayacağam.

Həsrətin qəlbimə əzab versə də,
Dərdin sevincimə sinə gərsə də,
Gözlərim hər zaman səni görsə də,
Çevrilib üzünə baxmayacağam,
Sevgi şeirləri yazmayacağam.

Yolumu tutsa da qara buludlar,
Olsa da qarşıda dolaşıq yollar,
Səni unutmağa hələ güman var,
Dediyim bu andı pozmayacağam
 Sevgi şeirləri yazmayacağam.

UMDUM BAXIŞLARINI

O keçmişi bir daha anmaq istəmədim mən,
Ürək yoran sevginlə yanmaq istəmədim mən,
Soyuq baxışlarından donmaq istəmədim mən,
Bəs niyə gözüm yenə umdu baxışlarını?

Müvəqqəti unutdum sevgi dolu sözləri,
Bir xəyala çevirdim səndən qalan izləri,
Ürəyimdən çıxardım şən baxışlı gözləri,
Bəs niyə gözüm yenə umdu baxışlarını?

Əbəs sandım hər zaman çəkdiyim bu həsrəti,
Mənə əziyyət verən uğursuz məhəbbəti,
Unutmağa and içdim qəlbimdəki xiffəti,
Bəs niyə gözüm yenə umdu baxışlarını?

Səni görəndə mənim ağlım çıxdı başımdan,
Uzaqdan yenə səni tanıdım baxışımdan,
Elə bil tanımadın, gəlib keçdin qarşımdan,
Bəs niyə gözüm yenə umdu baxışlarını?

NAĞIL SÖYLƏ

Cülüm mənə bir nağıl de…
Esq nağılı…
Bu nağılın Şirini mən, Fərhadı sən.
Sevdiyini şirin-şirin söylə mənə,
Pıçıltılar damcılasın ürəyimə.
Gülüm mənə bir nağıl de…
Şirin qədər acı olsun həsrətimiz,
Bu həsrətin naləsi mən, fəryadı sən.
Gülüm mənə bir nağıl de…
Olsun elə “yalan-palan” nağılı tək olmazyana,
Döndər mənim həyatımı bir nağıla,
Nağıl olsun çəkdiklərim bu dünyada.
Nağıl olsun sənsiz ötən hər saatım
Gözlərimi yumub-açım, uşaq olum.
Sənsə mənim qonağım ol.
Gəl savaşaq nağıl üstə!
Biz o vaxtlar savaşan tək.
Yox , susaram, təki sən ol.
“Yalan-Palan” nağılını qoy oxuyan!
 Hər nə desən razı ollam,
 İnan mənə…
Qaytar məni o günümə,
Təki mənim sənsiz keçən
Bu həyatım yalan olsun!
Yalan olsun sənin məni sevmədiyin.
Gülüm, mənə bir nağıl de!
Nağıl qədər böyük olsun məhəbbətin,
Ağatlı bir cəngavər ol, qurtar məni,
Qurtar məni, ürəyimin daşa dönən qalasından!
Qurtar məni, bu ilanlar yuvasından,
Qurtar məni, qaçır məni.
Nağıl kimi gözəl olan səmalara uçur məni.
Gülüm mənə bir nağıl de
Xəyanətsiz,
Yalansız
Sonsuz bir sevgi ver nağıl kimi
İstəmirəm bu dünyanın sevgisini!
İstəmirəm bu dünyanın sevgisini!

BAYATILAR

Mən aşiq oda sarı,
Qəlbimi oda sarı,
Gözümdə yar həsrəti
Gedirəm oda sarı.

***

Əzizim dərdi mənə,
Gözlərin dərdi mənə,
Yar sevincin aparıb
Saxlayıb dərdi mənə.

***

Eləmi dayan fələk,
İşlərin bəyan fələk
Mərdin evini yıxdın
 Namərdə həyan fələk.

***

 Mən aşiq Bərdə sarı,
 Yol gedir Bərdə sarı,
Fələk könlüm evinə
 Çəkibdi dərd hasarı.

yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir